Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-2/2024 11.01.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynov İlham Rəvan oğlunun katibliyi, hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Azərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin müdiri F.Abdullayeva tərəfindən tərtib olunmuş 21 noyabr 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, "xxxx" MMC tərəfindən 2021-ci il üzrə maliyyə hesabatlarının 2022-ci ildə auditi aparılmamışdır. Ona görə də, hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-in 464-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsalar da məhkəmə iclasında iştirak etmirdilər. Belə olan halda məhkəmə iclasın tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Məhkəmə işdə olan materialları tədqiq edərək aşağıda göstərilən əsaslara görə hesab edir ki, "xxxx" MMC ( VÖEN: **********) barəsində Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, AR İXM-nin 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “Auditor xidməti haqqında” AR Qanunun 2-ci maddəsinə əsasən öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. AR Mülki Məcəlləsinin 91.4-cü maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyət illik maliyyə hesabatının düzgünlüyünü yoxlamaq üçün hər il əmlak mənafeləri ilə cəmiyyətə və ya onun iştirakçılarına bağlı olmayan peşəkar auditor cəlb etməlidir. ( kənar audit) “Muhasibat uçotu haqqında” AR Qanunun 12.1-ci maddəsinə əsasən kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını müvafiq qurumlara qanunvericilik aktları ilə, digər şəxslərə isə nizamnamələri ilə müəyyən olunmuş hallarda təqdim edirlər. Kommerisya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc olunması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə dərc etməli olan kommersiya təşkilatlarının (Dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları istisna olmaqla) siyahısını Azərbaycan Respublikasının Vergilər Nazirliyi ildə bir dəfə hesabat ilindən sonrakı ilin mart ayının 31-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir. AR İXM-nin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. İşdən görünür ki, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə olan inzibati xəta haqqında protokol inzibati xətanın baş verməsindən bir ildən artıq müddət keçdikdən sonra, yəni xx.xx.2023-cü il tarixdə tərtib edilmiş və baxılması üçün göndərilmişdir. AR İXM-nin 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər keçdikdə inzibati xəta haqqında iş üzrə icraat başlana bilməz və başlanmış iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, AR İXM-nin 464-cü maddəsində nəzərdə tutulan inzibati xətaya görə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən "xxxx" MMC 2021-ci il üzrə maliyyə hesabatlarının 2022-ci ildə auditini aparmamağa görə İXM-nin müvafiq maddəsi ilə inzibati qaydada tənbeh oluna bilməz. Ona görə də, "xxxx" MMC barəsində AR İXM-nin 464-cü maddəsi ilə olan inzibati xəta haqqnda iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-in 464-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(064)-2/2024
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-2/2024
11.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver