Məhkəmə qərarları › İş №3(064)-196/2024

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-196/2024

03.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-196/2024 03.04.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Füzuli Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X1, zərəçəkmiş şəxs Füzuli Rayon Polis Şöbəsinin NMQ-nin baş əməliyyat müvəkkili Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakları ilə, xx xxxx 1964-cü il tarixdə Füzuli rayonu, Ələsgərli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, “Füzuli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində xadimə işləyən, Füzuli rayonu, Ələsgərli kəndində qeydiyyatda olan, Füzuli rayonu, Zobucuq-4 qəsəbəsi, ev 150-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsindən (bundan sonra – Füzuli RPŞ) daxil olmuş 03 aprel 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 02 aprel 2024-cü il tarixdə saat 19 radələrində yaşadığı Füzuli rayonu, Zobucuq-4 qəsəbəsində küçədə sərxoş vəziyyətdə uca səslə Füzuli RPŞ-nin baş əməliyyat müvəkkili Zərərçəkmiş şəxs nalayiq sözlər deməsi, polis əməkdaşlarının qanuni tələblərinə baxmayaraq, bu hərəkətlərini həmin yerdə və polis əməkdaşlarının onu Füzuli RPŞ-yə aparmasından sonra Füzuli RPŞ-nin həyətində və inzibati binasında davam etdirməsi nəticəsində xırda xuliqanlıq etmiş və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də Füzuli RPŞ-nin polis sahə rəisi, polis leytenantı X1 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları yuxarıda göstərilən məzmunda törətməsi ilə bağlı tərtib edilmiş 03 aprel 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Füzuli RPŞ-nin polis sahə rəisi X1 03 aprel 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, 02 aprel 2024-cü il tarixdə saat 19 radələrində yaşadığı Füzuli rayonu, Zobucuq-4 qəsəbəsində yerləşən “Mandarin” marketin qarşısında Zərərçəkmiş şəxs ilə söhbət edərkən sərxoş vəziyyətdə olduğuna və əsəbləşdiyinə görə əvvəllər tanıdığı, aralarında ədavət və düşmənçilik olmamış sonuncunun ünvanına nalayiq sözlər demiş və Zərərçəkmiş şəxsla mübahisə etmişdir. Polis əməkdaşlarının qanuni tələblərinə baxmayaraq, o, bu hərəkətlərini polis davam etmişdir. Buna görə də polis əməkdaşları onu saxlayıb Füzuli RPŞ-yə gətirmişlər. Lakin o, həmin hərəkətlərini Füzuli RPŞ-də də davam etdirmiş, Zərərçəkmiş şəxs ünvanına nalayiq sözlər demişdir. Törətdiyi həmin əməlindən səmimi peşimandır. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs üzr istəyir. Barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında zərəçəkmiş şəxs Füzuli RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, 02 aprel 2024-cü il tarixdə saat 19 radələrində Füzuli rayonu Zobucuq-4 qəsəbəsi ərazisində yerləşən “Mandarin” marketdən çölə çıxanda əvvəllər tanıdığı, aralarında ədavət və düşmənçilik olmamış Şəxs (bundan sonra - İslam) onu görən kimi bir neçə şəxsin, o cümlədən Şahid1 yanında hər hansı səbəb olmadan onun və polisin ünvanına uca səslə nalayiq sözlər demişdir. O, Şahid1 və onun çağırışı əsasında həmin yerə gəlmiş polis əməkdaşı Şahid2 İslamı intizama dəvət etsələr də, sonuncu onlara əhəmiyyət verməmiş, onun ünvanına nalayiq sözlər deməkdə davam etmişdir. Buna görə də onun çağırışı ilə həmin yerə gəlmiş polis əməkdaşları ilə köməkləşib, İslamı barəsində qanuni tədbir görülməsi üçün Füzuli RPŞ-yə gətirmişlər. İslam Füzuli RPŞ-də də həmin hərəkətlərini davam etdirmiş, onun ünvanına nalayiq sözlər demiş, nəticədə Şöbənin iş rejimini pozmuşdur. Buna görə də İslam barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və Füzuli RPŞ-nin İTB-nin polis nəfəri Şahid2 izahatlarında Zərərçəkmiş şəxs izahatında göstərdiyi müvafiq hallarla bağlı sonuncu ilə eyni məzmunda göstərmişlər. İş materiallarında olan bir ədəd diskin yaddaşına yazılmış videogörüntülərdən görünür ki, Şəxs 02 aprel 2024-cü il tarixdə yaşadığı Füzuli rayonu, Zobucuq-4 qəsəbəsində yerləşən “Mandarin” marketin qarşısında, Füzuli RPŞ-nin həyətində və inzibati binasında ucadan Zərərçəkmiş şəxs ünvanına nalayiq sözlər deməklə ictimai qaydanı pozmuş, bu hərəkətlərini polis əməkdaşlarının qanuni tələblərinə baxmayaraq davam etdirmişdir. İş materiallarında olan, məhkəmə iclasında elan edilərək tədqiq edilmiş 02 aprel 2024-cü il tarixli, 167 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”ndan görünür ki, həmin tarixdə müayinə zamanı Şəxs sərxoş olması müəyyən edilmişdir. İş materiallarında olan, məhkəmə iclasında elan edilərək tədqiq edilmiş 02 aprel 2024-cü il tarixli, AZA 021149 nömrəli “inzibati qaydada tutma haqqında protokol”dan görünür ki, Şəxs iş üzrə 02 aprel 2024-cü il tarixdə saat 20:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-in: - 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. - 535.1-ci maddəsinə əsasən polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməlləri törətməsi: - məhkəmə iclasında və Füzuli RPŞ-də aparılmış araşdırma zamanı özünün verdiyi etirafedici izahatı, zərəşəkmiş şəxs Zərərçəkmiş şəxs, şahid qismində dindirilmiş Şahid2 və Şahid1 verdikləri izahatları, iş materiallarında olan bir ədəd diskin yaddaşına yazılmış videogörüntülər, 02 aprel 2024-cü il tarixli, 167 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı” və digər sənədlərlə tam sübuta yetirilmişdir. - ictimai qaydanın pozulması və polisin qanuni tələblərinə qəsdən tabe olmama ilə nəticələndiyinə görə Azərbaycan Respublikası İXM-in müvafiq olaraq 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddələrdə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İXM-in: - 34.3-cü maddəsinə əsasən bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. - 43-cü maddəsinə əsasən həmin Məcəllənin 510 və 535-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri baxır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 510 və 535-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri baxdığına, ən ciddi inzibati tənbeh növü olan inzibati həbs 535-ci maddənin sanksiyasında bir ayadək, 510-cu maddənin sanksiyasında isə on beş günədək müddətə nəzərdə tutulduğuna, beləliklə də, 535-ci maddədə nəzərdə tutulmuş inzibati xəta 510-cu maddədə nəzərdə tutulmuş inzibati xətadan daha ciddi olduğuna görə Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs iş üzrə törətdiyi inzibati xəta əməllərinə münasibədə səmimi peşmançılığını Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə və təqsirini etiraf etməsini həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar, həmin əməlləri sərxoş vəziyyətdə törətməsini isə həmin Məcəllənin 33.17-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs həmin Məcəllənin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın xarakteri, onun şəxsiyyətini, təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə səmimi peşmançılığı və təqsirini etiraf etməsindən ibarət məsuliyyətini yüngülləşdirən halları, həmin əməlləri sərxoş vəziyyətdə törətməsindən ibarət məsuliyyətini ağırlaşdıran halı nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində 10 (on) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilməsi zəruridir. Məhkəmə hesab edir ki, Şəxs həbs edilməsinin əvvəli inzibati qaydada tutulduğu 02 aprel 2024-cü il tarix, saat 20:30-dan hesablanmalıdır. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsi tətbiq edilməklə, həmin Məcəllənin 535.1-ci maddəsi ilə Şəxs barəsində 10 (on) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Şəxs həbs edilməsinin əvvəli inzibati qaydada tutulduğu 02 aprel 2024-cü il tarix, saat 20:30-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Füzuli Rayon Polis Şöbəsinə və Beyləqan Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar