Məhkəmə qərarları › İş №3(063)-95/2025

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-95/2025

06.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-95/2025 06.03.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X6 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən vəzifəli şəxs - Ucar RPŞ-nin DYPB-nin yol patrul xidməti inspektoru X1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Hakıs oğlunun iştirakları ilə, xx xxxx 1994-cü il tarixdə Ucar rayonu, Bağman kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ucar rayonu, Bağban kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs Hakıs oğlu barəsində Azərbaycan Respublikası DİN-nin Ucar rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar rayon Polis Şöbəsindən daxil olmuş 15 fevral 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, 14 fevral 2025-ci il tarixdə, saat 16:30-da Ucar rayonu, Bərgüşad kəndində Ucar rayonu, Bağban kənd sakini Şəxs Hakıs oğlu sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə etdiyi VAZ 21063 minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində Zərərçəkmiş şəxs1 və X2 maddi ziyan dəymişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən vəzifəli şəxs - Ucar RPŞ-nin DYPB-nin yol patrul xidməti inspektoru X5 tərtib edilmiş protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Hakıs oğlu özünü İXM-nin 334.3-cü maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, 14 fevral 2025-ci il tarixdə, saat 16:30-da Ucar rayonu, Bərgüşad kəndində yerləşən Bərgüşad şadlıq evində toyda olarkən spirtli içki qəbul etmiş, bundan sonra sürücülük hüququ olmadan VAZ 21063 minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək hərəkətə başlamış və nəticədə idarəetməni itirərək Zərərçəkmiş şəxs1 məxsus “Mitsubishi L200” minik markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtomobillə və Zərərçəkmiş şəxs2 etibarnamə üzrə idarə etdiyi VAZ 21063 minik markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hazırda törətdiyi əməldən peşman olmasının, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsinin, sonuncuların ona qarşı hər hansı şikayət və tələblərinin olmamasının, himayəsində azyaşlı uşaqlarının və xəstə anasının olmasının nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 izahatında bildirdi ki, 14 fevral 2025-ci il tarixdə özünə məxsus “Mitsubishi L200” minik markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtomobilini Ucar rayonu, Bərgüşad kəndində yerləşən Bərgüşad şadlıq evinin qarşısında saxlamışdır. Avtomobilinə yaxınlaşan zaman Şəxs Hakıs oğluna məxsus VAZ 21063 minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin onun avtomobilini vuraraq yol-nəqliyyat hadisəsini törətməsini görmüşdür. Hazırda Şəxsla barışmış, dəymiş ziyan ödənilmiş, sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur (bununla bağlı yazılı ərizəsini də təqdim edir). Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs2 izahatında bildirdi ki, 14 fevral 2025-ci il tarixdə etibarnamə ilə idarə etdiyi VAZ 21063 minik markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilini Ucar rayonu, Bərgüşad kəndində yerləşən Bərgüşad şadlıq evinin qarşısında saxlamışdır. Avtomobilinə yaxınlaşan zaman Şəxs Hakıs oğluna məxsus VAZ 21063 minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin onun avtomobilini vuraraq yol-nəqliyyat hadisəsini törətməsini görmüşdür. Hazırda Şəxsla barışmış, dəymiş ziyan ödənilmiş, sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur (bununla bağlı yazılı ərizəsini də təqdim edir). İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar rayon Polis Şöbəsindən daxil olmuş 15 fevral 2025-ci il tarixli, İXP seriyalı 69049365 nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, 14 fevral 2025-ci il tarixdə, saat 16:30-da Ucar rayonu, Bərgüşad kəndində Ucar rayonu, Bağban kənd sakini Şəxs Hakıs oğlu sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə etdiyi VAZ 21063 minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində Zərərçəkmiş şəxs1 və X2 maddi ziyan dəymişdir. İşdə olan qüsur aktlarından görünür ki, hadisə nəticəsində VAZ 21063 minik markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilə 300 manat, “Mitsubishi L200” minik markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtomobilə isə 900 manat maddi ziyan dəymişdir. İşdə olan 26 oktyabr 2020-ci il tarixdə verilmiş AD seriyalı, 914436 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mitsubishi L200” minik markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyət hüququ Zərərçəkmiş şəxs1 məxsusdur. İşdə olan 26 may 1998-ci il tarixdə verilmiş AA seriyalı, 030685 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, VAZ 21063 minik markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyət hüququ X3 məxsusdur. İşdə olan 24 yanvar 2008-ci il tarixli etibarnamənin surətindən görünür ki, VAZ 21063 minik markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil X4 tərəfindən Zərərçəkmiş şəxs2 24 yanvar 2028-ci il tarixədək etibar edilmişdir. İşdə olan zərərçəkmiş şəxslərin 06 mart 2025-ci il tarixli ərizələrindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Hakıs oğlu ilə barışmışlar, maddi ziyan ödənilmişdir, odur ki, sonuncuya qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Hakıs oğlunun İXM-nin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs Hakıs oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib İXM-nin 334.3-cü maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində barəsində inzibati tənbeh tətbiq edilməlidir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini, eləcə də, əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində 3 azyaşlı uşaqlarının, eləcə də xəstə anasının olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə də, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini, eləcə də, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində üç azyaşlı uşaqlarının, eləcə də, xəstə anasının olmasını, eləcə də, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, o cümlədən onun məsuliyyətini yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edir ki, Şəxs Hakıs oğluna Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Hakıs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinib, ona 800 (səkkiz yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar