Məhkəmə qərarları › İş №3(064)-103/2024

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-103/2024

14.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-103/2024 14.02.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ 14 fevral 2024-cü il İş № 3(064)-103/2024 Füzuli rayonu, Horadiz şəhəri Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, Füzuli rayon Polis şöbəsinin sahə rəisi, polis kapitanı X1, zərər çəkmiş şəxs X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Füzuli rayonu, Böyük Bəhmənli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsili, işləməyən, Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli rayon Polis şöbəsindən (bundan sonra – Füzuli RPŞ) daxil olmuş 14 fevral 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Füzuli rayon Polis şöbəsindən (bundan sonra – Füzuli RPŞ) daxil olmuş 14 fevral 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda Şəxs xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Füzuli rayonu, Horadiz şəhərində yerləşən Qaz idarəsində rəis X3 uca səslə söyərək təhqir ediyi və idarənin iş rejimini pozduğu göstərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs- Füzuli rayon Polis şöbəsinin sahə rəisi, polis kapitanı X1 verdiyi izahatında bildirdi ki, Şəxs xx.xx.2024cü il tarixdə saat 12 radələrində Füzuli rayonu, Horadiz şəhərində yerləşən Qaz idarəsində rəis X3 uca səslə söyərək təhqir etmiş və idarənin iş rejimini pozmuşdur. Bu səbəbdən də onun barəsində inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında bildirdi ki, qaz idarəsinə gedərək yeni tikdirdiyi evə smart qaz sayğacı çəkilməsi ilə bağlı rəis İlham Quliyevə müraciət etmiş, lakin İ.Quliyev kobud danışdığı üçün onunla mübahisə etmiş və rəis İ.Quliyev və satış müdiri V.Sadıqovu söyərək təhqir etmiş, eyni zamanda, törətdiyi əməldən peşiman olduğunu, zərər çəkmiş şəxsdən üzr istədiyini və himayəsində 3 övladının olduğunu bildirdi. Şəxs tutduğu əməldən peşman olduğu, üzr istədiyi və himayəsində 3 övladının olduğu üçün daha yüngül inzibati tənbeh növünün təyin edilməsini məhkəmədən xahiş etdi. Zərər çəkmiş şəxs X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəxs uca səslə onu söyərək təhqir etmiş və idarənin iş rejimini pozmuşdur. Lakin sonradan təqsirini boynuna alaraq ondan üzr istəmiş, o, isə həmin üzrü qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Əsədov Babək və Sadəqov Vilayət işin halları barədə Şəxs ilə eyni məzmunlu ifadə verdilər. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməlləri törətməsi məhkəmə iclasında özünün verdiyi etirafedici izahatı ilə yanaşı, şahid qismində dindirilmiş şəxslərin verdikləri izahatlar, inzibati xəta haqqında protokol və digər sənədlərlə tam sübuta yetirilmişdir. Şəxs etdiyi əməl ictimai qaydanın pozulması ilə nəticələndiyinə görə Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə, himayəsində 3 övladının olmasını isə həmin məcəllənin 32.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakteri, onun şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə səmimi peşmançılığı və himayəsində 3 övladının olmasından ibarət məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində cərimə növündə inzibati tənbehin ən yüksək həddə tətbiq edilməsi kifayətdir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 100 (yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Füzuli rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar