Məhkəmə qərarları › İş №3(064)-178/2024

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-178/2024

29.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-178/2024 29.03.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, Füzuli RPŞ DYPB YPX-nin inspektoru polis mayoru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Saatlı rayonu, Mustafabəyli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Füzuli rayonu, Araz Dilağarda kəndində qeydiyyatda olmaqla, hazırda həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 332.1, 339.1-1 və 332.4-cü maddələri ilə başlanmış inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi : xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 18:50 radələrində sürücülük vəsiqəsinin və etibarnaməsinin müddəti bitdikdən sonra idarə etdiyi “vaz 110307” markalı ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobillə Füzuli rayonu Əhmədbəyli kəndi ərazisində hərəkətdə olarkən qarşısında hərəkət edən “VAZ- 21074” markalı, ** FB *** nömrəli avtomobilin sfetaforun qırmızı işığında dayandığını görməmiş və bu zaman idarəetməni itirmiş və nəticədə qəza törətmişdir. Ona görə də, Şəxs barəsində AR İXMin 332.1, 339.1-1 və 332.4-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında: Füzuli rayon PŞ DYPB YPX inspektoru polis mayoru X2 bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 18:50 radələrində sürücülük vəsiqəsinin və etibarnaməsinin müddəti bitdikdən sonra idarə etdiyi “VAZ-110307” markalı ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobillə Füzuli rayonu, Əhmədbəyli kəndi ərazisində hərəkətdə olarkən qarşısında hərəkət edən “VAZ 21074 markalı ** FB *** nömrəli avtomobillə toqquşmuşdur. Nəticədə qeyd olunan avtomobilə təxminən 200 manat civarında maddi ziyan dəymişdir. Ona görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 332.1 və 332.4-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. H.Şəmmədli həmçinin bildirdi ki, hazırda zərərçəkmiş şəxsə dəymiş ziyan ödənildiyindən şikayətçi deyil. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 18:50 radələrində sürücülük vəsiqəsinin və etibarnamənin müddəti bitdikdən sonra “VAZ- 110307” markalı, ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobillə Füzuli rayonu, Əhmədbəyli kəndi ərazisində hərəkətdə olarkən qarşısında hərəkət edən “VAZ-21074” markalı, ** FB *** nömrəli avtomobillə toqquşmuşdur. Nəticədə həmin avtomobilə maddi ziyan dəymiş və bu ziyan onun tərəfindən ödənilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən proses iştirakçılarının izahatları ilə Şəxs Azərbaycan Respublikası İXM-in 332.1, 339.1-1 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə hesab edir ki, Şəxs həmin maddələrlə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən onun məsuliyyətini ağırlaşdıran halları müəyyən etməmişdir. İlk dəfə inzibati xəta törətməsi və etdiyi əməllərindən peşmançılıq çəkməsi onun məsuliyyətini yüngülləşdirən hallardır. Azərbaycan Respublikası İXM-in: 34.2. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. 332.1. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. 339.1-1. Nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə əlli manat məbləğində cərimə edilir. 332.2. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə yüz manat məbləğində cərimə edilir. 332.4. Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi, İXM-də şəxsin eyni vaxtda öz hərəkətləri ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda həmin şəxsin daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməsi nəzərdə tutulmuşdur. Lakin Şəxs barəsində AR İXM-in 332.1, 339.1-1 və 332.4-cü maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır ki, bunlardan da yalnız 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın baxılması məhkəmənin səlahiyyətinə aiddir. Lakin İXM-də bir şəxsin bir neçə inzibati xəta törətdiyi halda (əgər bu əməllərə görə işlərin baxılması eyni orqana aid deyilsə) bu əməllərin daha ciddi inzibati xəta ilə əhatələnməsi halı nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair» 02 noyabr 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, «…inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin….» Odur ki, məhkəmə hazırki iş üzrə AR Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarını və həmin qərarda ifadə olunmuş hüquqi mövqeyini rəhbər tutaraq məhkəmə baxışının hədlərindən bəhs edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsində nəzərdə tutulmuş müddəalarına isnad edilməsini qanunamüvafiq hesab edir. Belə ki, adı şəkilən normada göstərilir ki, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, məhkəmə bu normadan yararlanaraq hesab edir ki, Şəxs barəsində AR İXM-in 332.1, 339.1-1 və 332.4-cü maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraatdan İXM-in 332.1 və 339.1-1-ci maddələri xaric edilməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, Şəxs AR İXM-in 332.4-cü maddəsi ilə inzibati qaydada tənbeh olunmalıdır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsində deylir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bununla yanaşı, İXM-in inzibati tənbehin məqsədlərindən bəhs edən 21-ci maddəsində qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, davranışını, zərərçəkmiş şəxsin şikayətçi olmamasını və işin digər hallarını nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 106-115 və 332.4-cü maddələrini rəhbər tutaraq, qərar verdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 332.1, 339.1-1 və 332.4-cü maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraatdan İXM-in 332.1 və 339.1-1-ci maddələri xaric edilsin. Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar