Məhkəmə qərarları › İş №3(064)-141/2023

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-141/2023

17.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-141/2023 17.04.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Füzuli RPŞ-nin polis sahə rəisi polis leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və vəkili Vəkil iştirakları ilə, xx.xx.1973-cü ildə Zəngilan rayonu, Q.D.Xəştab kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Zəngilan rayonu, Q.D.Xəştab kəndində qeydiyyatda olmaqla, Füzuli rayonu, Zobucuq-1 qəsəbəsi, ev 171-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Füzuli rayonu, Zobucuq-1 qəsəbəsində polis əməkdaşlarının ünvanına uca səslə nalayiq söyüşlər söymüş və onu nizam-intizama dəvət edən polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında: Füzuli RPŞ-nin polis sahə rəisi polis leytenantı X2 bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Füzuli rayonu, Zobucuq-1 qəsəbəsində polis əməkdaşlarının ünvanına uca səslə nalayiq söyüşlər söymüş və onu nizam-intizama dəvət edən polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Ona görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə təqsirli bilərək bildirdi ki, xx.xx.2023cü il tarixdə saat 16 radələrində Zobucuq-1 qəsəbəsində yerləşən polis postuna yaxınlaşmış, o, polis postuna yaxınlaşmaqda məqsədi külək nəticəsində ona məxsus şifirlərin qonşusundan alınıb ona verilməsini tələb etmək olmuşdur. Lakin həmin vaxt içkili və əsəbi olduğundan polis işçilərinin ünvanına uca səslə nalayiq söyüşlər söymüş və onu nizam-intizama dəvət edən polisin tələblərinə məhəl qoymamışdır. Sonra polis əməkdaşları onu Füzuli RPŞ-ə aparmışlar. Şahid Füzuli RPŞ İTB-nin sahə polis nəfəri polis baş serjantı Qismət Hüseynov bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Füzuli rayonu, Zobucuq-1 qəsəbəsində polis əməkdaşlarının, o cümlədən konkret olaraq onun ünvanına uca səslə nalayiq söyüşlər söymüş və onu nizam-intizama dəvət edən polisin qanuni tələblərinə məhəl qoymamışdır. Sonradan Sabit digər polis əməkdaşlarının iştirakları ilə Füzuli RPŞ-ə aparılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil bildirdi ki, Şəxs əməllərində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş Füzuli rayon RPŞ PPXB-nin manqa komandiri polis baş serjantı X4 rayon PŞ-nin rəisi polis polkovnik-leytenatı Zaur Abbasova ünvanladığı raportda göstərmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Füzuli rayonu, Zobucuq-1 qəsəbəsində polis əməkdaşlarının ünvanına uca səslə nalayiq söyüşlər söymüş və onu nizam-intizama dəvət edən polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən proses iştirakçılarının izahatları ilə Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş xırda xuliqanlıq inzibati xətasını törətməsi öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə hesab edir ki, o, həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən onun inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində göstərilir ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in: 9.1-ci maddəsində deylir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinin tələbinə görə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, davranışını və işin digər hallarını nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Bununla yanaşı, məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirərək hesab edir ki, Şəxs əməlində AR İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama inzibati xətasının tərkib əlamətləri olmadığından bu maddə ilə başlanmış icraata xitam verilməlidir. Belə ki, qeyd olunan inzibati xətanın bilavasitə obyekti ictimai qaydanın mühafizəsi üzrə xidməti fəaliyyətlərini icra edən polis işçisinin normal fəaliyyətidir. Bu inzibati xəta obyektiv cəhətdən polis əməkdaşları ictimai qaydaların mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə tabe olmamada ifadə olunur. Məhkəmə iclasında tərəflərin izahatları ilə müəyyən olundu ki, Şəxs hadisə zamanı yalnız xırda xuliqanlıq hərəkətlərinə yol vermişdir. Odur ki, onun əməllərində AR İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş polisin qanuni tələbinə qəsdən tabe olmama inzibati xətasının tərkib əlamətləri olmadığından məhkəmə onun barəsində həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verməyi əsaslı hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsində qeyd olunur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 106- 115 və 510-ci maddələrini rəhbər tutaraq, QƏRAR VERDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 5 (beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli xx.xx.20203-cü il saat 15:10-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Füzuli RPŞ və Beyləqan RPŞ MSY-ə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yaşar Həşimov Azərbaycan Respublikası Füzuli Rayon Məhkəməsi AZ 1900 Füzuli rayonu Tel: (026-315)51-82 Horadiz şəhəri İş № 3(064)-141/2023 17 aprel 2023-cü il Füzuli rayon Polis Şöbəsinin rəisi polis polkovnik-leytenantı cənab Zaur Abbasova Beyləqan rayon Polis Şöbəsinin rəisi polis polkovniki cənab Rüstəm Cəfərova Füzuli Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə xx.xx.2023-cü il tarixli, 3(064)-141/2023 saylı qərarı icra edilməsi üçün Sizə göndərilir. Qoşma: qərar 01 vərəqdə. HAKİM Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar