Məhkəmə qərarları › İş №3(063)-60/2025

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-60/2025

14.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-60/2025 14.03.2025 UCAR RAYON MƏHKƏMƏSİ Mən, Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin baş direktoru Nümayəndə iştirakı ilə, Hüquqi ünvanı Ucar rayonu, Yuxarı Şilyan kəndi olan "xxxx" MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 430.4-cü maddəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş materiallarda göstərilmişdir ki, "xxxx" MMC 25000.00 İngilis funt sterlinqi məbləğində vəsaiti 11 yanvar 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 25000.00 İngilis funt sterlinqi məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Qeyd edilənlərlə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 23 yanvar 2025-ci il tarixdə "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta törətməsi barədə protokol tərtib olunmuş, protokolda "xxxx" MMC tərəfindən inzibati xətanın törədildiyi vaxt 12 yanvar 2025-ci il tarix göstərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin baş direktoru Nümayəndə göstərdi ki, protokolda göstərilmiş vəsait "xxxx" QSC üçün göstərilmiş hüquqi xidmətlər üçün ödəniş məhz rəhbərlik etdiyi şirkət vasitəsilə həyata keçirilmişdir. ABB tərəfindən xidmətlərin göstərilməsi müqabilində məlumatın verilməsi barədə təklif və xəbərdarlıq alsalar da, texniki səbəblərdən hazırkı vaxtadək təqdim edə bilməmişlər. Odur ki, iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib edən orqana inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, "xxxx" MMC İXM-nin 430.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan 04 yanvar 2023-cü il tarixli, 0401023/01 saylı notarial qaydada tərcümə edilməklə təsdiq edilmiş Qəbul Aktından görünür ki, sözügedən xidmətin göstərilməsi müqabilində köçürülmüş vəsait tənzimləyici təsdiq gözlənilənədək “Steptoe”-nin müştəri hesabında saxlanılır. Beləliklə, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən daxil olmuş inzibati xəta haqqında protokoldan və əlavə olunmuş mötəbər sənədlərdən görünür ki, "xxxx" MMC 25000.00 İngilis funt sterlinqi məbləğində xarici valyutada olan vəsaiti 11 yanvar 2023-cü il tarixdə bank vasitəsilə Azərbaycan Respublikasından kənara köçürmüş və 25000.00 İngilis funt sterlinqi məbləğində vəsait hesabına alınan mallar ödənişin aparıldığı gündən 2 il müddət keçsə də, ölkəyə idxal edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamış, o cümlədən malların ölkəyə idxal edilməsinə, eləcə də qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmasına dair sübutlar məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Mərkəzi X1 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair 28 fevral 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, X2 Heyəti Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarında müəyyən edilmiş tövsiyələrinə uyğun olaraq, həmçinin son illər ölkənin tədiyə balansının göstəricilərində müşahidə edilən yaxşılaşmanı, gömrük nəzarətinin, bütövlüklə valyuta nəzarətinin gücləndirilməsi istiqamətində aparılan islahatların müsbət nəticələrini nəzərə alaraq 20 fevral 2020-ci il tarixli qərarı ilə Qaydalara dəyişiklik etmiş, qabaqcadan malların idxalı ilə əlaqədar ödəniş aparıldıqda malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin müvəkkil banka təqdim olunması müddəti 270 gündən ən geci 2 il müddətinə qədər uzadılmışdır. Bundan başqa idxal olunmayan mal və xidmətlərin dəyəri 10 000 ABŞ dolları ekvivalenti məbləğini aşmadığı halda valyuta nəzarəti orqanına bu barədə məlumatın verilməsi tələbi aradan qaldırılmışdır. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə də avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Sahibkarlıq subyektləri mülki qanunvericilikdə təsbit olunmuş müqavilə azadlıqlarını reallaşdırarkən sərbəst olsalar da, həmin vaxt hüquqi aktlarda mövcud olan imperativ tələblərə şərtsiz əməl etməlidirlər. Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. İş üzrə gəlinən qənaət onunla əsaslandırılır ki, inzibati xəta haqqında işə baxılması 04 mart 2025-ci il tarixə təyin edilmiş, işə obyektiv baxılması məqsədilə işin baxılması müddəti uzadılaraq 14 mart 2025-ci il tarixə təxirə salınmışdır. Təqsirin müəyyənləşdirilməsi istiqamətində aparılan araşdırma ilə, yəni 04 yanvar 2023-cü il tarixli, 0401023/01 saylı notarial qaydada tərcümə edilməklə təsdiq edilmiş Qəbul Aktında sözügedən xidmətin göstərilməsi müqabilində köçürülmüş vəsait tənzimləyici təsdiq gözlənilənədək “Steptoe”-nin müştəri hesabında saxlanılması barədə məlumatla və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin baş direktoru Nümayəndə etirafedici izahatı ilə də sonuncu hüquqi şəxsin əməlində sözügedən inzibati xətanın tərkibi tam müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Valyuta tənzimi haqqında” Qanun) 13-cü maddəsinə müvafiq olaraq, Mərkəzi Bank Azərbaycan Respublikasında valyuta tənzimini həyata keçirən əsas orqan olaraq Azərbaycan Respublikasında xarici valyutanın və xarici valyutada qiymətli kağızların tədavülü sahəsinin və qaydasının müəyyən edilməsi, valyuta əməliyyatlarının tənzimlənməsinə dair normativ aktların qəbul edilməsi və s. kimi mühüm funksiyaları həyata keçirir. Valyuta nəzarətinin məqsədi isə valyuta əməliyyatları aparılarkən valyuta qanunvericiliyinə əməl olunmasını təmin etməkdir. Həmin Qanunun 7-ci maddəsinin 4-cü hissəsi və 10-cu maddəsi ilə rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasında müvəkkil banklarda xarici valyuta hesabları üzrə əməliyyatların aparılması qaydasının müəyyənləşdirilməsi Mərkəzi Bankın səlahiyyətlərinə aid edilmişdir. Qeyd olunan Qanunun 8-ci maddəsinə əsasən, hüquqi şəxs olan rezidentlər valyuta sərvətlərini köçürmə yolu ilə Azərbaycan Respublikasına gətirmək və Azərbaycan Respublikasından çıxarmaq, habelə gömrük prosedurlarına əməl etməklə nağd şəkildə ölkəyə gətirmək və ölkədən çıxarmaq hüququna malikdirlər. Hüquqi şəxs olan rezidentlər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına köçürülməsi və nağd şəkildə gətirilməsi, habelə Azərbaycan Respublikasından köçürülməsi və nağd şəkildə çıxarılması qaydalarını Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyən edir. Göstərilənlərlə əlaqədar olaraq, ölkənin tədiyə balansında valyuta kəsirinin azaldılması və valyuta nəzarətinin effektivliyinin artırılması məqsədi ilə ölkədə maliyyə sabitliyinin təmin edilməsinə yönəlmiş kompleks tədbirlərdən biri kimi X2 Heyətinin 2016-cı il 28 noyabr tarixli Qərarı ilə Qaydalar qəbul edilmiş və həmin Qaydaların 4.3.1.3-cü yarımbəndi ilə Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən köçürülən, o cümlədən qabaqcadan ödənilən vəsaitlər (avans) üzrə əməliyyatlar zamanı malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsinin (xidmətlərin göstərilməsini təsdiq edən sənədin) təqdim edilməsi ilə bağlı dəqiq müddət məhdudiyyəti müəyyənləşdirilərək qeyd edilən valyuta əməliyyatlarına xüsusi nəzarət rejimi tətbiq edilmişdir. Odur ki, "xxxx" MMC İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun törədilmə halını və əmlak vəziyyəti barədə olan məlumatları, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, "xxxx" MMC-yə İXM-nin 430.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, "xxxx" MMC-yə inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin, yəni 25000.00 İngilis funt sterlinqi məbləğinin 20 (iyirmi) % (faiz)-i miqdarında inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar