Məhkəmə qərarları › İş №3(063)-59/2025

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-59/2025

03.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-59/2025 03.03.2025 UCAR RAYON MƏHKƏMƏSİ Mən, hakim Xəlilov Hilal İsmayıl oğlu, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs (hüquqi ünvanı: Ucar şəhəri, Azərbaycan küçəsi, ev 15) Şəxs Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş və 27 yanvar 2025-ci ildə tərtib edilmiş EP ******* nömrəli inzibati xəta haqqında protokoldan və əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs Açıq Səhmdar Cəmiyyəti Mərkəzi Bankın 24 oktyabr 2024cü il tarixli, 6-1-26/2-9667/2024 saylı məktubu ilə tələb edilən sənədi (2023-cü ilə dair emitentin illik hesabatı) məktubda göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. İnzibati xəta hüquqi şəxsin hüquqi ünvanında 18 noyabr 2024-cü ildə törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinə, habelə Azərbaycan Respublikasının Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 112.1.4-cü maddələrinə əsaslanaraq inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin və Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab edirəm. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış 24 oktyabr 2024-cü il tarixli, 6-1-26/2-9667/2024 nömrəli məktubda 2023-cü ilə dair emitentin illik hesabatını 5 (beş) iş günü ərzində Mərkəzi Banka təqdim etməsi xahiş olunmuş, əks halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərədə tutulmuş inzibati məsuliyyətə cəlb oluna bilməsi göstərilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankın İstehlakçılarla iş departamentinin direktoru Murad Məmmədov tərəfindən Mərkəzi Bankın baş direktoru Rəşad Məmmədova ünvanlanmış 22 yanvar 2025-ci il tarixli, 6-1-26/3-571/2025 xidməti məktubda adları qeyd olunan hüquqi şəxslər, o cümlədən Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərədə tutulmuş inzibati xəta haqqında protokolun tərtibi məsələsinə baxılmasına dair Hüquq və təşkilati işlər üzrə departamentinə göstəriş verilməsi xahiş edilmişdir. Beləliklə, müəyyən olundu ki, Şəxs Açıq Səhmdar Cəmiyyəti Mərkəzi Bankın 24 oktyabr 2024-cü il tarixli, 6-1-26/2-9667/2024 nömrəli məktubu ilə tələb edilən sənədi (2023-cü ilə dair emitentin illik hesabatını) məktubda göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir, bununla da, Şəxs Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətmişdir. İnzibati xəta haqqında qanunvericiliyə görə də Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsi yuxarıda göstərilən məsuliyyətə səbəb olur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hal yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində hüquqi şəxslər üçün nəzərdə tutulmuş qaydada cərimə növündə tənbeh təyin edilməsini məqsədəmüvafiq hesab edirəm. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114, 115, 128-130 və 150-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə təqsirli bilinib min beş yüz manat məbləğdə cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şəki Apellyasiya Məhkəməsinə həmin qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa şikayət və ya protest verilə bilər. Hakim: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar