Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-1011/2024 06.12.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Füzuli rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1980-cı il tarixdə Füzuli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Füzuli rayonu, Bala Bəhmənli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli rayon İcra və Probasiya şöbəsindən (bundan sonra – Füzuli RİP) daxil olmuş 06 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Füzuli RİPŞ-nin icra məmuru X4 tərəfindən Şəxs barəsində Mingəçevir Şəhər Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(051)-1729/2023 nömrəli qətnaməsi əsasında 06 sentyabr 2023-cü il tarixdə verilmiş icra sənədinə (bundan sonra – həmin icra sənədi) münasibətdə Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə tərtib edilmiş 06 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Füzuli RİPŞ-nin icra məmuru X4 verdiyi izahatında göstərmişdir ki, həmin icra sənədinə əsasən borcludan Mingəçevir Şəhər Məhkəməsinin 26 iyul 2023cü il tarixli, 2(051)-1729/2023 nömrəli qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq 29 aprel 2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək salanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment və uşağın saxanılması üçün hər ay əlavə xərc olaraq 25 manat aliment pulu alınaraq tələbkar Zərərçəkmiş şəxs (bundan sonra – tələbkar) verilməlidir. Həmin icra sənədi üzrə 15 sentyabr 2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, qərarın surəti və tələbin könüllü icrası haqqında bildiriş borclunun yaşadığı ünvana göndərilmişdir. Borclu həmin icra sənədini üzrsüz səbəbdən icra etmədiyinə görə 12 avqust 2024-cü il tarixdə barəsində protokol tərtib edilmiş və baxılması üçün məhkəmə göndərilmişdir. Borclu aliment borcundan məhkəmə iclas zalında 500 manat məbləğində pul ödədiyinə görə Füzuli Rayon Məhkəməsinin 12 avqust 2024-cü il tarixli, 3(064)-715/2024 nömrəli qərarı ilə borclu barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Borcluya həmin icra sənədini icra etməli olması ilə bağlı Füzuli RİPŞ-yə dəvət edildiyi barədə bildiriş göndərsə də, borclu Füzuli RİPŞ-yə gəlməmişdir. Buna görə də 16 sentyabr 2024-cü il tarixdə borclu müvafiq qərar əsasında Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Füzuli RİPŞ-yə məcburi gətirilmişdir. Hazırda borclu həmin icra sənədi üzrə yaranmış 1135 manat məbləğində aliment borcundan 300 manat ödəniş edə biləcəyini bildirir, qalan 835 manat hissəsini isə maddi vəziyyətinin zəif olması səbəbindən qısa müddətə ödəyəcəyini bildirmişdir. Lakin tələbkar borclunun ona olan həmin 1135 manat məbləğində aliment borcunu tam və birdəfəlik ödəməsini tələb edir. Borclunun aliment borcunu birdəfəlik tamamilə ödəməməsi tələbkarın narazılığına və şikayətlər etməsinə səbəb olmuşdur. Buna görə də o, 06 dekabr 2024-cü il tarixdə borclu barəsində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Aparılmış icra tədbirləri nəticəsində borclunun adına daşınar və daşınmaz əmlak aşkar olunmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs (bundan sonra - borclu) verdiyi izahatında göstərmişdir ki, həmin icra sənədi üzrə tələbkara aliment borcunun 300 manat hissəsini hazırda ödəmiş, 835 manat hissəsini isə maddi vəziyyətinin zəif olması səbəbindən birdəfəlik ödəyə bilməmiş, fəhlə işlədiyi iş yerindən əmək haqqı məbləği aldığı zaman borcunu tam ödəyəcəkdir. Göstərdiklərinə əsasən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə bu baxımdan, borclunun əməlində Azərbaycan Respublikası İXM-in 528.1 və ya 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətlərinin olub-olmamasının müəyyən edilməsi məqsədilə aşağıdakı halların qeyd edilməsini zəruri hesab edir. Əvvəla, məhkəmə iş materiallarına əlavə edilmiş sənədlər əsasında Füzuli RİPŞ-nin icra məmuru X2 məhkəmə iclasında verdiyi izahatında həmin icra sənədinin məzmunu, edilmiş icra hərəkətləri və onların nəticəsi barədə göstərdiyi halların iş materiallarında eyni məzmunda öz əksini tapdığını müəyyən edir, buna görə də həmin sənədlərin məzmununu təkrarlamağa zərurət görmür. Azərbaycan Respublikası İXM-in: - 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə, - 528.1-1-ci maddəsində isə həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə borclu barəsində inzibati xəta haqqında protokol Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə tərtib edilsə də, sonuncu məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə bir il ərzində eyni icra sənədinə münasibətdə həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə təqsirli bilinmədiyinə, əksinə, Füzuli Rayon Məhkəməsinin 12 avqust 2024cü il tarixli, 3(064)-715/2024 nömrəli qərarı ilə onun barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verildiyinə görə həmin Məcəllənin 528.1-ci maddəsi ilə tərtib edilə bilərdi. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədlər, Füzuli RİPŞ-nin icra məmuru X4 və borclunun məhkəmə iclasında verdikləri izahatlar əsasında, həmçinin müəyyən etmişdir ki, sonuncu həmin icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs olan 1135 manat məbləğində aliment borcunun 300 manat hissəsini hazırda ödəmiş, qalan 835 manat hissəsini isə maddi vəziyyətinin zəif olması səbəbindən birdəfəlik tamamilə ödəyə bilməsə də, ödəməkdən imtina etməmiş, əksinə qısa müddətinə hissə-hissə ödəyəcəyini bildirmişdir. Eləcə də, borclunun adına daşınar və daşınmaz əmlak aşkar olunmamışdır. Azərbaycan Respublikası İXM-in: - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iş materiallarında borclunun həmin icra sənədi üzrə tələbkara olan 1135 manat aliment borcunun 300 manat hissəsini ödədikdən sonra qalan 835 manat hissəsini ödəməməsinin üzrsüz səbəbdən baş verməsinə dair konkret sübut yoxdur. Əksinə, borclunun göstərilən icra sənədi üzrə tələbkara sonuncu dəfə 06 dekabr 2024-cü il tarixdə 300 manat məbləğində ödəniş etməsi icra sənədini qalan hissədə tam icra etməməsinin üzrsüz səbəbdən baş verməsi halını istisna edir. Buna görə də həmin hal iş materialları ilə sübut edilmir. Bu səbəbdən həmin halın mövcud olması barədə şübhələr olsa belə, borclunun xeyrinə həll edilməlidir. Borclu həmin icra sənədi üzrə tələbkara olan 835 manat aliment borcunu üzrsüz səbəbdən deyil, maddi vəziyyətinin zəif olması səbəbindən birdəfəlik tamamilə ödəyə bilməmişdir. Azərbaycan Respublikası İXM-in: - 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. - 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 114.2.1-ci maddəsinə əsassən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə yuxarıda göstərdiyi işin müəyyən edilmiş hallarına və onlara tətbiq edilməli olan qanunvericilik normalarına əsaslanaraq belə nəticəyə gəlir ki, borclunun əməlində Azərbaycan Respublikası İXM-in 528.1 və ya 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətləri olmadığına görə sonuncu barəsində tərtib edilmiş 06 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 3, 8, 53.1.2 və 114.2.1-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs barəsində tərtib edilmiş 06 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(064)-1011/2024
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-1011/2024
06.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver