Məhkəmə qərarları › İş №3(063)-425/2025

Ucar Rayon Məhkəməsi Qərardad — İş №3(063)-425/2025

14.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ucar rayonu İş № 3(063)-425/2025 14.10.2025 UCAR RAYON MƏHKƏMƏSİ Mən, Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlu Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 01 sentyabr 2025-ci il tarixdə qəbul edilmiş EQ30358136 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə və ona əlavə edilmiş materiala baxaraq, müəyyən etdim: X1 şikayətlə Qazax Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin 01 sentyabr 2025-ci il tarixdə qəbul edilmiş EQ30358136 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 11 sentyabr 2025-ci il tarixli, 3(023)-683/2025 nömrəli qərardadı ilə X2 barəsində Azərbaycan Respublikası DİN-nin Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş 01 sentyabr 2025-ci il tarixli, EQ30358136 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair verilmiş şikayət və əlavə edilmiş sənədlərin baxılması üçün aidiyyəti üzrə Ucar Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Lakin, iş materiallarını araşdırıb belə qənaətə gəlirəm ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 01 sentyabr 2025-ci il tarixdə qəbul edilmiş EQ30358136 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayət ərizəsi baxılması üçün aidiyyəti üzrə Qazax Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1 və 129.1.3-cü maddələrinin məzmununa görə inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. İnzibati xəta haqqında materiala əlavə edilmiş sənədlərdən görünür ki, inzibati xətanın törədildiyi yer Ucar rayonu olsa da, X2 yaşayış yeri ünvan 1 ünvanıdır. X4 inzibati tənbeh vermə haqqında 01 sentyabr 2025-ci il tarixli, EQ30358136 nömrəli qərardan özünün yaşadığı yer üzrə məhkəməyə şikayət vermişdir. Hesab edirəm ki, bununla da o, həmin qərardan özünün yaşadığı yer üzrə məhkəməyə şikayət verməklə, işə onun özünün yaşadığı yer üzrə baxılmasını xahiş etmək barədə fikrini ifadə etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” 04 noyabr 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsi ilə həll edilməli olduğu aydın şəkildə göstərilmişdir. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarında göstərilmişdir ki, “İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə müvafiq olaraq, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Həmin maddənin ikinci cümləsinə görə isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Beləliklə, inzibati xətalar qanunvericiliyi inzibati xəta haqqında iş üzrə icraatın aparılmasının iki əsas məkanını nəzərdə tutur: xətanın törədildiyi yer və ya barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşadığı yer”. X4 onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan yaşadığı yerin məhkəməsinə şikayət vermişdir. Buna baxmayaraq, X2 inzibati tənbeh vermə haqqında 01 sentyabr 2025-ci il tarixli, EQ30358136 nömrəli qərardan şikayəti ilk olaraq Qazax Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110-cu maddəsinə əsasən Ucar Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barəsində qərardad qəbul edilir. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Beləliklə də, qeyd edilən normaları və Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyini nəzərə alaraq hesab edirəm ki, X2 yaşayış yeri ünvan 1 ünvanı olduğundan və o, 01 sentyabr 2025-ci il tarixli, EQ30358136 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət etdiyindən onun müraciəti həmçinin, onun tərəfindən verilmiş vəsatət kimi qəbul edilməli və şikayətə Qazax Rayon Məhkəməsində baxılmalıdır. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İXM-in 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. İXM-də məhkəmələr arasında yaranan fikir ayrılığının aradan qaldırılmasının prosessual qaydası nəzərdə tutulmamışdır. Lakin məhkəmə qanunvericiliyin yuxarıda sadalanan müddəalarını və Konstitiusiya Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığının aradan qaldırılması üçün qanunun analogiyasından istifadə olunmalı və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM-in) 77.1-ci maddəsinə istinad olunmalıdır. CPM-in 77.1-ci mаddəsinə əsаsən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Diqqətəlayiq hal kimi nəzərə alınmalıdır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini xüsusi vurğulamışdır. Avropa Məhkəməsi “Bezımyannaya Rusiya Federasiyasına qarşı” iş üzrə 22 dekabr 2009-cu il tarixli qərarında qeyd etmişdir ki, dövlətlərin məhkəmə sistemlərində ayrı-ayrı məhkəmələr arasında aidiyyət məsələlərini müəyyən edən meyarlar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin təmin edilməsinə xidmət edir. Bu səbəbdən də, belə qənaətə gəlirəm ki, yaranmış fikir ayrılığına görə aidiyyət məsələsinin müzakirəsi edilməsi məqsədilə materiallar Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 29-cu maddəsinə əsasən heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. İşin qanuni hakimin icraatından əsassız götürülməsi və ya bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Beləliklə, yuxarıda təsvir olunanlara əsasən hesab edirəm ki, aidiyyətin müəyyən edilməsində mübahisə olduğuna görə iş materialları qəbul edilmiş qərarla birlikdə məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118-ci maddəsini rəhbər tutaraq, qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin 01 sentyabr 2025-ci il tarixdə qəbul edilmiş EQ30358136 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxılması ilə əlaqədar məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün iş materialları Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar