Məhkəmə qərarları › İş №3(063)-405/2024

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-405/2024

25.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-405/2024 25.11.2024 UCAR RAYON MƏHKƏMƏSİ Mən, hakim Xəlilov Hilal İsmayıl oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxxxx 1967-ci ildə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Ucar şəhəri, Oğuz küçəsi, ev 32-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə təqsirləndirilməsinə dair Ucar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: İnzibati xəta haqqında işdən görünür ki, 10 avqust 2024-cü il tarixdə, saat 12 radələrində Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Ucar şəhəri, Oğuz küçəsi, ev 32 ünvanda yaşayan Şəxs yaşadığı ünvana video çəkiliş vasitəsi ilə polis əməkdaşlarının iştirakı ilə baxış keçirilən zaman həyətində əkib becərdiyi 1 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi aşkar edilərək götürülmüşdür. İnzibati xəta haqqında protokolu tərtib etmiş Ucar Rayon Polis Şöbəsinin sahə rəisi X1 izahatında göstərdi ki, 10 avqust 2024-cü il tarixdə, saat 12 radələrində Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ucar şəhəri, Oğuz küçəsi, ev 32 ünvanında yaşayan Şəxs yaşadığı ünvana video çəkiliş vasitəsi ilə polis əməkdaşlarının iştirakı ilə baxış keçirilən zaman həyətində əkib-becərdiyi 1 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi aşkar edilərək götürülmüşdür. Ucar Rayon Polis Şöbəsinin istintaq bölməsinin müstəntiqi E.Tağıyevin 10 sentyabr 2024-cü il tarixli qərarı ilə Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin tərkibi olmadığına görə barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə (qanunsuz olaraq tərkibində narkotik maddə olan bitkilərin az miqdarda kultivasiyası) inzibati qaydada tədbir görülməsi üçün Ucar Rayon Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsinə göndərilməsi, baxış zamanı aşkar edilmiş 1 ədəd narkotik tərkibli bitkinin maddi sübut kimi tanınması və saxlanılmasından ötrü şöbənin maddi sübutların saxlanılması otağına təhvil verilməsi qərara alınmışdır. Həmin qərara əsasən tərəfindən inzibati araşdırma aparılmış, Şəxs həmin inzibati xətanı törətməsi barədə 25 noyabr 2024cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin, inzibati araşdırma zamanı Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan (19 noyabr 2024-cü il tarixli) görünür ki, Şəxs sidiyində THC (marixuana) aşkar edilməmişdir. İnzibati araşdırma zamanı Şəxs izahatında özünü təqsirli bilmiş, törətdiyi əməli etiraf etmiş və səmimi peşimançılığını bildirmişdir. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş əsaslar olduğuna görə inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması və təzələnməsi haqqında qərarlar qəbul edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilib izahatında göstərdi ki, uzun müddət özündə saxladığı 1 ədəd çətənə toxumunu təxminən 4 ay əvvəl yaşadığı evin həyətində, toyuqlar saxladığı hində əkmişdir. 10 avqust 2024-cü il tarixdə, saat 12 radələrində yaşadığı evin yaxınlığında olan zaman bir neçə nəfər şəxs yaxınlaşıb özlərini Ucar Rayon Polis Şöbəsinin əməkdaşları kimi təqdim etmişlər. Onlar ona narkotik tərkibli bitkiləri əkib-becərməkdə şübhələr yarandığını deyib yaşadığı evin həyətinə baxış keçirməli olduqlarını deyəndə o da etiraz etməmişdir. Bundan sonra polis əməkdaşları video çəkiliş vasitəsi ilə yaşadığı ünvana baxış keçirmişlər. Baxış zamanı evin həyətində əkdiyi 1 ədəd çətənə bitkisini könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Şəxs çıxışında bildirdi ki, törətdiyi əmələ görə səmimi peşimandır, bu cür hərəkətə bir daha yol verməyəcəkdir. İşdə olan Ucar Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi E.Tağıyevin cinayət işinin başlanmasının rədd edilməsi barədə 10 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin tərkibi olmadığına görə barəsində həmin maddə ilə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyası) inzibati qaydada tədbir görülməsi üçün Ucar Rayon Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsinə göndərilməsi, baxış zamanı Şəxs yaşadığı evin həyətindən aşkar edilmiş 155 sm hündürlükdə olan 1 ədəd əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin maddi sübut kimi tanınması və saxlanmasından ötrü Ucar Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilməsi və 10 avqust 2024-cü il tarixdə baxış və götürmə zamanı aparılmış videoçəkilişi əks etdirən 1 ədəd kompakt diskin maddi sübut kimi tanınması və materiala əlavə edilməsinin nəzərə alınması qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Şəki regional bölməsi tərəfindən verilmiş 10 avqust 2024-cü il tarixli, 3-16-16/2- 17/692 nömrəli ekspert rəyindən (məhkəmə-bioloji ekspertizası) görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Şəxs yaşadığı ünvandan aşkar edilmiş 1 ədəd bitki.” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd sintetik kisənin içərisindəki uzunluğu 155 sm, yaş vəziyyətdə təmiz çəkisi-680,0 qram olan 01 (bir) ədəd bitki nümunəsi əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Aqronom (mütəxəssis) Vahid Əzizovun 10 avqust 2024-cü il tarixli rəyinə əsasən çətənə (kannabis) bitkisinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Bununla da, müəyyən olunur ki, Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin inzibati xətanı törətməsi, özünün səmimi etirafı, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol, ekspert rəyi, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini boynuna almasını və səmimi peşimançılığını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alıram. Qeyd olunanları, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, əmlak vəziyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətdiyi inzibati xətaya görə təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh təyin edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Buna görə də, iş üzrə məsrəf-ekspertiza tədqiqatının dəyəri 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik dövlət hesabına ödənilməli, habelə Şəxs yaşadığı evin həyətindən aşkar edilərək götürülmüş və iş üzrə maddi sübut kimi Ucar Rayon Polis Şöbəsində saxlanılan 01 (bir) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi məhv edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130 və 150-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik dövlət hesabına ödənilsin. İş üzrə maddi sübut olan və Ucar Rayon Polis Şöbəsində saxlanılan 01 (bir) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi məhv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şəki Apellyasiya Məhkəməsinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa şikayət və ya protest verilə bilər. Hakim: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar