Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-140/2024 06.03.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Novruzov Azad Novruz oğlunun katibliyi, Füzuli rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Həkimi Atakişiyevin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədi üzrə borclu Şəxs iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Füzuli rayonu, Yuxarı Veysəlli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, Füzuli şəhəri, Ə.Qarayev küçəsi, ev 2-də qeydiyyatda olmaqla, Füzuli rayonu, Fin qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: Füzuli rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə müəyyən edilmişdir ki, Füzuli Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli 2(064)- 777/2021 saylı icra vərəqəsinə əsasən borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs2 xeyrinə 6.250 manat pul tutulmalıdır. İcra vərəqəsi üzrə 26 iyul 2021-ci il tarixdə qəbul edilmiş icraata başlamaq haqqında qərar məhkəməyə və tələbkara göndərilmiş, qərar və tələbin könüllü icrası haqqında bildiriş icra olunması üçün borclu Şəxs rəsmən təqdim olunmuşdur. Bundan başqa, Füzuli Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli 2(064)- 201/2023 saylı icra vərəqəsinə əsasən borclu Şəxs cəmi 2.445 manat tələbkar Zərərçəkmiş şəxs1 MMC-nin xeyrinə tutulmalıdır. İcra vərəqəsi üzrə 17 aprel 2023-cü il tarixdə qəbul edilmiş icraata başlamaq haqqında qərar məhkəməyə və tələbkara göndərilmiş, qərar və tələbin könüllü icrası haqqında bildiriş icra olunması üçün borclu Şəxs rəsmən təqdim olunmuşdur. Hər iki icra vərəqəsi 01 dekabr 2023-cü il tarixli qərarla ümumi icraatda birləşdirilmiş, icra vərəqələri üzrə borcların tələbkarların xeyrinə ödənilməsi barədə borclu Şəxs rəsmi xəbərdarlıqlar edilmişdir. Borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs2 olan 6.250 manat borcundan bu günədək cəmi 3.350 manat pulu onun xeyrinə ödənilməsi məqsədilə Füzuli rayon İcra və Probasiya Şöbəsinə təqdim etmiş, lakin Zərərçəkmiş şəxs2 qeyd olunan pul məbləğini qəbul etməmiş, borcun tam şəkildə ödənilməsini tələb etdiyini bildirmişdir. Borclu Şəxs bununla əlaqədar 13 sentyabr 2023-cü il tarixdə yenidən rəsmi xəbərdarlıq edilməklə ondan iltizam alınmış, o, qalan borcunu 21 oktyabr 2023-cü il tarixədək tələbkar Zərərçəkmiş şəxs2 xeyrinə tam ödəyəcəyini bildirsə də, borcunu ödəməmişdir. Həmçinin borclu Şəxs Füzuli Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli 2(064)-201/2023 saylı icra vərəqəsinə əsasən cəmi 2445 manat borcundan da tələbkar “BAKU TRANSPORT" MMC-nin xeyrinə heç bir pul məbləği ödəməmişdir. Borclu Şəxs icra vərəqələrinin icrası ilə əlaqədar rəsmi xəbərdarlıqlar edilməsinə, istifadəsində olan (050) ***-**-** nömrəli telefonla əlaqə saxlanılaraq şöbəyə çağırılmasına həmçinin, borclunun qeyd olunan mobil telefonuna elektron “sms bildiriş’Mər göndərilərək, şöbəyə çağırılmasına baxmayaraq o, Füzuli rayon İcra və Probasiya Şöbəsinə gəlməmişdir. Sonradan borclu Şəxs yeri məlum olmadığından, icra vərəqələrinin icrasının təmin edilməsi üçün onun axtarılması barədə 08 yanvar 2024-cü il tarixdə qərar verilərək, qərar icra olunması üçün Füzuli rayon Polis Şöbəsinə göndərilmiş və borclu barəsində 14 fevral 2024-cü il tarixdə 760608 nömrəli axtarış işi açılmışdır. Borclu Şəxs 06 mart 2024-cü il tarixdə Polis Şöbəsi tərəfindən tapılaraq Füzuli rayon İcra və Probasiya Şöbəsinə gətirilib təqdim edilmişdir. Borclu Şəxs alınmış izahatda o, icra vərəqələri üzrə borcundan tələbkarlara hazırda heç bir pul məbləği ödəyə bilməyəcəyini bildirmişdir. Bu səbəbdən də, məhkəmə qətnamələrinə əsasən yaranmış pul borclarını ödətdirmək mümkün olmamış, qətnamələr icrasız qalmışdır. Bu isə tələbkarların haqlı narazılığına və şikayət etmələrinə səbəb olmuşdur. Ona görə də, borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında: Füzuli rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Həkimi Atakişiyev bildirdi ki, borclu Şəxs tərəfindən məhkəmənin icra sənədi icra olunmamışdır. Belə ki, borclu Şəxs bir icra sənədi üzrə borcu hazırda 2.900, digər icra sənədi üzrə borcu 2.445 manat təşkil edir. Onun tərəfindən dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borclu onun tələblərini yerinə yetirməmiş və hətta çağırışlarına belə gəlməmişdir. Borclu Şəxs əməlində AR İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxır. H.Atakişiyev həmçinin bildirdi ki, hazırda icra sənədi üzrə tələbkarlar şikayətçidirlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədi üzrə borclu Şəxs özünü AR İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilərək bildirdi ki, hər iki icra sənədi üzrə tələbin könüllü olaraq icra edilməsi barədə xəbərdarlıq bildirişlərini almışdır. Hazırda hər iki icra sənədi üzrə tələbkarlara ödəniş edə bilməyəcəkdir. Odur ki, barəsində ağır inzibati tənbeh tədbirinin görülməsinə etiraz etmir. İnzibati xəta haqqında işə əlavə olunmuş sənədlərlə müəyyən edilir ki, aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs adına hər hansı daşınar və ya daşınmaz əmlaklar, eləcə də gəlir və sair qazanclar aşkar olunmamışdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən proses iştirakçılarının izahatları ilə Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə hesab edir ki, borclu Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində göstərilir ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlara baxmayaraq borclu Şəxs hər iki icra sənədi üzrə borcundan heç bir ödəniş aparmadığına görə hələ də qanunlara əməl edilməsi ruhunda tərbiyələnməmişdir. Belə olan halda məhkəmə bu qənaətə gəlir ki, Şəxs barəsində sanksiyada nəzərdə tutulmuş ağır tənbeh tədbiri olan inzibati həbsin tətbiq olunması onun şəxsiyyətinə uyğundur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsində deylir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bununla yanaşı, İXM-in inzibati tənbehin məqsədlərindən bəhs edən 21-ci maddəsində qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, ödənilməmiş borcun məbləğini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, davranışını, tələbkarların şikayətçi olmasını və işin digər hallarını nəzərə alaraq icra sənədi üzrə borclu Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh növünün tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Bununla yanaşı, məhkəmə hesab edir ki, borcluya «İcra haqqında» Azərbaycan Respublikası Qanununun borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə məsuliyyətdən bəhs edən 82-ci maddəsinin tələbləri izah olunmalıdır: 82.1. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. 82.3. İcra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 106-115 və 528.1-ci maddələrini rəhbər tutaraq, qərar verdi: İcra sənədi üzrə borclu Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən saat 15:40-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Füzuli rayon PŞ-yə və Beyləqan rayon PŞ MSY-ə həvalə olunsun. İcra sənədi üzrə borclu Şəxs izah olunsun ki, icra sənədi üzrə borcun qalan hissəsini ödəməyəcəyi təqdirdə «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin tələbinə əsasən onun təkrarən inzibati məsuliyyətə və ya cinayət məsuliyyətinə cəlb olunacağı barədə müvafiq tədbirlər görüləcəkdir. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №3(064)-140/2024
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-140/2024
06.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver