Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-126/2024 04.03.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X9, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Füzuli Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X2 iştirakları ilə, xx xxxxxx 1996-cı il tarixdə Füzuli rayonu, Füzuli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Füzuli şəhəri, Əzizbəyov küçəsi, ev 61-də qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsindən (bundan sonra – Füzuli RPŞ) daxil olmuş 04 mart 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 02 mart 2024-cü il tarixdə saat 15 radələrində Füzuli şəhərində yaşadığı binanın həyətində sərxoş vəziyyətdə uca səslə nalayiq sözlər deməsi, polis əməkdaşlarının qanuni tələblərinə baxmayaraq, bu hərəkətlərini həmin yerdə və polis əməkdaşlarının onu Füzuli RPŞ-yə aparmasından sonra Füzuli RPŞ-nin inzibati binasında davam etdirməsi nəticəsində xırda xuliqanlıq etmiş və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də Füzuli RPŞ-nin polis sahə rəisi, polis leytenantı X6 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları yuxarıda göstərilən məzmunda törətməsi ilə bağlı tərtib edilmiş 04 mart 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Füzuli RPŞ-nin polis sahə rəisi X6 04 mart 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, Füzuli şəhərində yeni inşa edilmiş binadakı mənzilə ailə üzvləri ilə birlikdə köçürüldükdən sonra müvafiq orqana işə qəbul edilməsi üçün müraciət etmişdir. 02 mart 2024-cü il tarixdə saat 16-17 radələrində Füzuli şəhərində yeni inşa edilmiş binada yerləşən, Məftun adlı həmyerlisinin yaşadığı evə gedib orada olmuş müvafiq vəzifəli şəxsdən onun işə qəbulla bağlı etdiyi müraciətinə baxılmasının nəticəsini soruşmuşdur. Həmin vəzifəli şəxsin ona deməsi əsasında Füzuli şəhərində fəaliyyət göstərən “Təmiz Şəhər” qrumunun briqadirindən ona hansı işin təklif ediləcəyini soruşmuşdur. Həmin şəxsin ona təmizlik işləri üzrə işçi kimi işə götürülə biləcəyini deməsindən möhkəm əsəbiləşdiyinə görə bu hislərin təsiri altında mağazadan aldığı 1 litrlik arağı içdikdən sonra Məftunun yaşadığı evə orada olan vəzifəli şəxsə etiraz etmək məqsədilə yenidən getmiş, qapını döysə də, qapını açan olmamışdır. Buna görə də oradan həyətə düşmüş, ona layiqli iş təklif edilməməsinə etiraz etmişdir. Səs-küyə bir neçə nəfər Füzuli şəhər sakinləri və polis əməkdaşları onun olduğu yerə gəlmişlər. İş materiallarına əlavə edilmiş videogörüntüdən onun uca səslə etiraz etməsi ilə bağlı görünən hal polis əməkdaşının ona qarşı dediyi sözlərlə əlaqədar baş vermişdir. Polis əməkdaşlarının təklifi ilə onlarla birlikdə Füzuli RPŞ-yə getmiş, polis əməkdaşları onu Füzuli RPŞ-nin müvəqqəti saxlama yerində 03 mart 2024-cü il tarix, saat 00:30-dək saxlamışlar. Göstərdiyi vaxt ərzində Füzuli şəhərində yaşadığı binanın həyətində və Füzuli RPŞ-də olarkən spirtli içki qəbul etməsi səbəbindən hər hansı şəxsin ünvanına deyil, ünvansız nalayiq sözlər desə də, ictimai qaydanı pozmadığını, polisin qanuni tələblərinə tabesizlik etmədiyini hesab edir. Buna görə də barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Füzuli RPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı Şahid1 verdiyi izahatında göstərmişdir ki, 02 mart 2024-cü il tarixdə saat 15 radələrində xidməti ərazisi olan Füzuli şəhərində xidmətdə olarkən Şəxs (bundan sonra – Elməddin) yeni inşa edilmiş binaların həyətində ucadan ünvansız nalayiq sözlər və hər şeyi dağıdacağını deyib ictimai qaydanı pozmasını gördüyünə görə sonuncudan bu hərəkətlərinə son qoymasını, nizam-intizamlı olmasını tələb etmişdir. Elməddin həmin hərəkətlərini davam etdirməklə, qışqıra-qışqıra danışmaqla və onunla mübahisə etməklə onun qanuni tələblərinə məhəl qoymamışdır. Elməddinin səs-küyünə bir neçə nəfər Füzuli şəhər sakinləri onların olduğu yerə gəlmişlər. Buna görə də o, Elməddinin artan qanunsuz hərəkətlərinin qarşısını almaq məqsədilə Füzuli şəhərində xidmətdə olmuş Füzuli RPŞ-nin PPXB-nin polis nəfərləri X1 və X3 radiorabitə vasitəsilə həmin əraziyə çağırmışdır. Sonuncu Füzuli RPŞ-nin PPXB-nin tağım komandiri Şahid3 radiorabitə vasitəsilə həmin əraziyə çağırmışdır. Elməddin Nəsirov, Rasim Həsənov və Şahid3 hadisə yerinə çatanda Elməddinin yenə də ucadan ünvansız nalayiq sözlər deməsi, qışqıra-qışqıra danışması və onunla mübahisə etməsini, oraya bir neçə nəfər Füzuli şəhər sakinlərinin gəldiyini görmüşlər. O, həmin polis əməkdaşları ilə birlikdə Elməddindən bu hərəkətlərinə son qoymasını tələb etmiş, sonuncunu sakitləşmədiyinə görə əlavə polis əməkdaşları gəldikdən sonra barəsində qanuni tədbir görülməsi üçün Füzuli RPŞ-yə gətirmişlər. Elməddin Füzuli RPŞ-də olanda da polis əməkdaşlarının qanuni tələblərinə baxmayaraq, təxminən 10-15 dəqiqə ərzində ünvansız nalayiq sözlər deməklə və qışqıra-qışqıra danışmaqla Füzuli RPŞ-də iş rejimini pozmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Füzuli RPŞ-nin PPXB-nin tağım komandiri, polis kiçik leytenantı Şahid3 verdiyi izahatında iş üzrə Şəxs həm Füzuli şəhərində yaşadığı binanın həyətində, həm də Füzuli RPŞ-də olarkən etdiyi hərəkətlərlə bağlı, 02 mart 2024-cü il tarix, saat 09:00-dan 03 mart 2024-cü il tarix, saat 09:00-dək Füzuli RPŞ-nin növbətçi hissəsində məsul növbətçi olmuş polis mayoru Şahid2 isə verdiyi izahatında iş üzrə Şəxs Füzuli RPŞ-də olarkən etdiyi hərəkətlərlə bağlı Şahid1 izahatı ilə eyni məzmunda göstərmiş, Şahid2 izahatında əlavə olaraq, Şəxs sərxoş vəziyyətdə özü və ətrafdakı şəxslər üçün təhlükəli olması səbəbindən 03 mart 2024-cü il tarix, saat 00:30dək Füzuli RPŞ-nin müvəqqəti saxlama yerində saxlanıldığını, lakin onun inzibati qaydada tutulması barədə protokol tərtib edilmədiyini bildirmişdir. Bununla yanaşı, iş materiallarından görünür ki, Füzuli RPŞ-nin PPXB-nin polis nəfərləri X1 və X4 iş üzrə Füzuli RPŞ-də aparılmış araşdırma zamanı verdikləri, məhkəmə iclasında elan edilərək tədqiq edilmiş izahatlarında Şəxs həm Füzuli şəhərində yaşadığı binanın həyətində, həm də Füzuli RPŞ-də olarkən etdiyi hərəkətlərlə bağlı, 02 mart 2024cü il tarix, saat 09:00-dan 03 mart 2024-cü il tarix, saat 09:00-dək Füzuli RPŞ-nin növbətçi hissəsində məsul növbətçi köməkçisi olmuş X8 isə verdiyi izahatında Şəxs Füzuli RPŞ-də olarkən etdiyi hərəkətlərlə bağlı Şahid1 izahatı ilə eyni məzmunda göstərmişlər. İş materiallarında olan bir ədəd diskin yaddaşına yazılmış videogörüntüdən görünür ki, Şəxs 02 mart 2024-cü il tarixdə Füzuli şəhərində yaşadığı binanın həyətində bir neçə şəhər sakininin yanında ucadan danışmaqla, nalayiq sözlər deməklə ictimai qaydanı pozmuş, bu hərəkətlərini polis əməkdaşlarının qanuni tələblərinə baxmayaraq bir neçə dəqiqə ərzində davam etdirmişdir. İş materiallarında olan, məhkəmə iclasında elan edilərək tədqiq edilmiş 02 mart 2024-cü il tarixli, 115 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”ndan görünür ki, həmin tarixdə müayinə zamanı Şəxs sərxoş olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-in: - 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. - 535.1-ci maddəsinə əsasən polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməlləri törətməsi: - məhkəmə iclasında özünün verdiyi izahatın iş üzrə təqsirsiz olması ilə bağlı olan hissələri istisna olmaqla qalan hissələri, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1, Şahid3 və Şahid2 verdikləri izahatlar, X1, X4 və X5 məhkəməyəqədərki araşdırma zamanı verdiyi, məhkəmə iclasında elan edilərək tədqiq edilmiş izahatları, iş materiallarında olan 04 mart 2024-cü il tarixli 115 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”, bir ədəd diskin yaddaşına yazılmış videogörüntü və digər sənədlərlə tam sübuta yetirilmişdir. - ictimai qaydanın pozulması və polisin qanuni tələblərinə qəsdən tabe olmama ilə nəticələndiyinə görə Azərbaycan Respublikası İXM-in müvafiq olaraq 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddələrdə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İXM-in: - 34.3-cü maddəsinə əsasən bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. - 43-cü maddəsinə əsasən həmin Məcəllənin 510 və 535-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri baxır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 510 və 535-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri baxdığına, ən ciddi inzibati tənbeh növü olan inzibati həbs 535-ci maddənin sanksiyasında bir ayadək, 510-cu maddənin sanksiyasında isə on beş günədək müddətə nəzərdə tutulduğuna, beləliklə də, 535-ci maddədə nəzərdə tutulmuş inzibati xəta 510-cu maddədə nəzərdə tutulmuş inzibati xətadan daha ciddi olduğuna görə Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh edilməlidir. Məhkəmə “Elektron Məhkəmə Portalı”ndan əldə edilmiş məlumata əsasən Şəxs himayəsində üç nəfər azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası İXM-in 32.2ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir, təqsirli bilindiyi həmin Məcəllənin 535.1-ci maddəsi üzrə onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs həmin Məcəllənin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın xarakteri, onun şəxsiyyətini, təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə himayəsində üç nəfər azyaşlı uşaqlarının olmasından ibarət məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində 8 (səkkiz) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilməsi zəruridir. Məhkəmə Şahid2 və Şəxs məhkəmə iclasında verdikləri izahatları əsasında sonuncunun inzibati qaydada tutulması barədə protokol tərtib edilmədən 03 mart 2024-cü il tarix, saat 00:30-dək, yəni 1 (bir) gün Füzuli RPŞ-nin müvəqqəti saxlama yerində saxlanıldığını müəyyən etdiyinə görə hesab edir ki, həmin müddət Şəxs barəsində təyin ediləcək inzibati həbs tənbeh tədbiri müddətindən çıxılmalıdır. Şəxs həbs edilməsinin əvvəli 04 mart 2024-cü il tarix, saat 18:00-dan hesablanmalıdır. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsi tətbiq edilməklə, həmin Məcəllənin 535.1-ci maddəsi ilə Şəxs barəsində 8 (səkkiz) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Şəxs 03 mart 2024-cü il tarixdə Füzuli Rayon Polis Şöbəsində inzibati qaydada tutulduğu 1 (bir) gün müddət barəsində təyin edilmiş 8 (səkkiz) gün müddətə inzibati həbs tənbeh tədbirinə hesablanıb həmin müddətdən çıxılmaqla, üzərində qəti olaraq 7 (yeddi) gün müddətə inzibati həbs tənbeh tədbiri saxlanılsın. Şəxs həbs edilməsinin əvvəli 04 mart 2024-cü il tarix, saat 18:00-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Füzuli Rayon Polis Şöbəsinə və Beyləqan Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(064)-126/2024
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-126/2024
04.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver