Məhkəmə qərarları › İş №3(064)-119/2023

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-119/2023

30.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-119/2023 30.03.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ inzibati xəta haqqında protokolu tərtib edən şəxs Füzuli RPŞ-nin polis sahə rəisi polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və vəkili Vəkil iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Füzuli rayonu, Kərimbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, deməsinə görə məhkum olunmamış, “GESCO" ASC-də mühafizəçi işləyən, Füzuli rayonu, Kərimbəyli kəndində qeydiyyatda olmaqla orada yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilir ki, Şəxs xx.xx.2023-cü il tarixində qanunsuz olaraq əldə etdiyi narkotik vasitə olan marixuananı istifadə etmişdir. Məhkəmə iclasında: Füzuli RPŞ-nin polis sahə rəisi polis baş leytenantı X2 bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə qanunsuz əldə etdiyi narkotik vasitəni istifadə etmişdir. Ona görə də, onun barəsində AR İXM-in 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü AR İXM-in 206-cı maddəsi ilə təqsirli bilərək bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə əldə etdiyi narkotik vasitə olan marixuananı istifadə etmişdir. Füzuli RPŞ-nin əməkdaşları tərəfindən saxlanılarkən törətdiyi əməlini səmimi şəkildə etiraf etmişdir. Vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf etməsini nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. İnzibati xəta haqqında materiala əlavə edilmiş: 29 mart 2023-cü il tarixli, 203 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs narkotik vasitələrin istehlakı nəticəsində yaranmış sərxoşluq vəziyyəti aşkar edilmişdir. xx.xx.2023-cü il tarixli, AZA № 002583 inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 23:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən proses iştirakçılarının izahatları ilə Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə hesab edir ki, o, həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən onun inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası İXM-in: 9.1-ci maddəsində deylir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.3. İnzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 31.2-ci maddəsinin tələbinə görə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 206-cı maddəsində göstərilir ki, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, davranışını və işin digər hallarını nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Bununla yanaşı, məhkəmə Şəxs törətdiyi əməli etiraf etməsini də nəzərə alaraq bu tənbeh tədbirinin nisbətən aşağı həddə təyin olunmasını ədalətli sayır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 106-115 və 206-cı maddələrini rəhbər tutaraq, QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1 (bir) ay müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli xx.xx.2023-cü il saat 23:00-dan hesablansın. Qərar dərhal icra olunsun və icrası Füzuli rayon PŞ-yə və Beyləqan rayon PŞ MSY-ə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yaşar Həşimov Azərbaycan Respublikası Füzuli Rayon Məhkəməsi AZ 1900 Füzuli rayonu Tel: (026-315)51-82 Horadiz şəhəri İş № 3(064)-119/2023 30 mart 2023-cü il Füzuli rayon Polis Şöbəsinin rəisi polis polkovnik-leytenantı cənab Zaur Abbasova Beyləqan rayon Polis Şöbəsinin rəisi polis polkovniki cənab Rüstəm Cəfərova Füzuli Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə xx.xx.2023-cü il tarixli, 3(064)-119/2023 saylı qərarı icra edilməsi üçün Sizə göndərilir. Qoşma: qərar. HAKİM Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar