Məhkəmə qərarları › İş №3(063)-83/2024

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-83/2024

22.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-83/2024 22.04.2024 UCAR RAYON MƏHKƏMƏSİ Mən, Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "X1" MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə Hüquqi ünvanı Ucar rayonu, Alpout kəndi olan Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 430.4-cü maddəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş materiallarda göstərilmişdir ki, "X1" MMC 100000.00 ABŞ dolları məbləğində vəsaiti 03 mart 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 100000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Qeyd edilənlərlə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 15 mart 2024-cü il tarixdə "X1" MMC-nin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta törətməsi barədə protokol tərtib olunmuş, protokolda "X1" MMC tərəfindən inzibati xətanın törədildiyi vaxt 04 mart 2024-cü il tarix göstərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "X1" MMC-nin nümayəndəsi Nümayəndə2 bildirdi ki, Azərbaycan Respublikası Mərkəzi Bankının Hüquq departamentinin inzibati icraat və məhkəmə işləri şöbəsinin rəisi X3 tərəfindən Şəxs MMC (bundan sonra “Şirkət” adlandırılacaq) barəsində 15 mart 2024-cü il tarixli, EP № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, inzibati tənbehin tətbiq edilməsi üçün Ucar Rayon Məhkəməsinə müraciət edilmişdir. İnzibati xəta haqqında protokolun mətninə əsasən, şirkətin 100.000 (bir yüz min) ABŞ dolları məbləğində vəsaiti 03 mart 2022-ci il tarixində xaricə köçürdüyü və 2 il müddət keçsə də, həmin vəsait hesabına alınan malların ölkəyə idxal edilmədiyi və ya həmin vəsaitin geri qayıtmadığı bildirilmişdir. Bununla da, 04 mart 2024-cü il tarixində Şirkətin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan xətanı törətdiyi hesab edilmiş və buna görə də inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd etdi ki, ödənilən vəsaitin müqabilində mallar artıq satıcı tərəfindən şirkətə təhvil verilmiş və bununla da, tərəflərin qarşılıqlı öhdəlikləri icra edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən sözügedən protokol tərtib olunarkən şirkətə məlumat təqdim edilməmiş və idxalın tam şəkildə həyata keçirilməsi həmin quruma məlum olmamışdır. Əlavə olaraq bildirdi ki, qabaqcadan ödənilən vəsaitlər (avans) üzrə əməliyyatlar zamanı malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən müvafiq olaraq 01 aprel 2022-ci il tarixli, **********5422 nömrəli, 03 aprel 2022-ci il tarixli **********7163 nömrəli, 04 aprel 2022-ci il tarixli **********8999 nömrəli, 05 aprel 2022-ci il tarixli **********9847 nömrəli, 06 aprel 2022-ci il tarixli **********2307 nömrəli, 07 aprel 2022-ci il tarixli **********3169 nömrəli və 08 aprel 2022-ci il tarixli **********4048 nömrəli gömrük bəyannamələrin vaxtında təqdim edilməsinə cəhd olunsa da, texniki nasazlıq ucbatından sözügedən bəyannamələrin təqdim olunması üzrlü səbəbdən gecikdirilmişdir. Odur ki, MMC barəsində başlanmış iş üzrə icraata xitam verilməsini xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib edən şəxsə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin bu şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib edən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə, "X1" MMC-nin nümayəndəsinin izahatını, eləcə də, tərtib edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, "X1" MMC-nin 100.000 (bir yüz min) ABŞ dolları məbləğində vəsaiti malların idxalı məqsədilə 03 mart 2022-ci il tarixdə xaricə köçürülmüşdür. İş materiallarına əlavə edilmiş 01 aprel 2022-ci il tarixli, **********5422 nömrəli, 03 aprel 2022-ci il tarixli, **********7163 nömrəli, 04 aprel 2022-ci il tarixli, **********8999 nömrəli, 05 aprel 2022-ci il tarixli, **********9847 nömrəli, 06 aprel 2022-ci il tarixli, **********2307 nömrəli, 07 aprel 2022-ci il tarixli, **********3169 nömrəli və 08 aprel 2022-ci il tarixli, **********4048 nömrəli gömrük bəyannamələri "xxxx" ASC-yə 11 mart 2024-cü il tarixdə təqdim edilmişdir. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati məsuliyyətə səbəb olan əməldir. Azərbaycan Respublikası Mərkəzi X2 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Qeyd olunan Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İşin faktiki hallarından da göründüyü kimi hazırda inzibati xəta hadisəsi baş verməmiş, o cümlədən hüquqi şəxsin tərəfindən inzibati xəta törədilməmişdir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, "X1" MMC 100000.00 ABŞ dolları məbləğində vəsaiti 03 mart 2022-ci il tarixdə “Sabudara” LTD-yə köçürmüş, 01 aprel 2022-ci il tarixli, **********5422 nömrəli, 03 aprel 2022-ci il tarixli **********7163 nömrəli, 04 aprel 2022-ci il tarixli **********8999 nömrəli, 05 aprel 2022-ci il tarixli **********9847 nömrəli, 06 aprel 2022-ci il tarixli **********2307 nömrəli, 07 aprel 2022-ci il tarixli **********3169 nömrəli və 08 aprel 2022-ci il tarixli **********4048 nömrəli gömrük bəyannamələri əldə edilmişdir. Lakin qeyri müəyyən səbəbdən həmin bəyannamələr "xxxx" ASC-yə 11 mart 2024-cü il tarixdə təqdim edilmişdir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, bu sahəni tənzimləyən inzibati xətalar qanunvericiliyi inzibati xəta hadisənin tərkib əlaməti kimi ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsini, işlərin görülməməsini və ya xidmətlərin göstərilmədiyi təqdirdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasını birmənalı şəkildə göstərmişdir. Belə olan halda inzibati xəta hadisəsi baş vermədiyindən "X1" MMC-nin qəsdən və ya ehtiyatsızlıqdan təqsirli hesab edilməklə, inzibati xəta sayılan əməl törətməsi istisna edilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Belə ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsaslanaraq məhkəmə qeyd edir ki, "X1" MMC tərəfindən “Sabudara” LTD-yə qabaqcadan ödənilmiş vəsaitin hesabına vaxtında işlər görülməklə, xidmətlər göstərilmiş və bu halda həmin MMC-nin təqsiri müəyyən olunmamışdır. Bundan başqa, əgər nəzərə alsaq ki, İXM-nin 430.4-cü maddəsi mahiyyət etibarı ilə xarici valyutanın ölkədən kənara qanunsuz yollarla çıxarılmasının qarşısının alınmasına, həmçinin təyinatı üzrə xərclənməsinə xidmət edir, mövcud vəziyyətdə xarici valyutanın təyinatından kənar sərf edilməsinə yol verilməmişdir. Belə ki, avans yolu ilə xarici şirkətə ödənilmiş valyuta vəsaiti hesabına işlər görülməklə, xidmətlər göstərilmişdir. Beləliklə, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Sözügedən Məcəllənin 53-cü maddəsinin İ hissəsinin İ və İİ bəndlərinə əsasən inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bu Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, "X1" MMC tərəfindən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddət ərzində müvafiq işlər görülməklə, xidmətlər göstərildiyindən, bununla da inzibati xəta hadisəsi baş vermədiyindən MMC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48- 51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibatı məsuliyyətdən azad edilsin və MMC barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar