Məhkəmə qərarları › İş №3(064)-189/2025

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-189/2025

02.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-189/2025 02.04.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Novruzov Azad Novruz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Füzuli rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxx 1989-cu il tarixdə Füzuli rayonu, Bəhmənli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli rayon İcra və Probasiya şöbəsindən (bundan sonra – Füzuli RİP) daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(064)-1249/2024 saylı qətnaməsi əsasında həmin məhkəmə tərəfindən verilmiş icra sənədindəki tələbi Füzuli RİPŞnin icra məmuru X3 tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Füzuli RİPŞ-nin icra məmuru X3 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(064)-1249/2024 saylı icra sənədinə əsasən borclu Şəxs xx.xx.2024-cii il tarixdən başlayaraq 4 uşağın yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 80 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment pulu tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İcra vərəqəsi xx.xx.2024-cü il tarixdə Füzuli rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, icraata başlamaq haqqında qərar məhkəməyə və tələbkara, tələbin könüllü icrası haqqında bildiriş icra olunması üçün borclu Şəxs qızma rəsmi qaydada təqdim edilmişdir. Borclu Şəxs ilə telefon əlaqəsi saxlanılmış və xx.xx.2025-ci il tarixdə borclu özü könüllü olaraq Füzuli rayon İcra və Probasiya Şöbəsinə gəlmişdir. Ondan alınmış izahatda bildirmişdir ki, hazırda tələbkara icra sənədi üzrə borcundan heç bir ödəniş edə bilməyəcəyini bildirmişdir. Aliment borcunun ödənilməsi ilə əlaqədar borclu Şəxs rəsmi və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, bu günədək tələbkarın xeyrinə cəmi 50 manat aliment pulu ödəmiş, hazırda 2830 manat aliment borcu vardır. Ondan alınmış izahatda o, tələbkar Zərərçəkmiş şəxs olan aliment borcundan heç bir ödəniş edə bilməyəcəyini bildirmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında Füzuli RİP-nin icra məmuru X3 inzibati xəta haqqında protokolu müdafiə edərək onun məzmununa uyğun izahat vermiş və borclu barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, icra məmuru tərəfindən ona həmin icra sənədinin icraata qəbul edilməsi barədə qərar, tələbin könüllü icrası barədə bildiriş, icra sənədinin icrası ilə əlaqədar 03 və 16 sentyabr, 18 oktyabr 2024-cü il tarixli rəsmi xəbərdarlıqlar təqdim edilmişdir. Rəsmi qaydada olmasa da, günəmuzd işlərdə işləyib hər gün 20-30 manat məbləğində pul qazanmasına baxmayaraq, həmin icra sənədi üzrə tələbkara yaranmış aliment borcundan 50 manat məbləğdə pul ödəmişdir. Bunun səbəbini maddi vəziyyətinin pis olması ilə izah edir. Qeyd etmişdir ki, daimi işi olmadığından icra sənədini icra edə bilir, lakin yaxın vaxtlarda işə başlayacaq və aliment borcunu ödəyəcəkdir. Hazırda da tələbkara icra sənədində tələb olunan məbləğdən ödəmək imkanı yoxdur. İş üzrə barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, onların birgə nikahlarından doğulmuş dörd uşağı onun himayəsindədir. Qeyd olunan icra sənədi üzrə Şəxs ona borclu olduğu cəmi 2830 manat məbləğində aliment borcundan üzrsüz səbəbdən ödəniş etməmişdir. Sonuncu tərəfindən ona aliment borcunun ödənilməsinin təmin edilməsini xahiş etmişdir. İş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-in: - 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. - 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə -fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Qeyd edilən hüquq normasının mənasından da aydın olur ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmədə müəyyən olunmuşdur ki, borclu Şəxs əməlində İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri vardır və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar, həmçinin əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur o, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar yerinə yetirməyərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarı ilə üzərinə qoyulmuş öhdəliyi təkrarən üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(064)- 1249/2024 saylı icra sənədinin icrasını təmin etməmiş, icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır, bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədlərin surətləri əsasında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və onu tərtib etmiş Füzuli RİP-nin böyük icra məmuru X1 məhkəmə iclasında verdiyi izahatında göstərilmiş işin faktiki hallarının iş materiallarında eyni məzmunda öz əksini tapdığını (məhkəmə buna görə də həmin sənədlərin məzmununu təkrarlamağa zərurət görmür), xüsusilə də sonuncunun borclu Şəxs icra sənədini müvafiq olaraq 10 və 5 gün ərzində tam icra etməsi üçün şəxsən imza etdirilməklə yazılı qaydada xəbərdarlıq etsə də, sonuncunun icra məmurunun həmin qanuni tələblərini yerinə yetirmədiyini müəyyən edir. Beləliklə, məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməli törətməsi: -Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(064)-951/2024 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. -məhkəmə iclasında özünün verdiyi etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan sənədlərlə və işin faktiki halları ilə tam sübuta yetirilmişdir. -Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. İcra sənədi üzrə xx.xx.2024-cü il tarixdə qəbul edilmiş icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş, bir neçə dəfə yazılı xəbərdarlıqlar borclu Şəxs rəsmən təqdim edilmiş, lakin borclu icra sənədindəki tələbi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməyib. Məhkəmə Şəxs səmimi peşman olmasını Azərbaycan Respublikası İXM-in 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakteri, onun şəxsiyyətini, təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə səmimi peşmanlığından ibarət məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində 1000 (bir min) manat məbləğində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi kifayətdir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Şərh olunanlara, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 1000 (bir min) manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar