Məhkəmə qərarları › İş №3(063)-375/2024

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-375/2024

31.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-375/2024 31.10.2024 UCAR RAYON MƏHKƏMƏSİ Mən, Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə, Protokol tərtib etmiş vəzifəli şəxs, Ucar rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X2 iştirakları ilə xx xxxx 1966-cı il tarixdə Ucar rayonu, Lək kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ucar rayonu, Lək kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Ucar rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Ucar rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X3 icra sənədi üzrə borclu Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Ucar Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan, həmin protokola ******* saylı əlavədən və iş materiallarından görünür ki, Şəxs dəfələrlə rəsmi və şifahi xəbərdarlıq olunmasına baxmayaraq, Ucar Rayon Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli, 2(063)-675/2019 saylı icra vərəqəsinə əsasən 3929,66 manat borcunu Zərərçəkmiş şəxs MMC-yə ödəməkdən yayınır və məhkəmə qətnaməsini icra etmir. Bu barədə Ucar rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X3 tərəfindən 28 oktyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Ucar rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X3 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Ucar Rayon Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli, 2(063)-675/2019 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 4421,66 manat məbləğində pul tutularaq tələbkar Zərərçəkmiş şəxs MMC-nin xeyrinə ödənilməlidir. Sözügedən icra sənədi 22 yanvar 2020-ci il tarixdə rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra müvafiq qərarla icraata başlanılmış, tələbin könüllü icrası üçün borcluya könüllü müddət təyin edilmiş, bu barədə müvafiq bildiriş təqdim olunmuş, lakin sonuncu üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədini icra etməmiş, icra məmurunun məhkəmə qərarlarının icrası ilə əlaqədar qanuni tələblərini yerinə yetirməyərək icra məmurunun çağırışlarından yayınmışdır. Borcluya maxsus tələbin yönəldilməsi mümkün olan əmlak və gəlirləri müəyyən etmək üçün Azəbaycan Respublikası Ədliyyə Nazirliyinin "Elektron İcra İnfomasiya Sisteminin" inteqrasiya edilmiş məlumat bazasına (EMF) sorğular edilsə də, borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlaklar və gəlirlər aşkar edilməmişdir. Borclu icra məmurunun çağırışlarından yayındığı üçün barəsində 16 aprel 2021-ci il tarixdə borclunun axtarışı haqında qərar qəbul edilərək aidiyyəti üzrə Ucar RPŞ-yə göndərilmiş və RPŞ-də borclu barəsində axtarış işi açılaraq sonuncu barəsində axtarış elan olunmuşdur. Qeyd edilən axtarış işinin nəticəsində borclu saxlanılaraq 25 noyabr 2021-ci il tarixdə rayon icra və probasiya şöbəsinə təqdim edilmişdir. Borclu Şəxs edilən çoxsaylı xəbərdarlıqlardan sonra sonuncu Zərərçəkmiş şəxs MMC-yə olan 4421,66 manat borcundan protokol tərtib edilən vaxtadək 492 manat, hazırkı vaxtadək isə, yəni 30 oktyabr 2024-cü il tarixdə 1527 manat ödəniş etmişdir. Hazırkı vaxta sözügedən icra sənədi üzrə Şəxs 2402,66 manat ödənilməmiş borcu qalmışdır. Odur ki, icra sənədi üzrə üzərinə düşən öhdəlik borclu tərəfindən lazımınca icra olunmadığına görə sonuncu barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib etməklə, müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs borcundan ödəniş etmiş və hazırda sonuncu ilə razılıq əldə etmişlər. Hazırda sonuncuya qarşı hər hansı şikayət və tələbi yoxdur. Odur ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi (bununla bağlı yazılı müraciət də təqdim etmişdir). Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, zərərçəkmiş Zərərçəkmiş şəxs MMC-yə olan borcundan ödəniş etməklə aralarında razılıq əldə edilmiş və bu səbəbdən də barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi (bununla bağlı yazılı ərizə də təqdim etmişdir). Bundan əlavə, Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi 2024-cü il tarixdə məhkəməyə müraciət ünvanlayaraq, borclu Şəxs MMC-yə olan borcundan 492 və 1527 manat, cəmi 2019 manat ödədiyini və bu səbəbdən də, borclu Şəxs qarşı heç bir şikayət və tələblərinin olmamasının və bu halın nəzərə alınaraq sonuncu barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşdə olan Ucar Rayon Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli, 2(063)-675/2019 saylı icra vərəqəsinin surətindən görünür ki, X1 4421,66 manat pulun tutularaq Zərərçəkmiş şəxs MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Beləliklə, məhkəmə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olan əməldir. Qeyd edilən maddənin dispozisiyası inzibati xəta hadisəsinin əmələ gəlməsini məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsini nəzərdə tutur. Maddənin məzmunundan da göründüyü kimi, qanunvericilik sözügedən inzibati xətanın əmələ gəlmə əsaslarından biri kimi edilməsi istinad olunan əməlin üzrsüz səbəbdən icra edilməməsini şərtləndirmişdir ki, bu hal isə öz növbəsində inzibati təqsirin qəsd növünü formalaşdırır. Məhkəmə hazırkı halda borclunun sözügedən icra sənədi üzrə müəyyən məbləğdə ödənişlər etməsini, eyni zamanda, tələbkara olan borcunu qısa müddət ərzində ödəyəcəyini öhdəsinə götürməsini sonuncunun əməlində qəsdin (qərəzin) xarakterinin formalaşmaması kimi qiymət verir. Məhkəmə həmçinin, onu da qeyd edir ki, nəzərə alınsa ki, inzibati tənbehin məqsədlərindən biri də gələcəkdə inzibati xəta hadisəsinin törədilməsinin qarşısının alınmasıdır, belə olan halda borclunun bu hərəkəti mövcud olması ehtimal edilən inzibati xətanın aradan qaldırılması istiqamətində real əməl kimi qiymətləndirilir ki, bu da yaranmış borcun ödənilməsinə zəmin yaradan və təkan verən hərəkətdir. Beləliklə, yuxarıda göstərilənlər hazırkı vəziyyət icra sənədinin Şəxs tərəfindən həqiqətən də qəsdən və qərəzli icra edilməməsinə əsas olan fikirləri və ehtimalları aradan qaldırır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, hazırda şəxsin əməlində inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bu Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bununla da belə nəticəyə gəlmək olar ki, icra sənədinin icra edilməməsi, borclunun icradan boyun qaçırması, icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsi halları öz təsdiqini tapmadığından Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xəta Məcəlləsinin 53, 114-cü maddəsini rəhbər tutaraq, hakim qəraraaldım:

1. Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin.

2. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar