Məhkəmə qərarları › İş №3(063)-39/2024

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-39/2024

23.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-39/2024 23.02.2024 UCAR RAYON MƏHKƏMƏSİ Mən, Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Protokol tərtib etmiş vəzifəli şəxs, Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru X9 iştirakları ilə, xx xxx 1985-ci il tarixdə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Ucar şəhəri, Koroğlu küçəsi, ev 40-da qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Ucar rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru X11 icra sənədi üzrə borclu Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Ucar Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və iş materiallarından görünür ki, Ucar Rayon Məhkəməsinin xx.xx.2021-cü il tarixli, 2(063)-19/2021 saylı icra sənədinə əsasən borclu Şəxs 17 iyun 2020-ci ildən başlayaraq 24 oktyabr 2009-cu ildə doğulmuş X5 və 11 avqust 2011-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər birinə görə 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Ucar Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 2(063)-549/2023 saylı icra sənədinə əsasən borclu Şəxs 24 oktyabr 2009-cu ildə doğulmuş X6 və 11 avqust 2011-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər uşağa 100 (bir yüz) manat olmaqla hər ay sabit pul məbləğində tutulan 200 (iki yüz) manat alimentin miqdarı artırılaraq hər ay üçün hər uşağa görə 130 ( bir yüz otuz) manat olmaqla, cəmi 260( iki yüz altmış) manat müəyyən edilməsi və həmin miqdarda alimentin qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq borclu Şəxs tutulub 24 oktyabr 2009-cu ildə doğulmuş X6 və 11 avqust 2011-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra sənədləri müvafiq olaraq 24 fevral 2021-ci il və 31 oktyabr 2023-cü il tarixlərdə Ucar rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. 31 oktyabr 2023-cü il tarixli qərarla hər iki icra sənədi icra məmurunun qərarı ilə ümumi icraata birləşdirilmişdir. İş üzrə icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş borcluya təqdim edilərək icra sənədlərinin icrası ondan tələb edilmişdir. Tələb könüllü qaydada icra edilməmiş, borclu icra məmurunun çağırışlarından yayınmışdır. Borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlak və gəlirləri müəyyən etmək üçün Azəbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron İcra İnfomasiya Sisteminin” inteqrasiya edilmiş məlumat bazasına (EMF) sorğular edilmiş, nəticədə borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlaklar və gəlirlər aşkar edilməmişdir. Borclu icra məmurunun çağırışlarından yayındığı üçün barəsində 28 noyabr 2022-ci il tarixdə axtarış elan edilmiş və icra edilməsi üçün aidiyyatı üzrə Ucar RPŞ-nə göndərilmiş və Ucar RPŞ-si tərəfindən saxlanılaraq 08 iyun 2023-cü il tarixdə Ucar rayon icra və probasiya şöbəsinə təqdim edilmiş, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs tətbiq edilmişdir. Borclu 23 fevral 2024 -cü il tarixdə Ucar rayon icra və probasiya şöbəsinə yenidən dəvət olunaraq izahatı alınmış və yaranmış borcunun ödənilməsi ondan tələb edilmişdir. Lakin onun tərəfindən icra sənədi üzrə tələb təmin edilməyərək aliment borcunun ödənişi tam təmin edilməmişdir. Hazırda Ucar Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(063)-19/2021 saylı, və 27 iyul 2023-cü il tarixli, 2(063)-549/2023 saylı icra sənədlərinə əsasən borclu Şəxs aliment borcu 7450 manat təşkil edir. Hazırda tələbkar icra sənədinin tam icra edilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru X11 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, borclu Şəxs qeyd edilən icra sənədinin icrasını təmin etmir, icra məmurunun qanuni tələblərini yerinə yetirmir və bununla da icra sənədinin icrasından yayınır. Ucar Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(063)-19/2021 saylı və 27 iyul 2023-cü il tarixli, 2(063)-549/2023 saylı icra sənədlərini hazırkı vaxtadək icra etməmişdir, yalnız 12 sentyabr 2023-cü il tarixdə 500 manat ödəniş etmişdir. Bundan əlavə Şəxs özü də bildirir ki, 300 manat da ödəniş etmiş, lakin “Milliön” aparatı qəbz vermədiyindən ödənişi təsdiq edən sənəd yoxdur. Sözügedən icra sənədi üzrə borclunun hazırkı vaxta olan borcu 7450 manat təşkil edir. Lakin həmin 300 manat da öz təsdiqini tapardısa onun borcu 7150 manat təşkil edərdi. Odur ki, icra sənədi üzrə üzərinə düşən öhdəlik borclu tərəfindən lazımınca icra olunmadığına görə sonuncu barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib etməklə, müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, özü fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olur, belə ki, Bakı şəhərində fəhləlik edir. O, aliment borcundan 12 sentyabr 2023-cü il tarixdə 500 manat ödəniş etmiş, həmin ödəniş qəbzini təqdim etmişdir. Həmin tarixdən təxminən bir ay sonra 300 manat da ödəniş etsə də, “Milliön” aparatı qəbz vermədiyindən ödənişi təsdiq edən sənədi yoxdur. Yaranmış borcun onun təqsiri ucbatından olduğunu dərk etsə də, lakin maddi imkanı olmadığı, eyni zamanda, xəstə olduğundan ödəniş edə bilməmişdir. Sözügedən icra sənədi ilə bağlı onu da qeyd etdi ki, məsuliyyətini dərk edir, ödənişi etməyin onun vəzifəsi olduğunu anlayır. Odur ki, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İşdə olan sənədlərin surətlərindən görünür ki, Ucar Rayon Məhkəməsinin 2(063)- 19/2021 nömrəli, 10 fevral 2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 17 iyun 2020-ci ildən başlayaraq 24 oktyabr 2009-cu ildə doğulmuş X5 və 11 avqust 2011-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər birinə görə 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutulub iddiaçı X2 verilməsi qət edilmişdir. Ucar Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(063)-19/2021 nömrəli qətnaməsinə əsasən cavabdeh Şəxs 24 oktyabr 2009-cu ildə doğulmuş X8 və 11 avqust 2011-ci ildə doğulmuş X7 yetkinlik yaşma çatana kimi saxlanılması üçün hər uşağa 100 (bir yüz) manat olmaqla hər ay sabit pul məbləğində tutulan 200 (iki yüz) manat alimentin miqdarı artırılaraq hər ay üçün hər uşağa görə 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat müəyyən edilsin və həmin miqdarda aliment qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq cavabdeh Şəxs tutulub 24 oktyabr 2009-cu ildə doğulmuş X8 və 11 avqust 2011-ci ildə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qeyd edilən icra sənədləri icra olunması üçün Ucar rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədləri ümumi icraatda birləşdirilmiş, icra sənədləri üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və bu barədə borclu Şəxs tələbin könüllü icrası haqqında bildirişlər ünvanlanmış, həmçinin SMSlər, çağırışlar göndərilmiş, icra hərəkətlərinin icrasından yayındığına və faktiki olaraq şöbənin çağırışlarına məhəl qoymadığına görə müvafiq axtarış qərarları qəbul olunmuşdur. Qeyd edilən icra sənədinin icrasının təmini məqsədilə müvafiq sorğular da verilmiş, lakin sonuncunun adına hər-hansı bank hesabı və ya əmlak aşkar edilməmişdir. İşdə olan Ucar Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 3(063)-112/2023 saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 gün müddətə inzibati qaydada həbs edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, Şəxs Zərərçəkmiş şəxs 500 manat ödəniş etmişdir. İşdə olan Zərərçəkmiş şəxs məhkəməyə göndərdiyi yazılı ərizədən görünür ki, Ucar Rayon Məhkəməsinin 2(063)-19/2021 saylı 10 fevral 2021-ci il tarixli, və 2(063)-549/2023 saylı, 27 iyul 2023-cü il tarixli icra sənədləri üzrə borclu Şəxs yaranmış aliment borcunu tam ödənilməsini ödəmədiyi halda Ucar rayon icra və probasiya şöbəsi tərtib edilmiş inzibati protokolun təmin edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Ona görə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati məsuliyyətə səbəb olan əməldir. Qeyd edilən maddənin dispozisiyası inzibati xəta hadisəsinin əmələ gəlməsini məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsini nəzərdə tutur. Maddənin məzmunundan da göründüyü kimi, qanunvericilik sözügedən inzibati xətanın əmələ gəlmə əsaslarından biri kimi edilməsi istinad olunan əməlin üzrsüz səbəbdən icra edilməməsini şərtləndirmişdir ki, bu hal isə öz növbəsində inzibati təqsirin qəsd növünü formalaşdırır. Məhkəmə hazırkı halda borclunun icra sənədi üzrə borcunu ödəməməsini, 2023-2024-cü illər ərzində cəmi 500 manat ödəniş etməsini məsuliyyətdən formal icra (görünüş xatirinə) ilə yayınması cəhdi kimi qiymətləndirir və bu halın tələbkarın əsaslı mənafeyi fövqündə zəruri olan hal kimi qiymətləndirir. Məhkəmə həmçinin, onu da qeyd edir ki, nəzərə alınsa ki, inzibati tənbehin məqsədlərindən biri də gələcəkdə inzibati xəta hadisəsinin törədilməsinin qarşısının alınmasıdır, belə olan halda borclunun bu hərəkəti mövcud olması ehtimal edilən inzibati xətanın aradan qaldırılması istiqamətində real əməl kimi qiymətləndirilir ki, bu da yaranmış borcun ödənilməsinə zəmin yaradan və təkan verən hərəkətdir. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2018-ci il qərarı”nda qeyd olunmuşdur ki,məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib- edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Məhkəmə araşdırması zamanı Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən hallar kimi əməlini etiraf etməsi, səmimi peşman olması və yaşı nəzərə alınır. İş materiallarında olan sənədlərdən görünür ki, Şəxs 08 iyun 2023-cü il tarixdə İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinərək məsuliyyətə cəlb edilmişdir ki, bu hal da şəxsin məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınır. Belə ki, İXM-nin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Məsuliyyəti ağırlaşdıran və yüngülləşirən halların olmasını, inzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, eyni inzibati xətanı il ərzində təkrar törətməsi halını, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən icra sənədi üzrə borcun miqdarının kifayət qədər olmasını, uzun müddət ərzində ümumiyyətlə, həmçinin lazımınca ödənişlərin olmamasını, icra sənədinin mövcudluğundan məlumatı olsa da, icra hərəkətləri ilə bağlı laqeydlik nümayiş etdirməsini, barəsində axtarış işi açılmaqla məcburi gətirmə tətbiq edilməklə, müəyyən müddətdə icradan qaçaraq, yayınmasını, təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, onun İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 12 (on iki) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs etmənin əvvəli 23 fevral 2024-cü il tarixdən saat 17:40-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Ucar Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim : Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar