Məhkəmə qərarları › İş №3(064)-1020/2025

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-1020/2025

05.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-1020/2025 05.12.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Füzuli rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakı ilə, xx.xx.1981-ci ildə Füzuli rayonu, Dövlətyarlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, Füzuli rayonu, Dövlətyarlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli rayon İcra və Probasiya şöbəsindən (bundan sonra – Füzuli RİP) daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(064)-1679/2024 saylı qətnaməsi əsasında həmin məhkəmə tərəfindən verilmiş icra sənədinin icrası ilə əlaqədar Füzuli RİPŞ-nin icra məmuru X5 qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 manat inzibati cərimə tənbeh tədbirinin tətbiq edildiyi Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(064)-415/2025 nömrəli qərarının qanuni qüvvəyə mindiyi gündən bir il ərzində həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş, yuxarıda göstərilən inzibati xətanı eyni icra sənədinə münasibətdə təkrar törətmişdir. Buna görə də Füzuli RİPŞ-nin icra məmuru X6 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Füzuli RİPŞ-nin icra məmuru X6 verdiyi izahatında göstərmişdir ki, Füzuli Rayon Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli e-2(064)-1679/2024 saylı icra sənədinə əsasən borclu Şəxs oğlundan cəmi 38500 manat məbləğində borc tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Fiziki şəxsə borc tələbi üzrə icra sənədinə dair 17 fevral 2025-ci il tarixdə qəbul edilmiş icraata başlamaq haqqında qərar məhkəməyə və tələbkara göndərilmiş, qərar və tələbin könüllü icrası haqqında bildiriş borclu Şəxs göndərilmişdir.İcra sənədi üzrə tələbin yerinə yetirilməsi barədə borclu Şəxs rəsmi xəbərdarlıqlar və Elektron icra İnformasiya sistemi ilə çağırış barədə SMS göndərilməsinə baxmayaraq, o, qanuni tələbləri yerinə yetirməyərək icra sənədi üzrə olan tələbi yerinə yetirməmişdir. Bu səbəbdən də, icra sənədi üzrə olan borcu ödətdirmək mümkün olmamış, icra sənədi icrasız qalmışdır. Bu isə tələbkarın haqlı narazılığına səbəb olmuşdur. Borcun ödənilməsi ilə əlaqədar borclu Şəxs şöbəyə dəvət olunmasına baxmayaraq, o gəlməmiş və gəlməməsində səbəbini bildirməmişdir. Bundan sonra Şəxs barəsində xx.xx.2025-ci il tarixdə borclunun haqqında axtarış qərarı qəbul edilmiş və icra olunması üçün Füzuli rayon Polis şöbəsinə göndərilmişdir. Borclu Şəxs Füzuli rayon Polis əməkdaşları tərəfindən xx.xx.2025-ci tarixli və saat 14:30 -da Füzuli rayon İcra və Probasiya Şöbəsinə təhvil verilmişdir. Borcludan alınmış izahatda Zərərçəkmiş şəxs bu günə qədər 550 manat pul ödəmiş, qalan 37950 manat borcundan hazırda heç bir ödəniş edə bilməyəcəyinin bildirmişdir. X1 Füzuli rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək adı çəkilən icra sənədi üzrə olan borcun tam şəkildə ödnilməsini, əks təqdirdə borclunun məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Buna görə də borclu barəsində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmçinin bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dəfələrlə icra sənədinin icrası ilə bağlı şöbəyə dəvət olunsa da, o, şöbəyə gəlməmişdir. Qeyd olunanlara əsasən borclu öz hərəkətləri ilə icra sənədlərindəki tələbləri üzrsüz səbəbdən icra etmədiyindən onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, hazırki iş üzrə əməlində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranmasını mübahisələndirmir. Sözügedən icra vərəqəsi barədə məlumatı var. Barəsində hazırki icra sənədi üzrə xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilən zaman tələbkara olan borcundan 550 manat ödəniş etmiş, qalan borcu isə ödəyə bilməmişdir. Tələbkara cəmi 37950 manat məbləğində borcunun olduğunu, həmin borcunu ödəyə bilməməsini işləməməsini maddi vəziyyətinin pis olması ilə izah edir. Hazırda heç bir ödəniş edə bilmir. Həmçinin bildirmişdir ki, dəfələrlə icra sənədinin icrası ilə bağlı şöbəyə dəvət olunsa da, o, şöbəyə gəlməmişdir. Əməlindən səmimi peşmandır, himayəsində 2 azyaşlı uşağı vardır. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil bildirmişdir ki, Şəxs himayəsində 2 azyaşlı uşağının olmasını, əməlindən peşman olmasını nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(064)- 415/2025 nömrəli qərarının surətindən görünür ki, Şəxs hazırki icra sənədinə münasibətdə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 manat inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-in: - 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. - 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə -fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarına əlavə edilmiş müvafiq sənədlərin surətləri əsasında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və onu tərtib etmiş Füzuli RİP-nin icra məmuru X4 məhkəmə iclasında verdiyi izahatında göstərilmiş işin faktiki hallarının iş materiallarında eyni məzmunda öz əksini tapdığını (məhkəmə buna görə də iş materiallarına əlavə edilmiş sənədlərin məzmununu təkrarlamağa zərurət görmür), xüsusilə də sonuncunun borclu Şəxs göstərilən icra sənədini icra etməsi üçün xəbərdarlıq etsə də, sonuncunun icra məmurunun həmin qanuni tələblərini yerinə yetirmədiyini müəyyən edir. Beləliklə, məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməli törətməsi: - məhkəmə iclasında özünün verdiyi etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan sənədlərlə və işin faktiki halları ilə tam sübuta yetirilmişdir. -Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə bu barədə nəticəyə gələrkən, sonuncunun Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(064)-1679/2024 saylı qətnaməsi əsasında həmin məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə törətdiyi, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinə münasibətdə həmin Məcəllənin 528.1-1-ci maddəsinin sanksiyasının 528.1-ci maddəsinin sanksiyasını əhatə etməsi səbəbindən əlavə olaraq, 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə ehtiyac olmadığını da nəzərə alır. Məhkəmə Şəxs səmimi peşman olmasını və himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir, məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakteri, onun şəxsiyyətini, təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə səmimi peşmanlıq keçirməsindən və himayəsində 2 azyaşlı uşağının olmasından ibarət məsuliyyətini yüngülləşdirən halların mövcud olmasını, məsuliyyətini ağırlaşdıran halın müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə onun barəsində 15 (on beş) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 16:25-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Füzuli Rayon Polis Şöbəsinə və Beyləqan Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar