Məhkəmə qərarları › İş №3(064)-153/2023

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-153/2023

20.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-153/2023 20.04.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Füzuli rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Şahbaz Səfərovun, icra sənədi üzrə tələbkar X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədi üzrə borclu Şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Füzuli rayonu, Kərimbəyli kəndində doğulmuş, işləməyən, Füzuli rayonu, Kərimbəyli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: Füzuli rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Şahbaz Səfərov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda və ona əlavədə qeyd etmişdir ki, Beyləqan Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli 2(020)-1318/2018 saylı icra sənədinə əsasən borclu Şəxs cəmi 4551 manatı pul alınaraq tələbkar X2 verilməlidir. İcra sənədi üzrə 20 dekabr 2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, qərar poçt vasitəsilə məhkəməyə və tələbkara, qərar və tələbin könüllü icrası haqqında bildiriş icra olunması üçün borclu Şəxs rəsmən təqdim edilmişdir. İcra sənədi üzrə borclunun bu günə 4551 manat borcu vardır. İcra sənədi üzrə borcun ödənilməsi barədə borclu Şəxs rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq, o, qanuni tələbləri yerinə yetirməyərək icra sənədi üzrə olan borcunu tələbkara ödəməmişdir. Bu səbəbdən də, icra sənədi üzrə olan borcu ödətdirmək mümkün olmamış, icra sənədi icrasız qalmışdır. Bu isə tələbkarın haqlı narazılığına və ard-arda şikayətlərinə səbəb olmuşdur. Borclu Şəxs alınmış izahatda onun məhkəmə qərarının olmasından sonradan məlumatı olmasını və qətnamədən narazı olduğu üçün apelyasiya şikayət verəcəyi ilə bağlı vəkillə müqavilə bağladığını, hazırda icra sənədi üzrə heç bir məbləğ ödəmədiyini, borclu olmadığı üçün gələcəkdə də heç bir məbləğ ödəməyəciyini ümumiyyətlə onun X2 heç bir borcunun olmadığını bildirmişdir. Borclu Şəxs yeri məlum olmadığından onun axtarılması barədə 03 aprel 2023-cü il tarixdə qərar verilmiş və barəsində Füzuli rayon Polis Şöbəsində müvafiq olaraq axtarış işi açılmışdır. Borclu Şəxs 20 aprel 2023-cü il tarixdə Füzuli rayon Polis Şöbəsi əməkdaşları tərəfindən tapılaraq Füzuli rayon icra və probasiya şöbəsinə gətirilib təqdim edilmişdir. Ona görə də, borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında: Füzuli rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Şahbaz Səfərov bildirdi ki, borclu Şəxs tərəfindən məhkəmənin icra sənədi icra olunmamışdır. Belə ki, borclu Şəxs icra sənədi üzrə borcu hazırda cəmi 4.551 manat təşkil edir. Onun tərəfindən dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borclu onun tələblərini yerinə yetirməmişdir. Borclu Şəxs əməlində AR İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxır. Ş.Səfərov həmçinin bildirdi ki, hazırda tələbkarla borclu borcun ödənilməsi ilə bağlı razılığa gəlmişlər. İcra sənədi üzrə tələbkar X3 bildirdi ki, hazırda borclu ilə razılığa gəlmişlər ki, borcun hissəhissə ödənilməsini təmin edəcəkdir. Ona görə də, borclu Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədi üzrə borclu Şəxs bildirdi ki, Beyləqan Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli 2(020)-1318/2018 saylı icra sənədinə əsasən borclu Şəxs cəmi 4.551 manatı pul alınaraq tələbkar X2 verilməlidir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş ona rəsmən təqdim edilmişdir. Bundan sonra, Füzuli rayon icra və probasiya şöbəsinə dəvət edilərək icra sənədii üzrə borcun ödənilməsi ondan tələb olunmuş və ona rəsmi xəbərdarlıqlar edilmişdir. Lakin tələbkara ödəməli olduğu 4.551 manat borcu qısa müddət ərzində ödənilməsini təmin edəcəkdir. Hazırda tələbkar şikayətçi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xaitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iclasında tədqiq olunan sübutlardan görünür ki, aparılmış icra tədbirləri nəticəsində borclunun adına daşınar və ya daşınmaz əmlak (və ya əmlaklar), eləcə də daimi iş yeri və stabil gəliri aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, icra sənədini icra etməmə o halda qərəzli sayılır ki, borcluya rəsmi xəbərdarlıq edildikdən sonra da icra etməmə davam etmiş olsun. Lakin işin faktiki halı onu göstərir ki, borclu Şəxsla tələbkar M.Gülalıyev arasında icra sənədi üzrə borcun ödənilməsi ilə bağlı razılıq əldə edilmiş və tələbkar şikayətçi deyi. Odur ki, məhkəmə hesab edir ki, borclu Şəxs əməllərində icra sənədinin üzrsüz səbəbdən və ya qərəzli şəkildə icra edilməməsi halları müşahidə olunmadığından onun əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-in təqsirsizlik prezumpsiyasından bəhs edən 8-ci maddəsində aşağıdakılar göstərilmişdir: 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bununla yanaşı, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0 və 53.0.2-ci maddələrinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-cı maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barələrində belə qərar qəbul edilmiş şəxslərə göndərilir. Ona görə də, Şəxs barəsində AR İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməli, qəbul edilmiş qərarın surəti tərəflərə göndərilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, borclu Şəxs «İcra haqqında» Azərbaycan Respublikası Qanununun borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə məsuliyyətdən bəhs edən 82-ci maddəsinin tələbləri izah olunmalıdır: 82.1. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. 82.3. İcra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Odur ki, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 30- 34, 106-115 və 528.1-ci maddələrini rəhbər tutaraq, qərar verdi: İcra sənədi üzrə borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. İcra sənədi üzrə borclu Şəxs izah olunsun ki, icra sənədi üzrə borcun qalan hissəsini ödəməyəcəyi təqdirdə «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin tələbinə əsasən onun təkrarən inzibati məsuliyyətə və ya cinayət məsuliyyətinə cəlb olunacağı barədə müvafiq tədbirlər görüləcəkdir. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar