Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-145/2023 19.04.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən Vəkil, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Füzuli Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis leytenantı X1 iştirakları ilə, xx xxxx 1965-ci il tarixdə Füzuli rayonu, Qarakollu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Füzuli rayonu, Qarakollu kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsindən (bundan sonra – Füzuli RPŞ) daxil olmuş 19 aprel 2023cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 01 aprel 2023-cü il tarixdə saat 09 radələrində Füzuli rayonu, Qayıdış-9 qəsəbəsində yerləşən yaşadığı evdə şəxsi münsibətlər zəminində baş vermiş mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs stulla zərbələr vurması nəticəsində təpə nahiyəsində yumşaq toxumaların şişkinlik halında əzilməsi, kürək və sol bazu nahiyələrində qançırdan ibarət sağlamlığa zərər vurmayan olduğuna görə dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə döymüşdür. İş materiallarında olan “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 05 aprel 2023-cü il tarixli qərarın surətindən görünür ki, 01 aprel 2023-cü il tarixdə Zərərçəkmiş şəxs əri Şəxs tərəfindən döyülməsi barədə Füzuli RPŞ-yə etdiyi müraciət əsasında HK- 1/350 nömrəli material üzrə aparılmış araşdırma zamanı sonuncunun müvafiq əməli törətməsi məhkəmə ilə eyni məzmunda müəyyən edildiyinə görə Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməli olduğu barədə nəticəyə gəlinmişdir. Buna görə də Füzuli RPŞ-nin polis sahə rəisi, polis leytenantı X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş 19 aprel 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Füzuli RPŞ-nin polis sahə rəisi X2 19 aprel 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, 01 aprel 2023-cü il tarixdə saat 09 radələrində Füzuli rayonu, Qayıdış-9 qəsəbəsində yerləşən yaşadığı evdə olarkən onunla arvadı Zərərçəkmiş şəxs (bundan sonra - arvadı) və qızı Samir Nuriyeva (bundan sonra - qızı) arasında mübahisə baş versə də, arvadını döyməmiş, sonuncuya xəsarət yetirməmişdir. Arvadı və qızının həm Füzuli RPŞ-yə, həm də məhkəməyə verdikləri izahatlarında onun arvadına stulla zərbələr vurması nəticəsində xəsarətlər yetirməsi barədə dedikləri yalandır. Buna görə də iş üzrə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu qanunsuz və əsassız hesab edir, barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, 01 aprel 2023-cü il tarixdə saat 09 radələrində Füzuli rayonu, Qayıdış-9 qəsəbəsində yerləşən yaşadıqları evdə olarkən əri Şəxs (bundan sonra - əri) əvvəlcə qızı Şahid (bundan sonra - qızı) ilə mübahisə edərkən sonuncunu vurmaq istəmişdir. O, özünü qızının qarşısına verib əri tərəfindən qızının döyülməsinin qarşısını aldığına görə əri onun ünvanına nalayiq sözlər demiş, stulla onun başına və hər iki qoluna zərbələr vurmuş, nəticədə ona xəsarətlər yetirmişdir. Həm buna, həm də əri onu dəfələrlə nalayiq sözlər deməklə təhqir etdiyinə və döydüyünə görə əri barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında Şahid verdiyi izahatında işin halları barədə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə eyni məzmunda göstərmişdir. İş materiallarında olan 05 aprel 2023-cü il tarixli, 110/23 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş təpə nahiyəsində yumşaq toxumaların şişkinlik halında əzilməsi, kürək və sol bazu nahiyələrində qançırdan ibarət xəsarətlər bərk küt əşyanın təsirindən törənmiş, sağlamlığa zərər vurmayan olduğuna görə dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməli törətməsi: - məhkəmə iclasında Zərərçəkmiş şəxs və Şahid verdikləri izahatları, 05 aprel 2023-cü il tarixli, 110/23 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyi, iş materiallarında olan sənədlərlə və işin faktiki halları ilə tam sübuta yetirilmişdir. - Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakteri, onun şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmadığını nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində 15 (on beş) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilməsi zəruridir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 15 (on beş) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 19 aprel 2023-cü il tarixdən saat 17:45-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Füzuli Rayon Polis Şöbəsinə və Beyləqan Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(064)-145/2023
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-145/2023
19.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver