Məhkəmə qərarları › İş №3(064)-115/2024

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-115/2024

28.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-115/2024 28.02.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Füzuli rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx xxxxxx 1972-ci il tarixdə Füzuli rayonu, Kürdmahmudlu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli rayonu, Kürdmahmudlu kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli rayon İcra və Probasiya şöbəsindən (bundan sonra – Füzuli RİP) daxil olmuş 21 fevral 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Füzuli RİPŞ-nin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş 21 fevral 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda Şəxs Füzuli Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2(064)-2433/2021 nömrəli qətnaməsi əsasında 15 fevral 2022-ci il tarixdə verilmiş icra sənədini üzrsüz səbəbdən icra etmədiyi göstərilmişdir. Məhkəmə iclasında Füzuli RİPŞ-nin icra məmuru X2 verdiyi izahatında göstərmişdir ki, Füzuli Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2(064)-2433/2021 nömrəli qətnaməsi üzrə 15 fevral 2022-ci il tarixdə verilmiş icra sənədinə əsasən Şəxs (bundan sonra - borclu) cəmi 685,63 manat məbləğində pul tutulub BOKT "xxxx" MMC-yə ödənilməlidir. Həmin icra sənədi üzrə 21 fevral 2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul etmiş, qərarın surətini və tələbin könüllü icrası haqqında bildirişi borclunun yaşadığı ünvana göndərmişdir. Borclu onun dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, həmin icra sənədi üzrə tələbkara əvvəllər 50 manat, 28 fevral 2024-cü il tarixdə isə 200 manat olmaqla, cəmi 250 manat məbləğində pul ödəmiş, 435,63 manat məbləğində pulu ödəməmişdir. Borclunun həmin icra sənədi üzrə tələbkara əvvəllər cəmi 50 manat məbləğində pul ödəməsi tələbkarın haqlı narazılığına və şikayət etməsinə səbəb olmuşdur. Buna görə də 21 fevral 2024-cü il tarixdə borclu barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs adına daşınar və daşınmaz əmlak aşkar olunmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, həmin icra sənədi üzrə tələbkara əvvəllər 50 manat, 28 fevral 2024-cü il tarixdə isə 200 manat olmaqla, cəmi 250 manat məbləğində pul ödəmiş, qalan 435,63 manat məbləğində pulu isə işləməməsi və maddi vəziyyətinin zəif olması səbəbindən birdəfəlik ödəyə bilməmişdir. İcra sənədi üzrə tələbkara qalan pulu ayda hissəhissə ödəyəcəkdir. Göstərdiklərinə əsasən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə bu baxımdan, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətlərinin olub-olmamasının müəyyən edilməsi məqsədilə aşağıdakı halların qeyd edilməsini zəruri hesab edir. Əvvəla, məhkəmə iş materiallarına əlavə edilmiş sənədlərin surətləri əsasında Füzuli RİPŞ-nin icra məmuru X1 məhkəmə iclasında verdiyi izahatında Füzuli Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 2(064)-2433/2021 nömrəli qətnaməsi üzrə verilmiş icra sənədinin məzmunu, edilmiş icra hərəkətləri və onların nəticəsi barədə göstərdiyi halların iş materiallarında eyni məzmunda öz əksini tapdığını müəyyən edir, buna görə də həmin sənədlərin məzmununu təkrarlamağa zərurət görmür. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35ci maddələri baxımından şərh edilməsinə dair” 4 sentyabr 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Qeyd olunanlara əsasən iş üzrə Şəxs Füzuli Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 2(064)-2433/2021 nömrəli qətnaməsi üzrə verilmiş icra sənədini tam icra etməməsinin üzrsüz səbəbdən baş verib-verməməsinin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədlər, Füzuli RİPŞ-nin icra məmuru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdikləri izahatlar əsasında, həmçinin müəyyən etmişdir ki, göstərilən icra sənədi üzrə sonuncu tələbkara əvvəllər 50 manat, 28 fevral 2024-cü il tarixdə isə 200 manat olmaqla, cəmi 250 manat məbləğində pul ödəmiş, 435,63 manat məbləğində pulu işləməməsi və maddi vəziyyətinin zəif olması səbəbindən ödəyə bilməmiş, aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs adına daşınar və daşınmaz əmlak aşkar olunmamışdır. Azərbaycan Respublikası İXM-in: - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iş materiallarında Şəxs Füzuli Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2(064)-2433/2021 nömrəli qətnaməsi üzrə 15 fevral 2022-ci il tarixdə verilmiş icra sənədini tam olaraq icra etməməsinin üzrsüz səbəbdən baş verməsinə dair konkret sübut yoxdur. Buna görə də həmin hal iş materialları ilə sübut edilmir. Bu səbəbdən həmin halın mövcud olması barədə şübhələr olsa belə, Şəxs xeyrinə həll edilməlidir. Beləliklə, iş materialları əsasında belə nəticəyə gəlinir ki, Şəxs göstərilən icra sənədini üzrsüz səbəbdən deyil, ailəsinin maddi vəziyyətinin zəif olması səbəbindən tam icra edə bilməmişdir. Azərbaycan Respublikası İXM-in: - 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. - 53.0.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 114.2.1-ci maddəsinə əsassən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə yuxarıda göstərdiyi işin müəyyən edilmiş hallarına və onlara tətbiq edilməli olan qanunvericilik normalarına əsaslanaraq belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətləri olmadığına görə sonuncu barəsində tərtib edilmiş 21 fevral 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 3, 8, 53.0.2 və 114.2.1-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs barəsində tərtib edilmiş 21 fevral 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar