Məhkəmə qərarları › İş №3(063)-377/2024

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-377/2024

31.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-377/2024 31.10.2024 UCAR RAYON MƏHKƏMƏSİ Mən, hakim Xəlilov Hilal İsmayıl oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-01 avqust 1997-ci ildə Ucar rayonu, Lək kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ucar rayonu, Lək kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Ucar rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Ucar Rayon Məhkəməsinin 2(063)-884/2021 nömrəli, 15 oktyabr 2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs zərərə görə 8710 (səkkiz min yeddi yüz on) manat 70 (yetmiş) qəpik və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat, cəmi 8740 (səkkiz min yeddi yüz qırx) manat 70 (yetmiş) qəpik məbləğində pulun tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Borclu icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş, icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar qanuni tələblərini yerinə yetirməmiş, buna görə də onun barəsində 31 oktyabr 2024-cü il tarixdə Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru A.Həmidov tərəfindən MN2089001 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək əlavə edilmiş sənədlərlə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, məhkəmənin qətnaməsinə səasən ondan cəmi 8740,70 manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Borcunun bir hissəsini ödəmişdir, son vaxtlar daimi iş yeri və qazancı olmadığından və xəstə olduğundan borcunu ödəyə bilməmişdir. Borcunu ödəməkdən imtina etmir və hissəhissə ödənilməsini təmin edəcəkdir. Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru A.Həmidov məhkəmə iclasında izahatında göstərdi ki, Ucar Rayon Məhkəməsinin 2(063)-884/2021 nömrəli, 15 oktyabr 2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 8740,7 manat məbləğində pul vəsaiti tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İcra sənədi 06 dekabr 2021-ci il tarixdə Ucar rayon icra və probasiya şöbəsinə daxil olmuş və icraata başlanılmışdır. İş üzrə icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş borcluya təqdim edilərək icra sənədinin icrası ondan tələb edilmişdir. Tələb könüllü qaydada icra edilməmiş, borclu icra məmurunun çağırışlarından yayınmışdır. Borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlak və gəlirləri müəyyən etmək üçün Azəbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron İcra İnfomasiya Sistemi”nin inteqrasiya edilmiş məlumat bazasına (EMF) sorğular edilmiş, nəticədə borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlaklar və gəlirlər aşkar edilməmişdir. Borclu icra məmurunun çağırışlarından yayındığı üçün barəsində 22 avqust 2024-cü il tarixdə axtarış elan edilmiş, Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən borclu 31 oktyabr 2024-cü il tarixdə Ucar rayon icra və probasiya şöbəsinə təqdim edilmiş, borclunun izahatı alınmış və yaranmış borcunun ödənilməsi ondan tələb edilmişdir. Lakin onun tərəfindən icra sənədi üzrə tələb təmin edilməyərək borcunun ödənişi təmin edilməmişdir. Borclu Şəxs qalıq borcu 7850 manat 70 qəpik təşkil edir. Hazırda tələbkar Zərərçəkmiş şəxs Nemət oğlu icra sənədinin tam icra edilməsini tələb edir. Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 15 oktyabr 2021-ci ildə qətnamə qəbul edilsə də borclu ona hissə-hissə olmaqla cəmi 890 manat ödəmişdir, 2024-cü ilin iyun ayından isə ümumiyyətlə ödəniş etməmişdir. O, da ona dəymiş zərərin ödənilməsini tam tələb edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş, icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Onun təqsiri özünün, zərər çəkmiş şəxsin izahatları, barəsində tərtib edlmiş inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Buna görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları, o cümlədən Şəxs əmlak vəziyyətini, təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə inzibati qaydada həbs edilməsi qanunauyğundur. Eyni zamanda, Şəxs inzibati tənbeh növündə həbs edildiyindən o, Ucar Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanılmalı, qərarın icrası Ucar Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, qərara aldım: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli 31 oktyabr 2024-cü il, saat 18:25-dən hesablansın. Qərarın icrası Ucar Rayon Polis Şöbəsinə tapşırılısın. Şəxs Ucar Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şəki Apellyasiya Məhkəməsinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa şikayət və ya protest verilə bilər. Hakim: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar