Məhkəmə qərarları › İş №3(063)-374/2024

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-374/2024

28.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-374/2024 28.10.2024 UCAR RAYON MƏHKƏMƏSİ Mən, Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən Vəkil, Protokol tərtib etmiş vəzifəli şəxs, Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx xxxx 1991-ci il tarixdə Göyçay şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Ucar şəhəri, X3 küçəsi, ev 89 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Məhəmməd Hadi 66B, mənzil 29 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Ucar rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru X2 icra sənədi üzrə borclu Şəxs İXMnin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Ucar Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan, həmin protokola ******* saylı əlavədən və iş materiallarından görünür ki, Şəxs dəfələrlə rəsmi və şifahi xəbərdarlıq olunmasına baxmayaraq, Ucar Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli, e-2(063)-963/2023 saylı icra sənədinə əsasən ödənilməmiş məbləğ üzrə 770,49 manat, dəbbə pulu üzrə 76,51 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 877 manat məbləğində pulu "xxxx" MMC-yə, həmin məhkəmənin 23 aprel 2024-cü il tarixli, e-2(063)-463/2024 saylı icra sənədinə əsasən əsas borca görə 812,84 manat, faiz borcuna görə 116,85 manat, dəbbə puluna görə 16,13 manat olmaqla, cəmi 945, 82 manat məbləğində borcu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunu "xxxx" KB ASC-yə, bu məhkəmənin 11 iyun 2024-cü il tarixli, e- 2(063)-459/2024 saylı icra sənədinə əsasən əsas borca görə 5466,85 manat pulun və ödənilmiş 75 manat məbləğində dövlət rüsumunu Zərərçəkmiş şəxs2 MMC-yə, yenə bu məhkəmənin 23 avqust 2024-cü il tarixli, e-2(063)-904/2024 saylı icra sənədinə əsas borca görə 3679,88 manat, faiz borcuna görə 390,03 manat və ödənilmiş dövlət rüsumuna görə 60,70 manat pul olmaqla, cəmi 4130,61 manat məbləğində borcunu Zərərçəkmiş şəxs3 ASCyə ödəməkdən yayınır. Ucar Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli, e-2(063)- 963/2023 saylı icra sənədi 06 dekabr 2023-cü il tarixdə, 23 aprel 2024-cü il tarixli, e-2(063)- 463/2024 saylı icra sənədi 03 iyun 2024-cü il tarixdə, 11 iyun 2024-cü il tarixli, e-2(063)- 459/2024 saylı icra sənədi 13 avqust 2024-cü il tarixdə, və 23 avqust 2024-cü il tarixli, e- 2(063)-904/2024 saylı icra sənədi isə 26 sentyabr 2024-cü il tarixdə Ucar rayon İcra və Probasiya şöbəsinə daxil olmuş, tələbin könüllü icrası üçün borcluya könüllü müddət təyin edilmiş, bu barədə müvafiq bildirişə də imza etmiş, lakin sonuncu üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş, icra məmurunun məhkəmə qərarlarının icrası ilə əlaqədar qanuni tələblərini yerinə yetirməmişdir. Bundan başqa, qeyd edilən icra sənədləri 26 sentyabr 2024-cü il tarixli qərarla bir icraatda birləşdirilmişdir. Borclu dəfələrlə tərəflərindən şöbəyə rəsmi qaydada çağırılsa da, müvafiq xəbərdarlıqlar edilsə də, sonuncu çağırışlara məhəl qoymamış, nəticədə barəsində zəruri icra hərəkətləri olaraq axtarış qərarı qəbul edilmişdir. Eyni zamanda, borclu yalnız 19 oktyabr 2023-cü il tarixli, e-2(063)- 963/2023 saylı icra sənədi üzrə 02 oktyabr 2024-cü il tarixdə tələbkar "xxxx" MMC-nin xeyrinə bir dəfə 177 manat ödəniş etmişdir. Bundan başqa, sözügedən icra sənədləri üzrə 28 oktyabr 2024-cü il tarixədək heç bir ödəniş etməmişdir. Hazırkı vaxta borclunun 11348,28 manat ödənilməmiş borcu qalmışdır. Odur ki, bu barədə Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən 28 oktyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Ucar rayon icra və probasiya icra məmuru X2 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, borclu Şəxs qeyd edilən icra sənədlərinin icrasını təmin etmir, icra məmurunun qanuni tələblərini yerinə yetirmir və bununla da icra sənədlərinin icrasından yayınır. Ucar Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli, e-2(063)-963/2023 saylı, 23 aprel 2024-cü il tarixli, e-2(063)-463/2024 saylı, 11 iyun 2024-cü il tarixli, e-2(063)-459/2024 saylı və 23 avqust 2024-cü il tarixli, e-2(063)- 904/2024 saylı icra sənədlərini hazırkı vaxtadək icra etməmişdir. Sözügedən icra sənədləri üzrə borclunun hazırkı vaxta olan borcu 11348,28 manat təşkil edir. Odur ki, icra sənədi üzrə üzərinə düşən öhdəlik borclu tərəfindən lazımınca icra olunmadığına görə sonuncu barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib etməklə, müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, əvvəllər "xxxx" MMC-də operator (yazan avadanlıq/səsin mikşirlənməsi) kimi işləsə də, bir ildən artıq müddətdir ki, həmin işdən öz ərizəsi əsasında azad edilmişdir. Hazırda Bakı şəhərində telefon mağazasında telefon təmiri ustası kimi fəaliyyət göstərir. Mövcud icra sənədlərindən lazımı qaydada məlumatı vardır. Lakin qeyd edilən məbləğləri ödəməyə maddi imkanı olmadığı, eləcə də səhhəti ilə bağlı (bu halı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir) sözügedən borcları icra edə bilməmişdir. Sözügedən icra sənədləri ilə bağlı onu da qeyd etdi ki, məsuliyyətini dərk edir, ödənişləri etməyin onun vəzifəsi olduğunu anlayır. Odur ki, əməlindən səmimi peşmanlıq çəkməsinin nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili fərdi qaydada fəaliyyət göstərən Vəkil bildirdi ki, Şəxs özünü təqsirli hesab etsə də, onun sözügedən icra sənədlərini icra etməməsi ilə bağlı qərəzi öz təsdiqini tapmamışdır. Odur ki, sonuncu barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxslər "xxxx" MMC, "xxxx" KB ASC, Zərərçəkmiş şəxs2 MMC və Zərərçəkmiş şəxs3 ASC inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin, səlahiyyətli nümayəndələri məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişlər. İXM-nin 112.1.4-cü maddəsinə əsasən zərərçəkmiş şəxslərin səalhiyyətli nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab edirəm. İşdə olan Ucar Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli, e-2(063)-963/2023 saylı icra sənədinin təsdiq edilmiş surətindən görünür ki, cavabdeh Şəxs ödənilməmiş məbləğ üzrə 770,49 manat, dəbbə pulu üzrə 76,51 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 877 manat məbləğində pulun tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan Ucar Rayon Məhkəməsinin 23 aprel 2024-cü il tarixli, e-2(063)-463/2024 saylı icra sənədinin təsdiq edilmiş surətindən görünür ki, cavabdeh Şəxs əsas borca görə 812,84 manat, faiz borcuna görə 116,85 manat, dəbbə puluna görə 16,13 manat olmaqla, cəmi 945,82 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan Ucar Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, e-2(063)-459/2024 saylı icra sənədinin təsdiq edilmiş surətindən görünür ki, cavabdeh Şəxs əsas borca görə 5466,85 manat pulun və ödənilmiş 75 manat məbləğində dövlət rüsumunun tutularaq Zərərçəkmiş şəxs2 MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan Ucar Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, e-2(063)-904/2024 saylı icra sənədinin təsdiq edilmiş surətindən görünür ki, cavabdeh Şəxs əsas borca görə 3679,88 manat, faiz borcuna görə 390,03 manat və ödənilmiş dövlət rüsumuna görə 60,70 manat pul olmaqla, cəmi 4130,61 manat məbləğində borcun tutularaq Zərərçəkmiş şəxs3 ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan sənədlərin surətlərindən görünür ki, qeyd edilən icra sənədləri icra olunması üçün Ucar rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədləri üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş və bu barədə borclu Şəxs tələblərin könüllü icrası haqqında bildirişlər ünvanlanmış, çağırışlar göndərilmiş, icra hərəkətlərinin icrasından yayındığına və faktiki olaraq şöbənin çağırışlarına məhəl qoymadığına görə müvafiq axtarış qərarı qəbul olunmuşdur. Qeyd edilən icra sənədlərinin icrasının təmini məqsədilə müvafiq sorğular da verilmiş, lakin sonuncunun adına hər-hansı bank hesabı və ya əmlak aşkar edilməmişdir. Həmçinin, qeyd edilən icra sənədləri 26 sentyabr 2024-cü il tarixli qərarla bir icraatda birləşdirilmişdir. İşdə olan Zərərçəkmiş şəxs3 ASC, Zərərçəkmiş şəxs2 MMC və "xxxx" KB ASC tərəfindən məhkəməyə ünvanlanmış müraciətlərdən görünür ki, qeyd edilən icra sənədləri üzrə uzun müddət keçməsinə baxmayaraq borc ödənilməmiş qalmış və bu səbəbdən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən şikayətçi olmaqla barəsində ciddi inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş edirlər. İşdə olan 02 oktyabr 2024-cü il tarixli qəbzdən görünür ki, Şəxs "xxxx" MMC-nin xeyrinə həmin tarixdə 177 manat ödəniş etmişdir. İşdə olan Ucar RPŞ-nin 28 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, Şəxs 28 oktyabr 2024-cü il tarixdə Ucar rayon İcra və Probasiya şöbəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və sonuncunun vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Ona görə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati məsuliyyətə səbəb olan əməldir. Qeyd edilən maddənin dispozisiyası inzibati xəta hadisəsinin əmələ gəlməsini məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsini nəzərdə tutur. Maddənin məzmunundan da göründüyü kimi, qanunvericilik sözügedən inzibati xətanın əmələ gəlmə əsaslarından biri kimi edilməsi istinad olunan əməlin üzrsüz səbəbdən icra edilməməsini şərtləndirmişdir ki, bu hal isə öz növbəsində inzibati təqsirin qəsd növünü formalaşdırır. Məhkəmə həmçinin, onu da qeyd edir ki, nəzərə alınsa ki, inzibati tənbehin məqsədlərindən biri də gələcəkdə inzibati xəta hadisəsinin törədilməsinin qarşısının alınmasıdır, belə olan halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs uzun müddət ərzində sözügedən icra sənədlərini icra etməməsi və icra edilməmə ilə bağlı hər hansı sübutları təqdim etməməsi sonuncunun hərəkətində qərəzin formalaşmasına dəlalət edən hal kimi qiymətləndirilir. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2018-ci il qərarı”nda qeyd olunmuşdur ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən səmimi peşman olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən icra sənədləri üzrə borcun miqdarının kifayət qədər olmasını, uzun müddət ərzində ümumiyyətlə ödənişlərin olmamasını, yalnız 19 oktyabr 2023-cü il tarixli, e-2(063)-963/2023 saylı icra sənədi üzrə 02 oktyabr 2024-cü il tarixdə tələbkar "xxxx" MMC-nin xeyrinə bir dəfə 177 manat ödəniş etməsini, icra sənədlərinin mövcudluğundan məlumatı olsa da, icra hərəkətləri ilə bağlı laqeydlik nümayiş etdirməsini, barəsində axtarış işi açılmaqla məcburi gətirmə tətbiq edilməklə, müəyyən müddətdə icradan qaçaraq, yayınmasını, təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halın olmamasını, əməlindən peşman olması kimi məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq, onun İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110-115ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 12 (on iki) gün müddətində həbs təyin olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs etmənin əvvəli 28 oktyabr 2024-cü il tarixdən saat 17:30-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Ucar Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim : Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar