Məhkəmə qərarları › İş №3(064)-143/2023

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-143/2023

18.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-143/2023 18.04.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6 və barəsində inzibatı xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 2000-ci il tarixdə Füzuli rayonu, Böyük Bəhmənli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsili, X3 mərkəzində mühafizəçi işləyən, Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibatı xətanı törətməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsindən (bundan sonra - Füzuli RPŞ) daxil olmuş 18 aprel 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs sürücülük vəsiqəsi olmadığına görə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığı halda, 02 yanvar 2023-cü il tarixdə saat 17 radələrində idarə etdiyi “VAZ-21033” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobili Füzuli rayonu, Böyük Bəhmənli kəndindəki yolda əks istiqamətli hərəkət zolağına çıxarmaqla manevr etmə qaydalarını pozmasından dərhal sonra həmin avtomobilin əks istiqamətdə X1 idarə etdiyi “Mercedes Benz E-250 D” markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobillə asfalt yolun sol çiynində toqquşması ehtiyatsızlığından sonuncunun burun və sağ göz bucağı nahiyələrində əzilmiş yaralardan ibarət, sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət alması ilə nəticələnmişdir. Buna görə də Füzuli RPŞ-də araşdırılması aparılmış HK-1/06-23 nömrəli material üzrə 27 yanvar 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildikdən sonra Füzuli rayonu YNH-nin baş inspektoru, polis mayoru X4 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 327.2-ci və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş 18 aprel 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə sonuncunun Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün aidiyyəti üzrə Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, sürücülük vəsiqəsi olmadığına görə nəqliyyat vasitəsini idarə etmək hüququ yoxdur. 02 yanvar 2023-cü il tarixdə saat 17 radələrində idarə etdiyi həmin “VAZ-21033” markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobili Füzuli rayonu, Böyük Bəhmənli kəndindəki asfalt yolda idarə edərkən əks istiqamətdə hərəkət etmiş “Mercedes Benz” markalı avtomobili təxminən 200 metr məsafədən görmüş, həmin avtomobilə yaxınlaşmağa 10 metr qalmış idarə etdiyi avtomobilin qabaq sol təkərinin havası buraxdığına görə avtomobil sola doğru getmiş, bu səbəbdən idarə etdiyi avtomobil əks hərəkət zolağına çıxıb “Mercedes Benz” markalı avtomobillə qarşı-qarşıya toqquşmuşdur. Nəticədə həmin o və digər avtomobilin sürücüsü X2 xəsarətlər almışlar. Buna görə də hazırki iş üzrə əməlində Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranmasını mübahisələndirmir. Törətdiyi həmin əməldən səmimi peşimandır. Zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmədən barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İş materiallarında olan, məhkəmə iclasında elan edilərək tədqiq edilmiş: - Füzuli RPŞ-nin DYPB tərəfindən verilmiş arayışda göstərilmişdir ki, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin mərkəzi informasiya sistemi vasitəsilə yoxlanılarkən Şəxs sürücülük hüququnun olmadığı müəyyən edilmişdir. - “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 02 yanvar 2023-cü il tarixli protokol və ona əlavə edilmiş hadisə yerinin sxemində göstərilmişdir ki, iş üzrə hadisə Füzuli rayonu, Böyük Bəhmənli kəndəki asfalt yolun “Mercedes Benz E-250 D” markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət etdiyi sol çiynində baş vermişdir. - məhkəmə-tibbi ekspertizasının 12 yanvar 2023-cü il tarixli, 08/23 nömrəli rəyində göstərilmişdir ki, X1 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş burun və sağ göz bucağı nahiyələrində əzilmiş yaralardan ibarət xəsarətlər 02 yanvar 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat qəzası zamanı avtomobil salonunun qabarıq interyerlərinə dəyməsi nəticəsində, yəni bərk küt əşyanın təsirindən törənmiş sağlamlığına zərər vurmadığına görə dərəcələri təyin edilmir. - məhkəmə-tibbi ekspertizasının 12 yanvar 2023-cü il tarixli, 09/23 nömrəli rəyində göstərilmişdir ki, Şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş boyun və sol diz oynağı nahiyələrində sıyrıqlardan ibarət xəsarətlər 02 yanvar 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat qəzası zamanı avtomobil salonunun qabarıq interyerlərinə dəyməsi nəticəsində, yəni bərk küt əşyanın təsirindən törənmiş sağlamlığına zərər vurmadığına görə dərəcələri təyin edilmir. Azərbaycan Respublikası İXM-in: - 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - yüz manat məbləğində cərimə edilir. - 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməli törətməsi: - məhkəmə iclasında özünün verdiyi etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan, məhkəmə iclasında elan edilərək tədqiq edildiyi göstərilmiş sənədlərlə tam sübuta yetirilmişdir. - əməlində Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakteri, təqsirinin dərəcəsi, onun şəxsiyyəti, əmlak vəziyyəti, hadisə nəticəsində sağlamlığına dərəcəsi təyin edilməyən zərər vurulmasından ibarət xəsarət alması, törətdiyi əməldən səmimi peşmançılıq keçirməsindən ibarət məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi kifayətdir. Şərh olunanlara, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar