Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-400/2024 11.12.2024 UCAR RAYON MƏHKƏMƏSİ Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X21 oğlunun katibliyi, "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin X26 şöbəsinin rəisi X19 12 avqust 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X3 şikayətinə və ona əlavə edilmiş materiala baxaraq, müəyyənetdi: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin X26 şöbəsinin 12 avqust 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, “Vüqar Təmir Firması" MMC hüquqi şəxs kimi sahibkarlıq fəaliyyəti göstərir. Torpaqlar işğaldan azad olduqdan sonra Qarabağ ərazisində bir çox böyük və kiçik sahələrdə quruculuq və abadlıq işləri aparmışlar. Bu işlər ərzində tam şəkildə qanunvericiliyin tələblərinə uyğun şəkildə sahibkarlıq fəaliyyətini düzgün formada həyata keçirmişdir. Fəaliyyət müddəti ərzində müəyyən sayda işçiləri işə götürmüş və işdən azad etmişdir. Bu zaman bütün sənədləşmə proseduru tam qanuni olmuşdur. O, "xxxx" MMC-nin rəhbəri olaraq 10 ildən yuxarı fəaliyyət göstərir. Həmin dövrdə ona hazırda mübahisələndirdiyi növdə cərimələr yazılmamışdır, çünki o, tam qanuni sənədləşmələr əsasında xidmət göstərmişdir. X1 17 aprel 2024-cü il tarixdə işə götürmüş, 01 iyul 2024-cü il tarixdə isə işdən çıxarmışdır. Həmçinin, X5 da 08 may 2024-cü il tarixdə işə götürmüş, 22 iyul 2024-cü il tarixdə işdən çıxarmışdır. Hər iki işçi barəsində lazımi sənədləşdirmələri (əmirləşdirməni) etmişlər. Həmin sənədləri "DKT İnşaat Sənaye ve Ticarət A.Ş"-yə göndərmişlər. "DKT İnşaat Sanaye ve Ticarət A.Ş" isə taşeronu olduğu "Kalyon Holding"-a sonuncu isə həmin sənədləri adiyyəti nazirliyə göndərmişdir. Ancaq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 şirkətin işini tam və dəqiq araşdırmamışdır. Belə ki, Taşeron şirkətlərinin iş prinsipi ölkədə yeni sistemləşdirilib və həmin sahədə kifayət qədər qanunvericiliyin tam ədalətli formada tətbiqi zəif bilinir. X6 və X4 işə götürülmə və işdən çıxarılma vaxtları ilə bağlı sənədləşmələr düzgün və vaxtında icra edilmişdir (bu barədə sənədlər ərizəyə əlavə edilmişdir). Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 MN seriyalı ******* nömrəli protokolu üzrə məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi iştirak edən zaman məlum olmuşdur ki, sözügedən iş üzrə o, 3000 manat cərimə olunmuşdur. Halbuki, bu barədə ona araşdırmanın keçirilmə yeri və vaxtı ilə bağlı nə məlumat verilmiş, nə də yekun qərar təqdim olunmuşdur. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 məsul işçilərində soruşan zaman onlar sadəcə olaraq ona protokolları təqdim etmişlər. Qərarın tarixini isə şifahi şəkildə X7 öyrənmişdir. Həmçinin, Ucar Rayon Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli qərarı ilə bu işlə bağlı inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. Belə ki, iş üzrə bütün faktiki halları tam və hərtərəfli qaydada öyrənmək üçün lazımi təbdirlər görülməmiş, yalnız daxil olan məlumat əsasında protokol tərtib edilərək qərar qəbul olunmuş, onun izahatı alınaraq zəruri araşdırma aparılmamış, həmin vətəndaşlarla "xxxx" MMC arasında hər hansı bir əmək münasibətinin yaranıb-yaranmaması dəqiqləşdirilməmişdir. Həmçinin, onun təqsirliliyini sübut edən kifayət qədər dəlil toplanılmamış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti tərəfindən prosessual normalara və sübutetmə vəzifəsinə əməl olunmamışdır. İş üzrə lazımi sənədlərin təqdim edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 rəsmi surətdə müraciət etsə də, hazırkı günə kimi həmin sənədlərin əsli və ya təsdiq edilmiş surətləri verilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti yalnız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin altsisteminə baxış keçirilməklə kifayətlənilmiş, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar, həmçinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən icazəsi istənilən X6 və X4 həqiqətən işğaldan azad edilmiş qeyd edilən rayonlara gedib-getməməsini, həmin rayona getmişdirsə, hüquqi şəxs tərəfindən orada əməyə cəlb olunub-olunmaması araşdırılmamışdır. Belə ki, həmin şəxs üçün icazənin istənilməsi, özlüyündə hüquqi şəxs tərəfindən onun əməyə cəlb edilməsi anlamına gəlmir. Onun Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb etmək üçün mütləq qaydada "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən X8 və X5 əmək müqaviləsi qüvvəyə minəndən işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunmalıdır. O, "X27" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri olaraq X9 və X5 işə götürməyi və işdən çıxarmağı düzgün və dəqiq şəkildə yerinə yetirmişdir. Bu səbəbdən də, 12 avqust 2024-cü il tarixli qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Odur ki, inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 şikayəti müdafiə edərək şikayətin məzmununa uyğun, oxşar məzmunlu izahat verərək şikayətin təmin edilməsini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin X26 şöbəsinin 12 avqust 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Qərarından şikayət verilən orqan (vəzifəli şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin X26 şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin, onlar məhkəmə iclasına gəlməmiş (səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş) və əvvəlki məhkəmə iclası zamanı şikayətin təmin edilməməsi və eləcə də, iştirakları olmadan işə baxılmasını özündə ehtiva edən ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 133.2.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə şikayət vermiş şəxsin nümayəndəsinin izahatını dinləyərək, şikayəti və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin X26 şöbəsinin rəisi X19 12 avqust 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvəyyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddədə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 3000 (üç min) manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan 348 və 362 saylı əmrlərdən görünür ki, X16 17 aprel 2024-cü il tarixdən “Vüqar Təmir Firması" Məhdud Məsuliyyətli Cəmiyyətinə çilingər vəzifəsi üzrə işə qəbul olunmuş, 01 iyul 2024-cü il tarixdə isə öz ərizəsi əsasında işdən azad olunmuşdur. İşdə olan 363 və 364 saylı əmrlərdən görünür ki, X12 08 may 2024-cü il tarixdən “Vüqar Təmir Firması" Məhdud Məsuliyyətli Cəmiyyətinə sürücü vəzifəsi üzrə işə qəbul olunmuş, 22 iyul 2024-cü il tarixdə isə öz ərizəsi əsasında işdən azad olunmuşdur. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, göstərilən məsələnin araşdırılması zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin X26 şöbəsi tərəfindən bir sıra nöqsanlara yol verilmişdir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün, məhkəmə belə bir qərarın qanuniliyini yoxlaya bilməz. Səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Bununla da məhkəmə hesab edir ki, qərarda konkret sübuta istinad edilmədiyindən, sübutsuz vəziyyətdə hadisənin törədilməsində şəxsi təqsirli bilib, sadəcə İXM-nin inzibati xəta kimi müəyyən edilmiş maddəsinin dispozisiyasına istinad edilərək şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Konkret əməl İXM-də inzibati xəta kimi müəyyən edilmişdirsə və şəxsin həmin əməlin törədilməsində təqsiri İXM-lə müəyyən edilmiş qaydada sübuta yetirildikdən sonra inzibati məsuliyyətə cəlb edilə bilər. Qərarda şəxsin ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan konkret hansı əməli (hərəkət və ya hərəkətsizlik) törətməsi göstərilməli, həmin əməlin hansı sübutlarla müəyyən edilməsi qeyd edilməli və həmin əməlin İXM-in hansı maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta olması qərarda öz əksini tapmalıdır. Belə ki, işin faktiki hallarından və işdə olan mötəbər sübutlardan göründüyü kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin X26 şöbəsi tərəfindən baş vermiş inzibati xəta hadisəsi barədə düzgün araşdırma aparılmamış, eləcə də, "xxxx" MMC-nin rəhbəri X11 tərəfindən X6 və X4 əmək müqaviləlləri hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsini təsdiq edən hər hansı bir mötəbər sübutlar təqdim olunmamışdır. "xxxx" MMC-nin rəhbəri X11 tərəfindən X16 17 aprel 2024-cü il tarixdə işə götürülmüş, 01 iyul 2024-cü il tarixdə isə işdən azad olunmuşdur. Həmçinin, X12 da 08 may 2024-cü il tarixdə işə götürülmüş, 22 iyul 2024-cü il tarixdə isə işdən azad olunmuşdur. Lakin, 30 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin X26 şöbəsi tərəfindən "xxxx" MMC-nin rəhbəri X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə MN seriyalı, ******* nömrəli protokol tərtib olunmuşdur. Beləliklə, sözügedən iş üzrə adı çəkilən şəxlərin işə qəbul edilmələri və işdən azad olunmaları tarixlərinə, həmçinin, inzibati xətanın baş verməsi tarixinə nəzər yetirdikdə həmin şəxslərin məhz "xxxx" MMC-nin rəhbəri X11 tərəfindən faktiki olaraq əmək fəaliyyətinə cəlb edilmələrini deməyə əsas vermir. Digər tərəfdən protokol tərtib etmiş səlahiyyətli orqan isə işçilərin əmək müqaviləsi olmadan və ya əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X11 tərəfindən həqiqətən də işlərin yerinə yetirilməsinə cəlb edildiyini təsdiq edəcək heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçinin hər hansı işin (xidmətin) yerinə yetirilməsinə cəlb edilməsi İXM-in 192.1-ci maddəsi ilə inzibati məsuliyyət yaradır. Halbuki, məhkəmə araşdırmaları zamanı barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş "xxxx" MMC-nin rəhbəri X11 tərəfindən X6 və X4 əmək müqaviləlləri hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilməmişdir. Bundan əlavə, məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (İXM-nin 8-ci maddəsinin İİ hissəsi, Təqsirsizlik prezumpsiyası prinsipi). Şikayətçinin əməlində inzibati xətanın olub-olmamasını, inzibati xətanın törədilməsində onun təqsirliliyini, eləcə də işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün faktik məlumatlar, inzibati xətalar haqqında işlər üzrə sübutlar, o cümlədən inzibati xəta haqqında protokol, bu protokolun tərtib edilməsinə əsas olmuş sənədlər səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhz inzibati xəta haqqında qanunvericiliyin məzmunundan da göründüyü kimi inzibati xətanın baş verməsini sübutetmə yükü hazırki işdə məhz Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin X26 şöbəsininin üzərinə düşür. Çünki, qeyd edilən orqan X3 İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında icraata başlayaraq, müvafiq nəticəyə gəlmiş, bu zaman ehtimal olunan xətanın baş verməsi ilə əlaqədar zəruri material toplamışdır. Həmin sübutlar olmadan şəxsin inzibati məsuliyyətə cəlb olunması üçün əsas ola bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Eyni zamanda, həm milli, həm də beynəlxalq hüququn mövqeyindən çıxış edərək, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, adətən, bütün sübutlar xəta törədən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Yəni, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqan X11 tərəfindən mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarda əmək məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvəyyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin yerinə yetirilməsinə cəlb etdiyi qənaətinə gəldiyi halda, bu mövqeyini sübutlarla əsaslandırmalı, həmin sübutları açıq məhkəmə iclasında təqdim etməli idi. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə (Təqsirsizlik prezumpsiyası) əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə hesab edir ki, inzibati protokol tərtib edildiyi zaman X11 tərəfindən protokolda qeyd edilən inzibati xətanı törədib-törətməməsi araşdırılmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin X26 şöbəsi yalnız öz subyektiv mülahizələrinə əsasən “Vüqar Təmir Firması"nın rəhbəri X3 barəsində inzibati xəta haqqında səthi protokol tərtib etmişdir. Mülahizələr isə inzibati xətalara baxılarkən sübut kimi qəbul oluna bilməz. Göründüyü kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin X26 şöbəsi tərəfindən X3 barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış, inzibati xətanın olmasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün əsaslandığı sübutlar X26 şöbəsi tərəfindən aşkar edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda göstərilən əsaslar X3 əməlində İXM-nin 192.1-ci maddəsinin xəta tərkibinin olmasını bilavasitə istisna edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin maddənin 8.2 və 8.3-cü bəndinlərinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Göründüyü kimi şikayətçinin əməlində inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə şikayəti, inzibati tənbeh vermə haqqında qərarı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin X26 şöbəsinin rəisi X19 12 avqust 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin X26 şöbəsinin rəisi X19 12 avqust 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində nəzərdə tutulmuş hazırkı qərardan şikayət vermə hüququ olan şəxslər tərəfindən Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən : Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №3(063)-400/2024
Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-400/2024
11.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver