Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-21/2024 09.01.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Novruzov Azad Novruz oğlunun katibliyi, Füzuli RPŞ-nin polis sahə rəisi polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1964-cü il tarixdə Xocavənd rayonu, Tağavert kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2-ci qrup əlil, işləməyən, Xocavənd rayonu, Əmiranlar kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510-cu və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 11 radələrində stasionar polis postunda polis işçilərinin ünvanına uca səslə nalayiq söyüşlər söyərək onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında: Füzuli RPŞ-nin polis sahə rəisi X2 bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Füzuli rayonu, Alıxanlı kəndində yerləşən stasionar polis postunda xidmət aparan polis işçilərinin ünvanına uca səslə nalayiq söyüşlər söymüş və bu zaman onu nizam-intizama dəvət edən polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Sonradan Şəxs Füzuli RPŞ-ə dəvət edilmiş və o, xırda xuliqanlıq hərəkətlərini Polis şöbəsində də davam etdirmişdir. Ona görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü AR İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Füzuli rayonu, Alıxanlı kəndində yerləşən stasionar polis postunda polis işçiləri tərəfindən saxlanılarkən tələsdiyini bildirərək onu saxladıqlarını irad tutmuşdur. Bu zaman aralarında yaranmış mübahisə zamanı əsəbləşərək uca səslə nalayiq söyüşlər söymüşdür. Sonra polis əməkdaşları onu Füzuli PRŞ-ə dəvət etmişlər. Şahid Füzuli RPŞ PPXB-nin əməkdaşı polis serjantı X3 bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Füzuli rayonu, Alıxanlı kəndində yerləşən stasionar polis postunda xidmət aparan zaman şəxsiyyətini sonradan müəyyən etdikləri Şəxs polis postunda onun və digər polis işçilərinin ünvanına uca səslə nalayiq söyüşlər söymüşdür. Onu nizam-intizama dəvət etsələr də Şəxs öz qanunsuz hərəkətlərini davam etdirmişdir. “AZEMİS”dən çıxarışdan görünür ki, Şəxs İİ qrup əlildir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən proses iştirakçılarının, şahidin izahatları və digər iş materialları ilə Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi məsələsini müzakirə edərkən onun ilk dəfə inzibati xəta törətməsini və İİ qrup əlil olmasını inzibati məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Şəxs inzibati məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in: 510-cu maddəsində göstərilir ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsində göstərilir ki, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Bununla yanaşı, Azərbaycan Respublikası İXM-in: 9.1-ci maddəsində deylir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.2. Hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. 31.2-ci maddəsinin tələbinə görə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 34.2. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə törədilmiş inzibati xətaların xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, davranışını, İİ qrup əlil olmasını və işin digər hallarını nəzərə alaraq Şəxs təqsirli bilindiyi İXM-in 510 və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası KMP 2 sentyabr 2020-ci il tarixli Qərarında qeyd etmişdir ki,
1. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir.
2. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 510 və 535.1-ci maddələrini rəhbər tutaraq,
QƏRAR VERDİ:
Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən daha ciddi xəta olan Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə 200 manat inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim Yaşar Həşimov