Məhkəmə qərarları › İş №3(064)-13/2023

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №3(064)-13/2023

23.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 3(064)-13/2023 23.01.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və vəkili X3 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: Füzuli rayon Polis şöbəsinin sahə rəisi X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN №1356372 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 09 radələrində Füzuli rayonu, Qayıdış qəsəbəsi ərazisində magistral yolda X1 avtomobilinin qarşısını kəsib yolda sonuncunun ünvanına uca səslə nalayiq söyüşlər söyərək içtimai qaydanı pozmuşdur. Məhkəmə iclasında: Zərərçəkmiş şəxs X6 bildirdi ki, Şəxs artıq bir neçə dəfədir ki, ona qarşı qanunsuz hərəkətlər edir. Odur ki, Şəxs cəzalandırılmasını istəyir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, Füzuli rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı polis kapitanı X4 xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından məlumatı yoxdur. Belə ki, həmin qərar ona rəsmi qaydada təqdim edilməmişdir. Vəkil X7 bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Füzuli rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı polis kapitanı S.Xəlilovun xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından məlumatı olmamışdır. Belə ki, həmin qərar ona rəsmi qaydada təqdim edilməmişdir. Şəxs qərardan şikayət vermək hüququ nəzərə alınmadan barəsində elə həmin tarixdə, yəni xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməklə baxılması üçün məhkəməyə göndərilmiş və bu Şəxs müdafiə hüququnun pozulması ilə nəticələnmişdir. Odur ki, protokol natamam olduğundan geri qaytarılmalıdır. Məhkəmə inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara və Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsinin tələbinə əsasən inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Füzuli rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı polis kapitanı X4 xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və onun barəsində İXM-in 510-cu maddəsi ilə inizbati xəta haqqında protokolun tərtib edilməsi Füzuli RPŞ İTB-yə həvalə edilmişdir. Həmin qərardan tərəflərin, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şikayət vermək hüququ nəzərə alınmadan Füzuli rayon Polis şöbəsinin sahə rəisi X5 tərəfindən Şəxs barəsində elə həmin tarixdə, yəni xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməklə baxılması üçün məhkəməyə göndərilmiş və bununla da Şəxs müdafiə hüququnun pozulması ilə nəticələnmişdir. Azərbaycan Respublikası İXM-in rayon (şəhər) məhkəmələrinin aidiyyətindən bəhs edən 43.1-ci maddəsinə əsasən məhkəmələr AR İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işə baxırlar. Həmin Məcəllənin 43.3-cü maddəsində isə göstərilir ki, bu Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5 və 5.1-ci maddələrinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsinə müvafiq olaraq həmin Məcəllənin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» xx.xx.2019-cu il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, «İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsi rayon (şəhər) məhkəmələri tərəfindən baxılan inzibati xətalar haqqında işlərin dairəsini müəyyən edir. Məcəllənin 43.2-ci maddəsinə görə, bu Məcəllənin 43.2-1-ci və 54.2-ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlər istisna olmaqla, rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qeyd olunmalıdır ki, inzibati xətalar qanunvericiliyinin tələbinə görə, inzibati tənbeh tətbiq edən orqan və vəzifəli şəxslərdən fərqli olaraq, rayon (şəhər) məhkəmələri nisbətən daha ağır sanksiya (tənbeh) ilə nəticələnən inzibati xətalara dair işlərə baxırlar». Yuxarıda isnad olunan normaların tələblərindən belə anlaşılır ki, İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş xırda xuliqanlıq inzibati xəta haqqında işə baxmaq hüququ həmçinin polis orqanlarının səlahiyyətlərinə aid edilmişdir. Füzuli rayon PŞ İTB-nin sahə rəisi baş leytenantı Ə.Həsənli isə Şəxs barəsində İXMin 510-cu maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN № ******* inzibati xəta haqqında protokol tərtib etmiş və İXM-in 43.3-cü maddəsində göstərilən tələblərə riayət etməyərək həmin protokolu və ona əlavə edilmiş sənədləri baxılması üçün məhkəməyə göndərməklə kifayətlənmişdir. Belə ki, Füzuli rayon PŞ-nin rəisi Zaur Abbasovun xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadında işin məhkəməyə göndərilməsi üçün əsas kimi sadəcə Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın baxılmasının rayon məhkəməsinin səlahiyyətində olması qeyd olunmuş, lakin işin məhkəməyə göndərilməsi üçün zəruri olan bir sıra xüsusatlar, o cümlədən inzibati xətanın xarakteri, inzibati xəta törədənin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, məsuliyyəti ağırlaşdıran halların mövcudluğu nəzərə alınmamış, eləcə də şəxs barəsində İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə inzibati tənbeh tədbirindən daha ağır inzibati həbs inzibati tənbeh tədbirinin tətbiqi üçün əsasların olub-olmaması araşdırılmamışdır. Odur ki, qeyd olunanları yekunlaşdıraraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN №1356372 inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından Füzuli rayon Polis şöbəsinə qaytarılmalıdır. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 03 may 2019-cu il tarixli Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Beləliklə də, məhkəmə göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXMin 109, 128 və 528.1-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN №1356372 inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Füzuli rayon Polis şöbəsinə qaytarılsın. Füzuli rayon Polis şöbəsinin sahə rəisi X2 izah edilsin ki, qərardadın əsaslandırıcı hissəsində göstərilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə təqdim etsin. Bu qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim: Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar