Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-100/2025 19.02.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Füzuli Rayon Polis Şöbəsinin polis baş leytenantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Füzuli Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən hüquqi şəxsin nümayəndəsi İ.Quliyev protokolu müdafiə edərək, protokolun məzmununa uyğun izahat verərək qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlini etiraf edərək səmimi peşman olduğunu və bir daha belə bir halın təkrarlanmayacağına söz verdiyini bildirdi. İş materiallarında olan: - xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə. Saat 15:00-da Q.X2 300 minik markalı, **-KT- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən AR İXM-nin 511.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edilmişdir; - Şəxs Füzuli Rayon Polis Şöbəsinə verdiyi izahat əsasında müəyyən olunur ki, o, 2024-cü ilin avqust ayında etibarnamə əsasında idarə etdiyi Mercedes Benz 300 minik markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobillə avtoxuliqanlıq edərək yol hərəkəti qaydalarını pozub, hazırda əməlindən peşmandır və onun bu hərəkətlərinin sosial şəbəkədə paylaşılmasından xəbəri olmayıb; - foto və video görüntülərdə Mercedes Benz 300 minik markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxsin avtoxuliqanlıq əməlləri törətməsi əks olunmuşdur. Məhkəmə mövcud inzibati xəta haqqında material üzrə hüquqi qiymətləndirmə aparılması üçün aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri- hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 dekabr 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “Konstitusiya Məhkəməsinin Plenumu diqqətəlayiq bir məqamı da göstərməyi lazım bilir. Qanunverici inzibati tənbehin tətbiqinin müddətini müəyyən edərkən ilk növbədə inzibati xətanın aşkar edilməsi və müvafiq icraatın aparılması meyarlarından çıxış edir. Digər tərəfdən, inzibati tənbeh vermə müddətinin üç ay müəyyən edilməsi onunla izah olunur ki, qanunverici “prosessual qənaət” prinsipinə əsaslanaraq məhkəmə prosesinin əsassız olaraq uzadılmasının qarşısını almış olur. Belə yanaşma işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur.” Məhkəmə, tərəfləri dinləyib, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədildiyi gündən, yəni 2024-cü ilin avqust ayından 5 aydan artıq müddət keçdiyindən Şəxs barəsində inzibati tənbeh verilə bilməz. Beləliklə, Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyinə görə xitam verilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1, 40, 43, 53.0.6, 105.1, 114.2.1 və 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Füzuli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №3(064)-100/2025
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-100/2025
19.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver