Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-401/2024 18.11.2024 UCAR RAYON MƏHKƏMƏSİ Mən, Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Protokol tərtib etmiş vəzifəli şəxs, Ucar rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X2 iştirakları ilə, xx xxxx 1984-cü ildə Ucar rayonu, Boyat kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ucar rayonu, Boyat kəndində qeydiyyatda olan, Abşeron rayonu, Saray qəsəbəsində fərdi yaşayış evində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Ucar rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Ucar rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X3 icra sənədi üzrə borclu Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Ucar Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan, həmin protokola ******* saylı əlavədən və iş materiallarından görünür ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-1771/2018 nömrəli, 27 noyabr 2018-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs bir uşağın yetkinlik yaşına çatanadək maddi təminatı üçün 23 iyul 2018-ci il tarixdən başlayaraq hər ay 120 manat məbləğində alimentin tutularaq tələbkar X4 xeyrinə ödənilməlidir. İcra sənədi Ucar rayon icra və probasiya Şöbəsinin icraatına 20 dekabr 2018-ci il tarixdə daxil omuş və icra sənədinin icrasını təmin etmək üçün borclunun ünvanına tələbin könüllü icrası barədə bildiriş və icraata başlamaq haqqında qərarın surəti göndərilmişdir. Borclunun əmlak və gəlirlərini müəyyən etmək üçün barəsində müvafiq sorğular edilmiş, borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlak və gəlirlər aşkar edilməmişdir. 08 avqust 2019-cu il tarixdə borclu Ucar rayon icra və probasiya şöbəsinə dəvət olunmuş onun izahatı alınmış, Şəxs izahat verərək məhkəmə qətnaməsindən xəbardar olmadığını bildirmişdir. Şəxs icraata başlamaq haqqında qərarın və bildirişin surəti təqdim olunmuşdur. Bundan sonra borclu Şəxs Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermiş, lakin onun apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Göyçay Rayon Məhkəməsinin 10 iyul 2020-ci il tarixli məktubu əsasında icra tədbirləri davam etdirilmişdir. 18 noyabr 2024-cü il tarixdə borclu Şəxs Ucar rayon İcra və Probasiya Şöbəsinə dəvət olunmuş, ondan alimentin ödənilməsi tələb olunmuşdur. Lakin o, müxtəlif bəhanələr gətirərək alimenti ödəməkdən yayınmış və əvvəlki izahatına oxşar izahat vermişdir. Nəticədə borclu Şəxs Göyçay Rayon Məhkəməsinin 2(046)-1771/2018 nömrəli, 27 noyabr 2018-ci il tarixli icra sənədi üzrə tələbkara 9000 (doqquz min) manat aliment borcunu ödəməmişdir. Hazırda tələbkar icra sənədinin tam icra edilməsini, yəni, borcunun tam ödənilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən Ucar rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X3 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, borclu Şəxs qeyd edilən icra sənədlərinin icrasını təmin etmir, icra məmurunun qanuni tələblərini yerinə yetirmir və bununla da icra sənədinin icrasından qərəzli olaraq yayınır. Sözügedən icra sənədi üzrə borclunun hazırkı vaxta olan borcu 9000 manat təşkil edir. Odur ki, icra sənədi üzrə üzərinə düşən öhdəlik borclu tərəfindən lazımınca icra olunmadığına görə sonuncu barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib etməklə, müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o, 08 avqust 2019-cu il tarixdə Ucar rayon İcra və Probasiya Şöbəsinə dəvət olunaraq icraata başlamaq haqqında qərar və bildiriş verilsə də, onun sözügedən icra sənədindən xəbəri olmamışdır. Daha sonra bildirdi ki, apellyasiya şikayətindən də xəbəri olmamış, Şəki Apellyasiya Məhkəməsinə gedən zaman bilmişdir ki, müvafiq şikayətə baxılır. Hazırda hesab edir ki, onun X6 ilə rəsmiləşmiş nikahı saxta xarakter daşıyır və birgə nikahdan doğulması iddia edilən uşaq da onun deyil. Odur ki, məhkəmədən onun X6 ilə rəsmiləşmiş nikahının saxta olub olmaması və birgə nikahdan doğulması iddia edilən uşağın doğrudan da onun uşağı olub olmaması hallarının müəyyən edilməsi məqsədi ilə məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etdi. Zərərçəkmiş şəxs X5 inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin, məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İşdə olan Göyçay Rayon Məhkəməsinin 2(046)-1771/2018 nömrəli, 27 noyabr 2018ci il tarixli icra sənədinin təsdiq edilmiş surətindən görünür ki, tərəflərin umumi uşağı, 19 fevral 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay 120 manat sabit pul məbləğində alimentin tutulub iddiaçı X5 verilməsi qət edilmişdir. İşdə olan sənədlərin surətlərindən görünür ki, Göyçay Rayon Məhkəməsinin 2(046)- 1771/2018 nömrəli, 27 noyabr 2018-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs bir uşağın yetkinlik yaşına çatanadək maddi təminatı üçün xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay 120 manat məbləğində alimentin tutularaq tələbkar X4 xeyrinə ödənilməsi qət edilmişdir. İş üzrə icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası haqqında bildirişlər borcluya təqdim edilərək icra sənədinin icrası ondan tələb edilmişdir. Tələb könüllü qaydada icra edilməmiş, borclu icra məmurunun çağırışlarından yayınmışdır. Borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlak və gəlirləri müəyyən etmək üçün Azəbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron İcra İnfomasiya Sisteminin” inteqrasiya edilmiş məlumat bazasına (EMF) sorğular edilmiş, nəticədə borclunun iş yeri və əmlakı və digər gəlirləri aşkar edilməmişdir. Borcluya tərəflərindən dəfələrlə icra sənədinin icrası ilə bağlı xəbərdarlıq edilməsinə, daşıdığı məsuliyyət barədə bildiriş verilməsinə baxmayaraq, onun tərəfindən tələb icra edilməmişdir. Eyni zamanda, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə qətnamələri barədə (həm birinci instansiya məhkəməsinin qətnaməsi, həm də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi barədə) lazımı qaydada xəbərdar edilmişdir. Odur ki, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünü təqsirli bilməməsi məsələsinə tənqidi münasibət bildirərək qeyd edir ki, bu hal şəxsin inzibati məsuliyyətdən yayınması cəhdi kimi qiymətləndirilir. İşdə olan zərərçəkmiş şəxs X6 tərəfindən Ucar Rayon Məhkəməsinə ünvanlanmış 18 noyabr 2024-cü il tarixli ərizəsindən görünür ki, sonuncu icra sənədinin tam icra edilməsini tələb edir, əks halda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barədə ciddi inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və sonuncunun vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Ona görə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati məsuliyyətə səbəb olan əməldir. Qeyd edilən maddənin dispozisiyası inzibati xəta hadisəsinin əmələ gəlməsini məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsini nəzərdə tutur. Maddənin məzmunundan da göründüyü kimi, qanunvericilik sözügedən inzibati xətanın əmələ gəlmə əsaslarından biri kimi edilməsi istinad olunan əməlin üzrsüz səbəbdən icra edilməməsini şərtləndirmişdir ki, bu hal isə öz növbəsində inzibati təqsirin qəsd növünü formalaşdırır. Məhkəmə həmçinin, onu da qeyd edir ki, nəzərə alınsa ki, inzibati tənbehin məqsədlərindən biri də gələcəkdə inzibati xəta hadisəsinin törədilməsinin qarşısının alınmasıdır, belə olan halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs uzun müddət ərzində sözügedən icra sənədini icra etməməsi və icra edilməmə ilə bağlı hər hansı sübutları təqdim etməməsi sonuncunun hərəkətində qərəzin formalaşmasına dəlalət edən hal kimi qiymətləndirilir. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2018-ci il qərarı”nda qeyd olunmuşdur ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və əmlak vəziyyətini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən icra sənədi üzrə borcun miqdarının kifayət qədər olmasını, uzun müddət ərzində ümumiyyətlə ödənişlərin olmamasını, icra sənədinin mövcudluğundan məlumatı olsa da, icra hərəkətləri ilə bağlı laqeydlik nümayiş etdirməsini, təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halın olmamasını, məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq, onun İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbeh tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110- 115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 08 (səkkiz) gün müddətində inzibati həbs təyin olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs etmənin əvvəli 18 noyabr 2024-cü il tarixdən saat 16:45-dən hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Ucar Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim : Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №3(063)-401/2024
Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-401/2024
18.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver