Məhkəmə qərarları › İş №3(064)-127/2024

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-127/2024

05.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-127/2024 05.03.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Novruzov Azad Novruz oğlunun katibliyi, Füzuli rayon prokurorunun köməkçisi X4, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Füzuli rayonu, Yağlıvənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, Füzuli rayonu, Yağlıvənd kəndində qeydiyyatda olmaqla, hazırda Bakı 3 saylı İstintaq Təcridxanasında saxlanılan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157 və 232-1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Füzuli rayon prokuroru E.Rüstəmov tərəfindən İXM-in 157 və 232-1-ci maddələri ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli qərarda qeyd edilmişdir ki, Şəxs 13 noyabr 2023-cü il tarixdə gecə saatlarında X2 yaşadığı Füzuli rayonu, Zobucuq-1 qəsəbəsi, 41 nömrəli evdə olarkən şəxsi münasibətlər zəminində mübahisə zamanı əlində olan bıçaqla X5 vuraraq sonuncuya sol əlin İV barmağının səthi kəsilmiş yarası ilə müşayiət olunan, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət və X3 taxta parçası ilə vuraraq ona sol said nahiyəsində qançır ilə müşayiət olunan, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirməklə,bundan başqa 15 noyabr 2023-cü il tarixdə, saat 05 radələrində X2 yaşadığı ünvan 1 ünvanında yerləşən evinə evdə yaşayan Yeganə Əliyevanın iradəsi ziddinə qanunsuz daxil olarkən qəsdən dəhlizdəki otağa giriş qapısını fiziki gücü ilə, eləcə də həmin evin qonaq otağının pəncərəsinin şüşəsini daşla sındırıb Yeganə Əliyevaya cəmi 120 manat maddi ziyan vurmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında: Füzuli rayon prokurorunun köməkçisi X7 bildirdi ki, Şəxs 13 noyabr 2023-cü il tarixdə gecə saatlarında X2 yaşadığı Füzuli rayonu, Zobucuq-1 qəsəbəsi, 41 nömrəli evdə olarkən şəxsi münasibətlər zəminində mübahisə zamanı əlində olan bıçaqla X5 vuraraq sonuncuya sol əlin İV barmağının səthi kəsilmiş yarası ilə müşayiət olunan, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət və X3 taxta parçası ilə vuraraq ona sol said nahiyəsində qançır ilə müşayiət olunan, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirməklə,bundan başqa 15 noyabr 2023-cü il tarixdə saat 05 radələrində X2 yaşadığı ünvan 1 ünvanında yerləşən evinə evdə yaşayan Yeganə Əliyevanın iradəsi ziddinə qanunsuz daxil olarkən qəsdən dəhlizdəki otağa giriş qapısını fiziki gücü ilə, eləcə də həmin evin qonaq otağının pəncərəsinin şüşəsini daşla sındırıb Yeganə Əliyevaya cəmi 120 manat maddi ziyan vurmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Zərərçəkmiş şəxs barışmadığına və şikayəti olduğuna görə qərar baxılması üçün məhkəməyə göndərilmişdir. Zərərçəkmiş şəxs X6 bildirdi ki, Şəxs 13 noyabr 2023-cü il tarixdə gecə saatlarında onun yaşadığı Füzuli rayonu, Zobucuq-1 qəsəbəsi, 41 nömrəli evdə olarkən şəxsi münasibətlər zəminində mübahisə zamanı əlində olan bıçaqla onu vuraraq sol əlin İV barmağının səthi kəsilmiş yarası və X3 taxta parçası ilə vuraraq ona sol said nahiyəsində qançır ilə müşayiət olunan, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirməklə,bundan başqa 15 noyabr 2023-cü il tarixdə, saat 05 radələrində X2 yaşadığı ünvan 1 ünvanında yerləşən evinə evdə yaşayan Yeganə Əliyevanın iradəsi ziddinə qanunsuz daxil olarkən qəsdən dəhlizdəki otağa giriş qapısını fiziki gücü ilə, eləcə də həmin evin qonaq otağının pəncərəsinin şüşəsini daşla sındırıb Yeganə Əliyevaya cəmi 120 manat maddi ziyan vurmaqla ona zərər vurmuşdur. Hazırda Şəxs şikayətçidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü AR İXM-in 157 və 232-1-ci maddələri ilə təqsirli bilməyərək bildirdi ki, o, heç kimə xəsarət yetirməmiş və heç bir əşya sındırmamışdır. İnzibati xəta haqqında iş üzrə icraat materialına əlavə edilmiş Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 128, 29,120.2.4 və 157.1-ci maddələri ilə təqsirləndirilən şəxs Şəxs həbsdə saxlanılma müddəti 15 gün, yəni 31 mart 2024-cü il tarixədək uzadılmışdır. Məhkəmə araşdırması zamanı Şəxs özünü AR İXM-in 157 və 232-1-ci maddələri ilə təqsirli bilməsə də onun qeyd olunan inzibati xətaları törətməsi zərərçəkmiş şəxsin izahatı, eləcə də xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraat qərarı və həmin qərarda əks edilmiş sənədlərlə öz təsdiqini tam tapmışdır. Odur ki, məhkəmə hesab edir ki, Şəxs qeyd olunan inzibati xətaları törətməkdə təqsirli bilinərək inzibati qaydada cəzalandırılmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən onun inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası İXM-in:

157. Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 232-1. Özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in: 9.1-ci maddəsində deylir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinin tələbinə görə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə törədilmiş inzibati xətaların xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, davranışını zərərçəkmiş şəxsin şikayətçi olmasını və işin digər hallarını nəzərə alaraq Şəxs təqsirli bilindiyi AR İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd edir ki, Şəxs xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə zərəçəkmiş şəxs və onun anasına qarşı inzibati xəta və cinayət əməli törətməsi onu deməyə əsas verir ki, o, hələ də qanunlara əməl edilməsi ruhunda tərbiyələnməmişdir. Belə olan halda, məhkəmə bu qənaətə gəlir ki, Şəxs barəsində sanksiyada nəzərdə tutulmuş ağır tənbeh tədbiri olan inzibati həbsin tətbiq olunması onun şəxsiyyətinə uyğundur. Lakin iş materiallarından görünür ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 128, 29,120.2.4 və 157.1-ci maddələri ilə təqsirləndirilən şəxs Şəxs həbsdə saxlanılma müddəti 15 gün, yəni 31 mart 2024-cü il tarixədək uzadılmışdır. Belə olan halda, həbsdə saxlanılan Şəxs inzibati qaydada həbs olunması artıq lüzumsuz hala gəlir və məhkəmə onu inzibati qaydada cərimələmək məcburiyyətində qalır. Azərbaycan Respublikası İXM-in: 34.1. Bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 34.2. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 2 sentyabr 2020-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etmişdir:

1. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir.

2. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur.

3. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Bununla yanaşı, məhkəmə zərərçəkmiş şəxsə ona vurulmuş maddi ziyanın ödənilməsi tələbi ilə ayrıca mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etməsinin izah edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası İXM-in: 36.1. İnzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. 36.2. İnzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Odur ki, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXMin 30-34, 106-115, 157 və 232-1-ci maddələrini rəhbər tutaraq,

qərar verdi: Şəxs Azərbaycan Respublikası İXM-in 157 və 232-1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə 500 (beş yüz) manat, Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə 240 (iki yüz qırx) manat inzibati cərimə edilsin. Azərbaycan Respublikası İXMin 34.3-cü maddəsinin tələbinə əsasən, Şəxs daha ciddi xəta olan Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə 500 (beş yüz) manat inzibati cərimə təyin edilsin. Zərərçəkmiş şəxsə ona vurulmuş maddi ziyanın ödənilməsi tələbi ilə ayrıca mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etməsi izah edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar