Məhkəmə qərarları › İş №3(063)-85/2024

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-85/2024

29.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-85/2024 29.03.2024 UCAR RAYON MƏHKƏMƏSİ Mən, Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X7 oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və vəkili X1, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs, Ucar RPŞ-nin polis sahə rəisi X3 iştirakları ilə, xx xxxx 1979-cu il tarixdə Şuşa şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ümumi xəstəliyə görə İİ dərəcə əlilliyi olan, Şuşa şəhəri, L.Kərimov küçəsi 16, qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510cu və 535.1-ci maddələri ilə inzibati xətaları törətməsinə dair Ucar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs 29 mart 2024-cü il tarixdə, saat 11:40 radələrində Ucar RPŞ-nin inzibati binasının içərisində nalayiq sözlər işlətməklə, ictimai qaydanı pozmuş, həmçinin həmin məqamda, xidməti vəzifəsini yerinə yetirən, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu barədə Ucar rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X9 tərəfindən 29 mart 2024-cü il tarixli, MN seriyalı, ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Ucar Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Ucar RPŞ-nin İTB-nin polis sahə rəisi X9 tərtib etdiyi protokolların məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Ucar RPŞ-nin TB-nin təhqiqatçısı Yusif Xəlilov tərəfindən tərtib edilmiş raporta əsasən Şəxs 29 mart 2024-cü il tarixdə, saat 11:40 radələrində RPŞ-nin inzibati binasında TB-nin rəisi Fəzail Fərzəlibəylinin xidməti iş otağında HK-1/911-2023 nömrəli araşdırma materialı üzrə qəbul edilmiş qərardan şikayəti ilə bağlı həmin qərarı qəbul etmiş TB-nin təhqiqatçısı Yusif Xəlilovun ünvanına nalayiq ifadələr işlətməklə, səs-küy salaraq ictimai qaydanı pozmuş, həmçinin həmin məqamda xidməti vəzifəsini yerinə yetirən, onu nizam-intizama dəvət edən Ucar RPŞ-nin əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq qərəzli hərəkətlərini davam etdirmişdir. Hətta bu halı təsdiq edən video çəkiliş də mövcuddur. Bu səbəbdən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-nin 510-cu və 535.1-ci maddələrinin tərkibi olduğundan protokollar tərtib edilərək, baxılması üçün aidiyyəti üzrə Ucar Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 510-cu maddəsi ilə deyil, 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, 29 mart 2024-cü il tarixdə, saat 11:40 radələrində HK-1/911-2023 nömrəli araşdırma materialı üzrə Yusif Xəlilov tərəfindən qəbul olunmuş qərardan şikayət ilə bağlı Ucar RPŞ-yə getmişdir. Ucar RPŞ-nin TB-nin rəisi Fəzail Fərzəlibəylinin xidməti iş otağına daxil olan zaman Ucar RPŞ-nin TB-nin təhqiqatçısı Yusif Xəlilov və digər təhqiqatçı Anar Seyidov da orada olmuşdur. O, hansı əsaslarla İXM-nin 157-ci maddəsi ilə cərimə olunmasını soruşmuş, bu zaman Yusif ona qarşı qıcıq reaksiyası yaradan ifadələr işlətmiş və qərəzli şəkildə ona “sən cəriməni ödəyəcəksən deyə” acıqlı formada cavab vermişdir. Bundan sonra, o, bu sözlərdən qıcıqlanaraq səs küy salmış və onu nizam intizama dəvət edən polis əməkdaşlarının tələblərinə tabe olmamışdır. Eyni zamanda, o, stress və depressiyadan əziyyət çəkməklə müvafiq müalicələr alır və İİ qrup əlil olmaqla müəyyən məbləğdə pensiya da alır. Lakin hesab edir ki, o, heç bir xuliqanlıq hərəkətləri etməmiş, sadəcə Ucar RPŞ-nin TB-nin təhqiqatçısı Yusif Xəlilovun qıcıqverici hərəkətləri nəticəsində polisin tələblərinə tabe olmamışdır. Beləliklə, o, özünü İXM-nin 510-cu maddəsi ilə deyil, 535.1-ci maddəsi ilə təqsirli bilir. Ona görə də barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid, Ucar RPŞ-nin TB-nin təhqiqatçısı X4 izahatında göstərdi ki, o, 29 mart 2024-cü il tarixdə, saat 11:40 radələrində TB-nin təhqiqatçısı Anar Seyidov ilə birlikdə TB-nin rəisi Fəzail Fərzəlibəylinin xidməti iş otağında olan zaman HK-1/911-2023 nömrəli araşdırma materialı üzrə tərəfindən qəbul olunmuş qərardan şikayət ilə bağlı Şəxs gəlmişdir. Şəxs otağa daxil olan kimi barəsində qəbul olunmuş qərara görə onun ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Bu zaman onu nizam-intizama dəvət etsələr də, sonuncu onların qanuni tələblərinə qəsdən məhəl qoymayaraq qərəzli hərəkətlərini davam etdirərək yersiz səs-küy salmağa başlamışdır. Bundan sonra, onlar Şəxs sakitləşdirməyə çalışsalar da, sonuncu buna məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Hətta bu halı təsdiq edən video çəkiliş də mövcuddur. Eyni zamanda onu da qeyd edir ki, Şəxs ona və ailəsinə qarşı dəfələrlə ünvanlı nalayiq təhqiredici məktublar yazaraq onu hədələmiş, həmçinin sosial şəbəkələrdə də onun ünvanına nalayiq ifadələr işlədərək şantaj etmişdir. Məhkəmə iclasında iştirak edən şahid, Ucar RPŞ-nin TB-nin təhqiqatçısı X5 izahatında göstərdi ki, o, 29 mart 2024-cü il tarixdə, saat 11:40 radələrində TB-nin təhqiqatçısı Yusif Xəlilov ilə birlikdə TB-nin rəisi Fəzail Fərzəlibəylinin xidməti iş otağında olan zaman HK-1/911-2023 nömrəli araşdırma materialı üzrə Ucar RPŞ-nin TB-nin təhqiqatçısı Yusif Xəlilov tərəfindən qəbul olunmuş qərardan şikayət ilə bağlı Şəxs gəlmişdir. Şəxs Yusif Xəlilovdan cərimə olunmasının səbəbini soruşmuş, sonuncu isə “barənizdə qəbul edilmiş cərimə qərarı var və bu qərarı icra etmək lazımdır” deyərkən, o, bu sözlərdən qıcıqlanaraq onun ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Bu zaman Natəvanı nizam-intizama dəvət etsələr də, sonuncu onların qanuni tələblərinə qəsdən məhəl qoymayaraq qərəzli hərəkətlərini davam etdirərək yersiz səs-küy salmağa başlamış və öz hərəkətlərini davam etdirmişdir. Hətta bu halı təsdiq edən video çəkiliş də mövcuddur. Məhkəmə iclasında iştirak edən vəkil X2 qeyd etdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirli bilindiyi maddələrlə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs məhkəmə iclasında tədqiq olunan videoçəkilişindən sonuncunun Ucar RPŞ-nin inzibati binasında səs küy salması görünsə də, videoçəkiliş tam formatda olmamış, eyni zamanda, hadisənin hansı şəraitin təsirindən başlanması öz əksini tapmamışdır. Bundan başqa, Şəxs əsəb xəstəsi olmaqla əlilliyi vardır və bu xəstəlikdən müalicə də alır. Beləliklə, Şəxs təqsirləndirildiyi maddələr üzrə inzibati xətaları törətməsinə dair hallar tam sübuta yetirilə bilmədiyindən, eyni zamanda, Şəxs bu hərəkətlərinin məhz Ucar RPŞ-nin TB-nin təhqiqatçısı Yusif Xəlilovun qıcıqverici hərəkətləri nəticəsində baş verməsi halının mövcudluğu sonuncunun əməlində sözügedən inzibati xətaların tərkibinin olmasını istisna edir. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İşdə olan Ucar RPŞ-nin TB-nin təhqiqatçısı Yusif Xəlilovun 29 mart 2024-cü il tarixli raportunun surətindən, eləcə də digər mötəbər sənədlərdən görünür ki, Şəxs 29 mart 2024-cü il tarixdə, saat 11:40 radələrində Ucar RPŞ-nin inzibati binasının içərisində nalayiq sözlər işlətməklə, ictimai qaydanı pozmuş, həmçinin həmin məqamda, xidməti vəzifəsini yerinə yetirən, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. İnzibati xəta haqqında materiala əlavə edilmiş “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən edilmiş çıxarışdan görünür ki, Şəxs İİ dərəcə əlilliyi olan şəxs kimi müəyyən edilməklə 220 manat məbləğində pensiya alır. İşdə olan 29 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın təsdiq edilmiş surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat inzibati cərimə tətbiq edilmişdir (sözügedən qərar qanuni qüvvəsini almışdır). İşdə olan inzibati qaydada tutma haqqında 29 mart 2024-cü il tarixli, AZA 021581 saylı protokoldan görünür ki, Şəxs 29 mart 2024-cü il tarixdə saat 12:00-da inzibati qaydada tutulmuşdur. İşdə olan şəxsi axtarış və fiziki şəxslərdə olan əşyaları yoxlama haqqında 29 mart 2024-cü il tarixli, AZA 009127 saylı protokoldan görünür ki, Şəxs üzərindən qanunla qadağan edilmiş hər-hansı əşya və ya predmet aşkar edilməmişdir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Odur ki, Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib barəsində həmin maddələrdə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Hesab edirəm ki, Şəxs istinad olunan Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta, ona istinad olunan həmin Məcəllənin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətadan daha ciddi inzibati xəta olduğu üçün ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 333-1, 334, 334-1, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 338.10, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343.1 – 343.7, 343.9, 343- 1.1 – 343-1.9, 343-1.11, 349, 351, 351-1, 353.5, 361, 362-3, 363, 363-1, 363-2, 368‒379, 381.1‒381.7, 388‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394.0.8, 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.1-2, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477- 2.2, 479‒481, 482.1, 482-1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 562-1, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598, 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati məsuliyyətə səbəb olan əməldir. Yenə bu Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İİ dərəcə əlilliyinin müəyyən edilməsi, yaşı və ailə vəziyyəti onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Eyni zamanda, işin faktiki hallarının hüquqi müstəvidə araşdırılması zamanı Şəxs əməlində ağırlaşdırıcı hallar müəyyən edilmədi. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməməsi hissəsinə tənqidi yanaşılmalı və bu hal sonuncunun məsuliyyətdən yayınma məqsədi güddüyü kimi qiymətləndirilməlidir. İXM-nin 30-cu maddəsinin İİ hissəsinə əsasən Hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İnzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən əməlində ağırlaşdıran halın olmaması ilə yanaşı, İİ dərəcə əlilliyinin müəyyən edilməsi kimi əməlini yüngülləşdirən halların olmasını, habelə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin törətdiyi xəta əməlində idarəçilik qaydalarının pozulduğunu, eləcə də bilavasitə ümumilikdə cəmiyyətin mənəvi-əxlaqi, ictimai dəyərlərinə, o cümlədən heysiyyətinə toxunulduğunu, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, o cümlədən bu kateqoriyadan olan şəxslərə inzibati həbs tətbiq edilə bilmədiyindən, onun İXM-nin 510-cu və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Eyni zamanda qeyd edirəm ki, Şəxs 29 mart 2024-cü il tarixdə, saat 12:00-dan inzibati qaydada tutulmuş, daha sonra azad olunmamışdır. Hazırda, İXM-nin 510 və 535.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair iş üzrə həbslə bağlı olmayan inzibati tənbeh tədbiri tətbiq edildiyindən Şəxs barəsində tutma da ləğv edilməli və o, qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında tutmadan azad edilməklə, onun barəsində tətbiq ediləcək inzibati cərimə cəzası bu inzibati xətaların törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox olmamalıdır. Azərbaycan Respublikası İXM-nin 31.4-1. İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, İXM-nin 31.4-1-ci maddəsi tətbiq edilməklə, ona 150 (yüz əlli) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Şəxs barəsində tutma ləğv edilsin və o, qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında tutmadan azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Ucar Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim : Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar