Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-1102/2025 05.02.2026 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, qərardan şikayət verən şəxs X1, qərar qəbul edən qurumun nümayəndəsi, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsinin inspektoru X4 iştirakları ilə X1 DİN Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31281063 saylı inzibati tənbeh vermə haqqında elektron qərarından verdiyi şikayətə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X5 (bundan sonra – şikayətçi) Azərbaycan Respublikası DİN-nin Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31281063 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan şikayətlə Füzuli Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində özünə məxsus **-BE- *** dövlət qeydiyyat nişanlı, “Kamaz 5511” markalı yük nəqliyyat vasitəsi ilə M-6 Hacıqabul-Bəhramtəpə-Mincivan avtomobil yolunun 91,6-cı kilometrliyində, İmişli rayonu, Qaradonlu kəndi ərazisində hərəkətdə olarkən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə EQ31281063 saylı elektron qərar tərtib edilmişdir. Qərarda yükün çəkisinin 28,660 kq olması göstərilmişdir. Lakin o, həmin gün, yəni xx.xx.2025-ci il tarixdə, saat təxminən 10:35 radələrində qum yüklədikdən dərhal sonra elektron tərəzidə nəqliyyat vasitəsinin yüklə birlikdə ümumi çəkisini yoxlatmış, çəkidə 25,200 kq nəticə qeydə alınmış və bu göstərici yük avtomobilləri üçün qanunla müəyyən edilmiş 25,000-26,000 kq normativ həddi aşmamışdır. O, bütün hallarda hərəkətə başlamazdan əvvəl tələbləri pozmamaq üçün çəkini yoxlayır. İXM-nın 353-cü maddəsinin dispozisıyası iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən kütlə parametrlərini aşması halında inzibati məsuliyyət nəzərdə tutur. Lakin o, hərəkətə başlamazdan əvvəl nəqliyyat vasitəsinin çəkisini elektron tərəzidə dəqiqləşdirmiş, müəyyən edilmiş normanı aşmadığına əmin olmuş və yalnız bundan sonra marşrut üzrə hərəkətini davam etdirmişdir. Bununla belə İmişli rayonu, Qaradonlu kəndi ərazisindən keçərkən yolda quraşdırılmış elektron tərəzi tam fərqli 28,660 kq çəki göstərmiş, nəticədə barəsində inzibati tənbeh haqqında qərar çıxarılmışdır. İki tərəzidə fərqli rəqəmlərin qeydə alınması ölçmə dəqiqliyinin şübhə doğurduğunu və elektron qərarın obyektiv qüsurlarla tərtib edildiyini göstərir. O, məsələ ilə bağlı əvvəlcə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 idarəsinə müraciət etmiş və ona məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət etməli olduğu izah olunmuşdur. Qeyd olunan quruma müraciət etməsinə baxmayaraq problemin həlli təmin edilməmişdir. Hesab edir ki, barəsində qəbul olunmuş xx.xx.2025-ci il tarixli, EQ31281063 saylı inzibati qərar qanunsuzdur. İnzibati tənbeh tətbiq edilməsinə əsas verən, qanunla müəyyən edilmiş normativ çəki həddinin aşılması barədə sübutların özündə ciddi uyğunsuzluq mövcuddur və təqdim olunan məlumatlar şübhəli xarakter daşıyır. Belə ki, yük vurulduğu zaman çəkidə 25,200 kq nəticə qeydə alınmış olduğu halda, İmişli rayonunun Qaradonlu kəndi ərazisindən keçərkən yolda quraşdırılmış elektron tərəzi tam fərqli — 28,660 kq göstərici təqdim etmişdir. Bu göstəricilər arasındakı əhəmiyyətli fərq özlüyündə ciddi uyğunsuzluqdur və yaranmış fərqin onun hərəkətləriylə bağlı olmadığı açıq şəkildə görünür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsiri barəsində yaranan hər bir şübhə onun xeyrinə həll edilməlidir. Bu baxımdan yol kənarında quraşdırılmış elektron tərəzinin əvvəlcədən aparılmış çəkidən tam fərqli nəticə göstərməsi, eləcə də, nəqliyyat vasitəsinin əvvəlki ölçməyə əsasən normanı aşmaması və bu səbəbdən hərəkətə davam etməsi faktı onun həmin inzibati xətanı törətmək niyyətində olmadığını təsdiq edir. Elektron tərəzilərdə baş verə biləcək texniki uyğunsuzluqlar səbəbindən real vəziyyəti əks etdirməyən göstərici əsasında barəsində elektron qərarın tərtib edilməsi isə hüquqi baxımdan əsassızdır. Odur ki, qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası DİN-nin Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31281063 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş edir. Şikayətçi məhkəmə iclasında ərizəsinin məzmununa uyğun ifadə verərək Azərbaycan Respublikası DİN-nin Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 31281063 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. İnzibati qərar qəbul edən qurumun nümayəndəsi, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsinin inspektoru X6 məhkəmə iclasında bildirmişdir ki, elektron tərəzi müvafiq qaydada yoxlanılmış və “Ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamə” alınmışdır. Ona görə də həmin elektron tərəzidə texniki uyğunsuzluqların baş verməsi mümkün deyildir. Lakin digər nəqliyyat vasitələrinin də eyni anda və ya qismən ölçmə platformasına daxil olması ehtimalının tərəzinin nəticələrinə təsir göstərə biləcəyini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli tərəzi qəbzindən görünür ki, **-BE-*** dövlət qeydiyyat nişanlı, “Kamaz 5511” markalı yük nəqliyyat vasitəsinin daşıdığı yükün ümumi çəkisi 25,200 kq-dır. - Azərbaycan Respublikası DİN-nin Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31281063 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, xx.xx.2025-ci il saat 12:51-də M-6 Hacıqabul-Bəhramtəpə-Mincivan avtomobil yolunun 91.6-cı kilometrliyində, İmişli rayonu, Qaradonlu kəndi ərazisindən keçən hissəsində **-BE-*** dövlət qeydiyyat nişanlı, “Kamaz 5511” markalı yük nəqliyyat vasitəsinin istifadəçisi kimi X5 barəsində İXM-in 353.2-ci maddəsi ilə 600 (altı yüz) manat məbləğində cərimə tənbehi tətbiq edilmişdir. - Azərbaycan Respublikası DİN-nin Baş X10 İdarəsi tərəfindən X3 ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, “Kamaz 5511” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə olunması zamanı törədilmiş yol hərəkəti qayda pozuntusuna görə xüsusi texniki vasitənin Baş X9 İdarəsinin mərkəzi informasiya sisteminə ötürülmüş məlumatı əsasında çıxarılmış EQ 31281063 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarla bağlı Bakı Şəhər BPİ DYPl-yə ünvanlanmış müraciətə baxılmış, məsələnin müsbət həlli üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət etməsi tövsiyə olunmuşdur. - Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən X3 ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, cərimənin ləğv edilməsinə dair müraciətə baxılmış, elektron tərəzinin müvafiq qaydada yoxlanılması və “Ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamə” alındığı bildirilmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, səlahiyyətli orqan tərəfindən X5 tərəfindən İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş - İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə 600 manat məbləğində cərimə edilmişdir. Lakin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilərkən, inzibati orqan heç bir araşdırma aparmadan X5 barəsində xx.xx.2025-ci il tarixli EQ 31281063 saylı inzibati tənbeh vermə haqqında elektron qərar qəbul etmişdir. Belə ki, inzibati iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır. Elektron qərarın əsaslandığı yol kənarında quraşdırılmış (elektron tərəzinin ölçmə şəraiti və texniki göstəriciləri araşdırılmamış, ölçmənin hansı qaydada və hansı vəziyyətdə aparıldığı müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkildən görünür ki, nəqliyyat vasitəsinin arxa hissəsində minik avtomobili və digər yük avtomobilləri də hərəkətdə olmuşdur. Bu hal elektron tərəzidə ölçmə zamanı digər nəqliyyat vasitələrinin də eyni anda və ya qismən ölçmə platformasına daxil olması ehtimalını yaradır. Belə olan halda çəki göstəricisinin yalnız şikayətçiyə məxsus nəqliyyat vasitəsinə aid olub-olmaması şübhə doğurur. Elektron tərəzi texniki baxımdan saz vəziyyətdə olsa belə ölçmə anında yolda birdən artıq nəqliyyat vasitəsinin olması və ya nəqliyyat vasitələri arasında normativ məsafənin gözlənilməməsi nəticənin dəqiq olmamasına səbəb ola bilər. Bu ehtimal inzibati iş materiallarında araşdırılmamışdır. Həmçinin şikayətçi hərəkətə başlamazdan əvvəl nəqliyyat vasitəsinin çəkisini elektron tərəzidə yoxlatmış və ümumi çəkinin 25,200 kq olduğunu müəyyən etmişdir. Bu göstərici qanunla müəyyən edilmiş normativ həddi aşmamışdır. Sonradan sertifikatlaşdırılmış tərəzi tərəfindən isə 28,660 kq göstəricisi qeydə alınmışdır. Bu zaman əldə olunmuş ölçü nəticələri əvvəlki ölçmə ilə əhəmiyyətli fərq təşkil edir və müvafiq araşdırma aparılmadan bu fərqin məhz onun hərəkətlərindən irəli gəldiyini müəyyən etmək mümkün deyildir. Həmçinin məhkəmə iclasında iştirak edən mütəxəssislər də elektron tərəzidə texniki səhv baş verməsi ehtimalının mümkünsüz olduğunu, lakin digər nəqliyyat vasitələrinin də eyni anda və ya qismən ölçmə platformasına daxil olması ehtimalının tərəzinin nəticələrinə təsir göstərə biləcəyini bildirmişlər. Göründüyü kimi inzibati tənbeh vermə haqqında elektron qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən, araşdırma aparmadan qəbul edilmişdir. Səlahiyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Yekunda isə qeyd olunan qərar X1 cərimə edilməsinə səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. - 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. - 135.1.1-cı maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. - 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, X5 barəsində Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsinə əsasən verilmiş xx.xx.2025-ci il tarixli EQ 31281063 saylı inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq qərara aldı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 31281063 saylı inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Füzuli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №3(064)-1102/2025
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-1102/2025
05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver