Məhkəmə qərarları › İş №3(063)-6/2025

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-6/2025

07.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-6/2025 07.01.2025 UCAR RAYON MƏHKƏMƏSİ Mən, hakim Xəlilov Hilal İsmayıl oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-27 avqust 1982-ci ildə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ucar şəhəri, D.Qorqud yaşayış məhəlləsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair Ucar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: İnzibati xəta haqqında işdən görünür ki, Şəxs 06 yanvar 2025-ci ildə, Ucar şəhərində qanunsuz olaraq narkotik vasitə-qurudulmuş marixuana istehlak etmişdir. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Ucar Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1 izahatında göstərdi ki, 06 yanvar 2025-ci il tarixdə digər inzibati işlə bağlı araşdırma aparılan zaman Şəxs narkotik maddədən istifadə etməsi ilə bağlı şübhələr olduğundan həmin şəxsin narkoloji müayinədən keçirilməsinə zərurət yaranmış, buna görə də material üzrə məhkəmə-narkoloji ekspertizası təyin edilmişdir. Gəncə şəhər narkoloji dispanserinin ambulator məcburi narkoloji tibbi-yoxlamanın 06 yanvar 2025-ci il tarixli rəyi ilə Şəxs narkotik vasitə olan kannobionidlərdən epizodik istifadə etmə hallarının olduğu, narkomaniya xəstəliyindən əzab çəkmədiyi və narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olmadığı müəyyən edilmişdir. Bununla bağlı tərəfindən inzibati araşdırma aparılmış və Şəxs izahatı alınmışdır. Şəxs izahatında da narkotik vasitədən istifadə etdiyini etiraf etmişdir. Buna görə də tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilib izahatında göstərdi ki, təxminən bir ay əvvəl qanunsuz olaraq əldə edib saxladığı narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Törətdiyi əmələ görə peşimançılıq hissi keçirir və gələcəkdə bu cür hərəkətlərə yol verməyəcəkdir. İşdə olan ambulator məcburi narkoloji-tibbi yoxlamanın 06 yanvar 2025-ci il tarixli, 12 nömrəli rəyindən görünür ki, Şəxs narkotik vasitə olan kannobionidlərdən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur və narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İşdə olan 41/2025 nömrəli, 06 yanvar 2025-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs 06 yanvar 2025-ci il tarixdə, saat 13:30-da müayinə vaxtı sidikdə narkotik (THC) aşkar edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı, ambulator məcburi narkoloji-tibbi yoxlamanın rəyi və tibbi müayinə protokolu, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol (MN 1945810) ilə tam sübuta yetirilmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşimançılığını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alıram. Qeyd olunanları, o cümlədən xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini xarakterizə edən halları, əmlak vəziyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətdiyi inzibati xətaya görə təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh növündə müəyyən müddətə inzibati qaydada həbs edilməsi məqsədəmüvafiqdir. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edirəm ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Hesab edirəm ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növdə inzibati tənbeh verilməsi məqsədəmüvafiqdir. İşdə olan 06 yanvar 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 06 yanvar 2025-ci il, saat 16:45-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Odur ki, həbsetmənin əvvəli 06 yanvar 2025-ci il, saat 16:45-dən hesab edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43, 114, 115, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, qərara aldım: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. Həbsetmənin əvvəli tutulduğu vaxtdan, yəni 06 yanvar 2025-ci il, saat 16:45-dən hesablansın. Şəxs Ucar Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərarın icrası Ucar Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şəki Apellyasiya Məhkəməsinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa şikayət və ya protest verilə bilər. Hakim: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar