Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-124/2023 07.04.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Füzuli RPŞ DYPB YPX-nin polis baş serjantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixində İmişli rayonu, Qaradonlu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, İmişli rayonu, Qaradonlu kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 342.5-ci və 353.5-ci maddələri ilə başlanmış inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: Füzuli rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə müəyyən edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 23:48 radələrində idarə etdiyi “HOWO ZZ3257N3847A YÜK” markalı, ** TJ *** dövlət nömrə nişanlı avtomaşını idarə edən zaman AR İXM-in 342.5-ci konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı, 353.5-ci həmin məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsi halına yol verilmişdir. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci və 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında: Füzuli RPŞ DYPB YPX-nin polis baş serjantı X2 bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 23:48 radələrində “HOWO ZZ3257N3847A YÜK” markalı, ** TJ *** dövlət nömrə nişanlı avtomobili idarə edən zaman müəyyən edilmişdir ki, o, yük avtomobilinə normadan artıq yük yığmışdır. Həmçinin müəyyən edilmişdir ki, Şəxs eyni xətanı il ərzində təkrar törətmişdir. Odur ki, onun barəsində Azərbaycan Respublikası İXM-in 353.5-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü AR İXM-in 353.5-ci maddəsi ilə təqsirli bilərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 23 radələrində “HOWO ZZ3257N3847A YÜK” markalı, ** TJ *** dövlət nömrə nişanlı avtomoblii idarə edən zaman YPX əməkdaşları tərəfindən saxlanılmışdır. Araşdırma zamanı onun normadan artıq yük daşıdığı müəyyən edilmişdir. Odur ki, barəsində İXM-in müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx.xx.2022-ci il tarixli, İXP ******* inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün inzibati cərimə edilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən proses iştirakçılarının izahatları ilə Şəxs Azərbaycan Respublikası İXM-in 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübut edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən onun inzibati məsuliyyətini yüngülləşdirən halları müəyyən etməmişdir. AR İXM-in 33.1.2-ci maddəsinə əsasən, Şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi onun inzibati məsuliyyətini ağırlaşdıran haldır. Azərbaycan Respublikası İXM-in: 353.2. İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. 353.5. Bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılmaqla min iki yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsində deylir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bununla yanaşı, İXM-in inzibati tənbehin məqsədlərindən bəhs edən 21-ci maddəsində qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, davranışın və işin digər hallarını nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-in 353.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş əsas və əlavə inzibati tənbeh tədbirlərinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Bununla yanaşı, inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində həm də İXM-in 342.5-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Azərbaycan Respublikası İXM-in: 34.2. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. 342.5. Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə edilir. Göründüyü kimi, AR İXM-də şəxsin eyni vaxtda öz hərəkətləri ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxsin daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməsi nəzərdə tutulmuşdur. Lakin Şəxs barəsində İXM-in 342.5 və 353.5-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır ki, bunlardan da yalnız 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın baxılması məhkəmənin səlahiyyətinə aiddir. Lakin AR İXM-də bir şəxsin bir neçə inzibati xəta törətdiyi halda (eyni orqanın səlahiyyətinə aid deyilsə) bu əməllərin daha ciddi inzibati xəta ilə əhatələnməsi halı nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair» 02 noyabr 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, «…inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin….» Odur ki, məhkəmə hazırki iş üzrə AR Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarını və həmin qərarda ifadə olunmuş hüquqi mövqeyini rəhbər tutaraq məhkəmə baxışının hədlərindən bəhs edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsində nəzərdə tutulmuş müddəalarına isnad edilməsini qanunamüvafiq hesab edir. Belə ki, adı çəkilən normada göstərilir ki, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, məhkəmə bu normadan yararlanaraq hesab edir ki, Şəxs barəsində İXM-in 342.5 və 353.5-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraatdan İXM-in 342.5-ci maddəsi xaric edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 106- 115 və 353.5-ci maddələrini rəhbər tutaraq, qərar verdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 342.5 və 353.5-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraatdan Azərbaycan Respublikası İXM-in 342.5-ci maddəsi xaric edilsin. Şəxs Azərbaycan Respublikası İXM-in 353.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətə məhdudlaşdırılmaqla 1.200 (min iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yaşar Həşimov Azərbaycan Respublikası Füzuli Rayon Məhkəməsi AZ 1900 Füzuli rayonu Tel: (026-315)51-82 Horadiz şəhəri İş № 3(064)-124/2023 xx.xx.2023-cü il Şəxs Unvan: İmişli rayonu, Qaradonlu kəndi Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(064)-124/2023 saylı inizbati xəta haqqında iş üzrə qərarı sizə göndərilir. Qoşma: qərar. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №3(064)-124/2023
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-124/2023
07.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver