Məhkəmə qərarları › İş №3(064)-1019/2024

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-1019/2024

16.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-1019/2024 16.12.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Füzuli Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə Füzuli rayonu, Böyük Bəhmənli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” Publik Hüquqi şəxsdə mühəndis işləyən, Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsindən (bundan sonra – Füzuli RPŞ) daxil olmuş 16 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 14 dekabr 2024-cü il tarixdə saat 17 radələrində Füzuli rayonu, Füzuli şəhərində yeni inşa edilmiş binalardan birində yaşayan sabiq arvadı Şahid2 yaşadığı evin qapısını ona açmamasına görə həmin binanın blokunda və binaların həyətində ucadan səs-küy salıb bina sakinlərini narahat etmiş, həmin hərəkətlərini oraya gəlmiş polis əməkdaşlarının qanuni tələblərinə baxmayaraq, davam etdirmiş, bunun nəticəsində xırda xuliqanlıq etmiş və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də Füzuli RPŞ-nin polis sahə rəisi, polis leytenantı X3 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı tərtib edilmiş 16 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Füzuli RPŞ-nin polis sahə rəisi X3 16 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, 14 dekabr 2024-cü il tarixdə saat 17 radələrində Füzuli rayonu, Füzuli şəhərində yeni inşa edilmiş binalardan birində yerləşən, sabiq arvadı Şahid2 yaşadığı mənzilin qapısını döyüb sonuncudan nigahlarından doğulmuş uşağı İbrahim Aslanovla görüşmək istədiyinə görə qapını açmasını istəmişdir. O, Şahid2 mənzilinin qapısını açmamasından əsəbiləşdiyinə görə həmin binanın blokunda və binaların həyətində ucadan səs-küy salıb bina sakinlərini narahat etmiş, həmin hərəkətlərini oraya gəlmiş polis əməkdaşlarının qanuni tələblərinə baxmayaraq, davam etdirmişdir. Buna görə də polis əməkdaşları onu Füzuli RPŞ-yə dəvət etmişlər. Törətdiyi həmin əməllərindən səmimi peşimandır. Göstərdiklərinə əsasən barəsində inzibati cərimə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və yetkinlik yaşına çatmamış övladı Şahid1 verdikləri izahatlarında işin halları barədə Şəxs izahatında bildirdiyi ilə eyni məzmunda göstərmişlər. İş materiallarından görünür ki, Füzuli RPŞ-də aparılmış araşdırma zamanı Füzuli RPŞ-nin PPXB-nin polis nəfərləri X4 və X2 verdikləri izahatlarında işin halları barədə Şəxs izahatında bildirdiyi ilə eyni məzmunda göstərmişlər. Azərbaycan Respublikası İXM-in: - 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. - 535.1-ci maddəsinə əsasən polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməlləri törətməsi: - məhkəmə iclasında və Füzuli RPŞ-də aparılmış araşdırma zamanı özünün verdiyi etirafedici izahatı, şahid qismində dindirilmiş Şahid2 və Şahid1 verdikləri izahatları, həmçinin Füzuli RPŞ-də aparılmış araşdırma zamanı şahid qismində dindirilmiş Füzuli RPŞ-nin PPXB-nin polis nəfərləri X4 və X1 verdikləri izahatları, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. - ictimai qaydanın pozulması və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmama ilə nəticələndiyinə görə Azərbaycan Respublikası İXM-in müvafiq olaraq 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddələrdə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İXM-in: - 34.3-cü maddəsinə əsasən bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. - 43-cü maddəsinə əsasən həmin Məcəllənin 510 və 535-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri baxır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 510 və 535-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri baxdığına, inzibati tənbeh növləri olan inzibati həbs və cərimə 535-ci maddənin sanksiyasında müvafiq olaraq bir ayadək müddətə və iki yüz manat məbləğində, 510-cu maddənin sanksiyasında isə müvafiq olaraq on beş günədək müddətə və əlli manatdan yüz manatadək məbləğində nəzərdə tutulduğuna, beləliklə də, 535-ci maddədə nəzərdə tutulmuş inzibati xəta 510-cu maddədə nəzərdə tutulmuş inzibati xətadan daha ciddi olduğuna görə Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs iş üzrə törətdiyi inzibati xəta əməllərinə münasibətdə səmimi peşmançılığını Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə və təqsirini etiraf etməsini həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs törətdiyi, həmin Məcəllənin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın xarakterini, onun şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsi, əmlak vəziyyətini, səmimi peşmançılığı və təqsirini etiraf etməsindən ibarət məsuliyyətini yüngülləşdirən halların olmasını nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün 34.3-cü maddəsi tətbiq edilməklə, 535.1-ci maddəsi ilə onun barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi kifayətdir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 31-33, 106-115ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsi tətbiq edilməklə, həmin Məcəllənin 535.1-ci maddəsi ilə Şəxs barəsində 200 (iki yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar