Məhkəmə qərarları › İş №3(064)-164/2023

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-164/2023

01.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-164/2023 01.05.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Füzuli rayon prokurorunun köməkçisi X7, zərərçəkmiş şəxs X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1960-cı ildə Xanlar rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orla təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Füzuli rayonu, Babı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: Füzuli rayon prokuroru E.Rüstəmovun xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərarda göstərilmişdir ki, Şəxs (FİN – xxxxxxx) 30 mart 2023-cü il tarixdə, saat 10 radələrində Füzuli rayonu, Babı kəndində yerləşən poçtun yaxınlığında həmkəndliləri X10, X5 və X8 yanında X3 qarşı nalayiq ifadələr işlədərək insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydaları pozmuş, bununla da öz hərəkətləri fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən, lakin ictimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizliklə ifadə edilən hərəkətlər edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətmişdir. Ona görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında: Füzuli rayon prokurorunun köməkçisi X12 bildirdi ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətmiş və o, həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Zərərçəkmiş şəxs X4 bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 10 radələrində yaşadığı Füzuli rayonu, Babı kəndi ərazisindəki yolun kənarında həmkəndlisi X11 ilə söhbət edərkən Şəxs nalayiq ifadələrlə nə üçün ona su verilmədiyini bildirib, ona yumruq atdıqda Qənimət Əhmədov araya girməsinə baxmayaraq sonuncu Füzulini ondan aralaya bilməmişdir. Füzuli yumruqla onun başının sol arxa tərəfindən bir zərbə vurmuşdur. Bundan sonra Füzuli rayonu, Babı kənd bələdiyyəsinin sədri X14 və X2 onun yanından aralamışlar. Mübahisə zamanı onlar bir-birilərini nalayiq ifadələrlə təhqir etmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 10 radələrində yaşadığı Füzuli rayonu, Babı kəndi ərazisində yerləşən poçtun yanında olarkən Ehtibar Allahverdiyevin həmin yerdə olduğunu görüb sonuncuya yaxınlaşaraq ona məxsus 0.25 ha buğda sahəsinə su verilməsini istədikdə Ehtibar ona növbəsinin çatmadığını bildirmişdir. O, Ehtibardan yonca sahələrinə su verildiyini, onun buğda sahəsinə nə üçün su verilmədiyini soruşduqda Ehtibar yaxşı etdiyini deyərək ona qarşı nalayiq ifadələr işləmişdir. O, Ehtibar Allahverdiyevi döyməmiş, ona qarşı nalayiq ifadələr işlətmişdir. Mühabisə zamanı X11, X14 və X13 da orada olmuşdur. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən proses iştirakçılarının izahatları ilə Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən onun inzibati məsuliyyətini ağırlaşdıran halları müəyyən etməmişdir. İlk dəfə inzibati xəta törətməsi onun inzibati məsuliyyətini yüngülləşdirən haldır. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində göstərilir ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsində deylir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bununla yanaşı, AR İXM-in inzibati tənbehin məqsədlərindən bəhs edən 21-ci maddəsində qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, davranışını və işin digər hallarını nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 106-115 və 510-cu maddələrini rəhbər tutaraq, qərar verdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 100 (bir yüz) manat inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar