Məhkəmə qərarları › İş №3(064)-214/2024

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-214/2024

09.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-214/2024 09.04.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Füzuli Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis kapitanı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakları ilə, xx xxxx 1991-ci il tarixdə Füzuli rayonu, Böyük Bəhmənli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsindən (bundan sonra – Füzuli RPŞ) daxil olmuş 09 aprel 2024cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 0,105 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini (bundan sonra metamfetamin) şəxsi istehlak miqdarında əldə etmiş, 17 yanvar 2024-cü il tarixdə yaşadığı Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində Füzuli RPŞ-nin əməkdaşları tərəfindən saxlanılana kimi əynində olmuş göy rəngli cins şalvarın arxa cibində saxlamış və daşımışdır. Həmin kütlə 17 yanvar 2024-cü il tarixdə Füzuli RPŞ-də Şəxs əynində olmuş, videoçəkiliş aparılmaqla qablaşdırılaraq götürülmüş göy rəngli cins şalvarın arxa cibindən müvafiq ekspert tədqiqatı aparılarkən aşkar edilmiş, onun metamfetamin olması isə materialların məhkəmə ekspertizasının 18 yanvar 2024-cü il tarixli, 18/77 nömrəli rəyi əsasında müəyyən edilmişdir. Buna görə də Füzuli RPŞ-də ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə qəbul edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” 06 aprel 2024-cü il tarixli qərarla müəyyən edilmiş işin faktiki halları əsasında Füzuli RPŞ-nin polis sahə rəisi, polis kapitanı X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş 09 aprel 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə sonuncunun Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün aidiyyəti üzrə Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iş üzrə inzibati xəta haqqında protokol tərtib etmiş Füzuli RPŞnin polis sahə rəisi, polis kapitanı X2 izahatında göstərmişdir ki, Şəxs satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 0,105 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə etmiş, üzərində saxlamış və daşımışdır. Buna görə də sonuncu barəsində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş, toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, metamfetamindən əvvəllər qəbul etsə də, təxminən bir ildir ki, qəbul etmir. 17 yanvar 2024-cü il tarixdə yaşadığı Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində olarkən Füzuli RPŞ-nin əməkdaşlarının ona tərəf gəldiklərini görüb qorxduğu üçün qaçmış, polis əməkdaşları onu saxlayıb Füzuli RPŞ-yə gətirmişlər. Polis əməkdaşları ona saxlanıldığı yerdə və Füzuli RPŞ-də olarkən zor tətbiq etmişlər. Nəticədə bədəninin müxtəlif nahiyələrindən xəsarətlər almışdır. Lakin bu barədə müraciəti əsasında aparılmış araşdırma zamanı hər hansı təzyiqə məruz qalmadan verdiyi izahatında 17 yanvar 2024-cü il tarixdə Füzuli RPŞ-nin əməkdaşlarının ona saxlanılmasından sonra, eləcə də Füzuli RPŞ-də olarkən zor tətbiq etməməsi, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyətindən yayınmaq üçün polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb hadisə yerindən qaçarkən yıxılması nəticəsində xəsarət alması və polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı yalan məlumat verərək barəsində həbs qətimkan tədbiri seçilməsinin qarşısını ala biləcəyini düşünməsini göstərməsi, eləcə də məhkəmə-tibbi ekspertizasından keçməkdən imtina etməsinin səbəbini izah edə bilmir. 17 yanvar 2024-cü il tarixdə Füzuli RPŞ-də videoçəkiliş aparılmaqla, həmçinin müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilərkən üzərindən hər hansı qanunsuz əşya, o cümlədən narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmiş, əlini əynində olmuş göy rəngli cins şalvarın sağ arxa cibinə bir neçə dəfə salmasının səbəbi polis əməkdaşları tərəfindən saxlanılarkən su kanalına yıxılmasına görə şalvarının ciblərinin də palçığa bulaşması olmuş, əlini şalvarının sağ cibinə salıb çıxardıqdan sonra palçıq hissələrini barmağının ucunda yerə atmışdır. 19 yanvar 2024-cü il tarixdə iş üzrə ibtidai istintaq aparmış müstəntiq videoçəkiliş aparmaqla, onun və müdafiəçisinin iştirakı ilə onun əynində olmuş göy rəngli cins şalvarı qablaşdırıb götürmüşdür. Müvafiq ekspert tədqiqatı zamanı şalvarının cibindən aşkar edilmiş metamfetamin ona məxsus olmamışdır. Onun üzərinə şəxsi axtarış keçirildikdən bir neçə dəqiqə sonra əlləri arxaya doğru qandallı vəziyyətdə olarkən Füzuli RPŞ-nin əməkdaşı Şahid1 onun əynində olmuş göy rəngli cins şalvarın arxa cibinə əlini salıb “Görüm burada nə var?” deyərkən həmin metamfetamini açıq vəziyyətdə onun cibinə atdığını hesab edir. Bu halı onun əynində olmuş şalvarın qablaşdırılıb götürülməsi zamanı deməməsinin səbəbini izah edə bilmir. Sol qolu bir neçə gün əvvəl futbol oynayarkən sınmışdır. Göstərdiklərinə əsasən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs təqsiri sübuta yetirilmədiyinə görə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Füzuli RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis kapitanı Şahid1 verdiyi izahatında göstərmişdir ki, 17 yanvar 2024-cü il tarixdə Füzuli RPŞ-də X1 üzərinə şəxsi axtarış keçirilərkən sonuncu üzərindən aşkar edilmiş metamfetamini Şəxs (bundan sonra – Pərvin) 20 manat məbləğində pula aldığını göstərdiyinə görə həmin tarixdə iş üzrə verilmiş əməliyyat tapşırığı əsasında Füzuli RPŞnin əməkdaşları Şahid2 Kamal oğlu və qeyriləri ilə birlikdə Pərvini yaşadığı Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində saxlamış, Füzuli RPŞ-yə gətirmişlər. Sonuncu həmin kəndin ərazisindən keçən dəmir yolunun yaxınlığında olarkən onların gəldiklərini görüb qaçmış, içərisində suyun az olduğu su kanalının üzərindən keçmək üçün tullanarkən su kanalının palçıqlı hissəsinə üzü üstə yıxılmışdır. Buna görə də Pərvinin əynindəki paltarların ön tərəfi palçığa bulansa da, arxa tərəfi təmiz qalmışdır. Həmin vaxt onlar Pərvini saxlamış, sonuncuya onlarla birlikdə Füzuli RPŞ-yə getməli olduğunu izah etsələr də, Pərvin Füzuli RPŞ-yə getməmək üçün onlara müqavimət göstərmişdir. Onlar Pərvini nizam-intizama dəvət etsələr də, sonuncu onlara müqavimət göstərməkdə davam etmişdir. Buna görə də onlar Pərvini Füzuli RPŞ-yə aparmaq üçün xidməti avtomobilə mindirmək istəyərkən sonuncu həmin avtomobilə mindirilməsinə imkan verməmək üçün baş, sifət və bədən nahiyələrini avtomobilin qapı və salon hissələrinə vurmaqla özünə xəsarətlər yetirmişdir. Onlar Pərvinin əllərinə qandal vurmaqla özünə xəsarətlər yetirməsinin və onlara müqavimət göstərməsinin qarşısını almış, Pərvini xidməti avtomobilə mindirib Füzuli RPŞ-yə gətirmişlər. 17 yanvar 2024-cü il tarixdə Füzuli RPŞ-də videoçəkiliş aparılmaqla, həmçinin müdafiəçisinin iştirakı ilə Pərvinin üzərinə şəxsi axtarış keçirilərkən üzərindən hər hansı qanunsuz əşya, o cümlədən narkotik vasitə, metamfetamin aşkar edilməmişdir. Şəxsi axtarışın gedişində sonuncunun əlini əynində olmuş göy rəngli cins şalvarın sağ arxa cibinə bir neçə dəfə salması, əlini şalvarının cibindən çıxardıqdan sonra barmağının ucunda nəyisə yerə atması onun diqqətini cəlb etmişdir. Bu səbəbdən Pərvinin əynində olmuş şalvarın arxa ciblərində açıq vəziyyətdə narkotik vasitə və ya psixotrop maddə olmasından şübhələnmişdir. Şəxsi axtarışın gedişinə mane olmamaq məqsədilə şəxsi axtarış bitdikdən dərhal sonra bu barədə raportla rəhbərliyinə müraciət etmişdir. O və ya Füzuli RPŞ-nin hər hansı əməkdaşı Pərvinə saxlanıldığı yerdə və Füzuli RPŞ-də olarkən hər hansı qanunsuz hərəkət, eləcə də zor tətbiq etməmişdir. Eləcə də, o, Pərvinin üzərinə şəxsi axtarış keçirilməsindən sonra əynində olmuş şalvarın götürülməsinə qədər həmin şalvarın ciblərinə əlini salmamışdır. Pərvinin verdiyi izahatında onun və Füzuli RPŞnin digər əməkdaşlarının əleyhinə göstərdiyi hallar yalandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Füzuli RPŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 Kamal oğlu verdiyi izahatında işin halları barədə Şahid1 ilə eyni məzmunda göstərmişdir. İş materiallarında olan, məhkəmə iclasında elan edilərək tədqiq edilmiş: - “Şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilməsi haqqında” 17 yanvar 2024-cü il tarixli protokolun surəti və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, Şəxs üzərinə videoçəkiliş aparılmaqla, həmçinin müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilərkən hər hansı qanunsuz əşya, o cümlədən narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmiş, şəxsi axtarışın gedişində sonuncu əlini əynində olmuş göy rəngli cins şalvarın sağ arxa cibinə bir neçə dəfə salmış, əlini şalvarının cibindən çıxardıqdan sonra barmağının ucunda nəyisə yerə atmışdır. Şəxs verilmiş müvafiq suala cavab olaraq Füzuli RPŞ-nin əməkdaşlarının ona zor tətbiq etmədiyini bildirmiş, Şəxs və ya müdafiəçisi hər hansı hala etiraz etməmişlər. - Füzuli RPŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 imzaladığı 17 yanvar 2024-cü il tarixli raportun surətindən görünür ki, o, həmin tarixdə Şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncunun əlini əynində olmuş göy rəngli cins şalvarın sağ arxa cibinə bir neçə dəfə salmasının onda həmin şalvarın arxa ciblərində narkotik vasitə olması şübhəsi yaratdığını göstərmiş, buna görə də müvafiq tədbir görülməsini xahiş etmişdir. - “Götürmə aparılması haqqında” 17 yanvar 2024-cü il tarixli protokolun surəti və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, Şəxs üzərinə şəxsi axtarış keçirildikdən dərhal sonra Füzuli RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis kapitanı Şahid1 imzaladığı 17 yanvar 2024-cü il tarixli raporta əsasən Şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olmuş göy rəngli cins şalvarı videoçəkiliş aparılmaqla, həmçinin müdafiəçisinin iştirakı ilə qablaşdırılıb götürülmüşdür. Şəxs və ya müdafiəçisi hər hansı hala etiraz etməmişlər. - Materialların məhkəmə ekspertizasının 18 yanvar 2024-cü il tarixli, 18/77 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “...Şəxs ...” sözləri yazılmış sintetik torbada olan bir ədəd göy rəngli cins şalvarın arxa cibindən aşkar edilmiş maddə təmiz çəkisi 0,105 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata sərf edildikdən sonra metamfetaminin qalıq çəkisi 0,055 qram təşkil edir. - Məhkəmə-narkoloji ekspertizasının 14 mart 2024-cü il tarixli, 1738 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - “Füzuli Rayon Mərkəzi Xəstəxanası” X6 14 fevral 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Şəxs 26 yanvar 2021-ci il tarixdən xəstəxananın narkoloji dispanserində qeydiyyatdadır. - Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin böyük prokuroru, İ dərəcəli hüquqşünas X3 tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 05 fevral 2024-cü il tarixli qərarda göstərilmişdir ki, Füzuli RPŞ-nin istintaq bölməsində istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs Şəxs verdiyi ifadəsində ona Füzuli RPŞ-nin əməkdaşları tərəfindən zor tətbiq edildiyini göstərməsi əsasında 85 C-24 nömrəli material üzrə aparılmış araşdırma zamanı Şəxs verdiyi izahatında 17 yanvar 2024-cü il tarixdə Füzuli RPŞ-nin əməkdaşlarının ona saxlanılmasından sonra, eləcə də Füzuli RPŞ-də olarkən zor tətbiq etmədiyini, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyətindən yayınmaq üçün polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb hadisə yerindən qaçarkən yıxılması nəticəsində xəsarət aldığını və polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı yalan məlumat verərək barəsində həbs qətimkan tədbiri seçilməsinin qarşısını ala biləcəyini düşündüyünü göstərmiş, eləcə də məhkəmə-tibbi ekspertizasından keçməkdən imtina etmişdir. - Füzuli RPŞ-də ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə qəbul edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” 06 aprel 2024-cü il tarixli qərarla ekspert tədqiqatı zamanı Şəxs əynində olmuş şalvarın arxa cibindən aşkar edilmiş təmiz çəkisi 0,105 qram təşkil edən metamfetaminə münasibətdə sonuncu barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün həmin qərarın surəti Füzuli RPŞ-nin ictimai təhlükəsizlik bölməsinə göndərilmişdir. İş üzrə Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində qanunsuz olaraq psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında əldə edilməsinə, saxlanılması, daşınmasına görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilməsi nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanuna əsasən metamfetamin psixotrop maddədir, metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iş üzrə məhkəmə iclasında verdiyi izahatında 17 yanvar 2024-cü il tarixdə Füzuli RPŞ-nin əməkdaşlarının ona saxlanılmasından sonra, eləcə də Füzuli RPŞ-də olarkən zor tətbiq etməsi, Füzuli RPŞ-də onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olmuş göy rəngli cins şalvarın 17 yanvar 2024-cü il tarixdə deyil, 19 yanvar 2024-cü il tarixdə qablaşdırılaraq götürülməsi, həmin şalvarın arxa cibindən müvafiq ekspert tədqiqatı aparılarkən aşkar edilmiş metamfetaminin ona məxsus olmaması, üzərinə şəxsi axtarış keçirildikdən sonra onun həmin şalvarının arxa cibinə Füzuli RPŞ-nin əməkdaşı Şahid1 tərəfindən atılması barədə özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər: - məhkəmə iclasında Şəxs verdiyi izahatının özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri ilə bağlı olmayan qalan hissələri ilə yanaşı, - şahid qismində dindirilmiş Şahid1 və Şahid2 Kamal oğlunun verdikləri izahatlar, - “Şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilməsi haqqında” 17 yanvar 2024-cü il tarixli protokolun surəti və ona əlavə edilmiş videoçəkiliş, - “Götürmə aparılması haqqında” 17 yanvar 2024-cü il tarixli protokolun surəti və ona əlavə edilmiş videoçəkiliş, həmin protokolun Şəxs və onun müdafiəçisi tərəfindən imzalanması, - materialların məhkəmə ekspertizasının 18 yanvar 2024-cü il tarixli, 18/77 nömrəli rəyi, həmçinin, həmin rəydə ibtidai istintaq orqanı tərəfindən müvafiq ekspertizanın təyin edilməsi barədə qərarın 17 yanvar 2024-cü il tarixdə qəbul olunması və Şəxs əynində olmuş, qablaşdırılıb götürülmüş göy rəngli cins şalvarın ekspert tədqiqatına 18 yanvar 2024-cü il tarixdə təqdim edilməsinin göstərilməsi, - məhkəmə-narkoloji ekspertizasının 14 mart 2024-cü il tarixli, 1738 nömrəli rəyi, - Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin böyük prokuroru, İ dərəcəli hüquqşünas X3 tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 05 fevral 2024-cü il tarixli qərar, orada əks olunmuş Şəxs izahatının məzmunu, digər sənədlər və iş üzrə sonuncunun əynində olmuş göy rəngli cins şalvarın arxa cibindən aşkar edilmiş, maddi sübut qismində tanınmış metamfetaminin qalığı ilə tam təkzib edilir. Beləliklə, məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi inzibati xəta əməlini törətməsi yuxarıda göstərilən sübut növləri ilə tam sübuta yetirilmişdir. Onun əməlində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri mövcuddur. Buna görə də o, həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakteri, təqsirinin dərəcəsi, onun şəxsiyyəti, əmlak vəziyyəti, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, eləcə də hazırki sağlamlıq vəziyyətində sol qolunun sınmasından ibarət problemin olmasını nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi kifayətdir. Azərbaycan Respublikası İXM-in 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Məhkəmə Azərbaycan Respublikası İXM-in 37.1-ci maddəsinə əsaslanaraq hesab edir ki, həmin qanunvericilik normasında inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə yalnız inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən məcburi müalicənin təyin edilməsi qaydası müəyyən edildiyinə, məhkəmə-narkoloji ekspertizasının 14 mart 2024-cü il tarixli, 1738 nömrəli rəyində Şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması göstərilsə də, iş üzrə sonuncu barəsində inzibati həbs deyil, inzibati cərimə tənbeh tədbiri tətbiq edilməli olduğuna görə narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Məhkəmə bu barədə nəticəyə gələrkən iş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 06 aprel 2024-cü il tarixli qərara əsasən Füzuli RPŞ-də ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb edildiyi Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə cinayət təqibinin davam etdirildiyini də nəzərə alır. Məhkəmə hesab edir ki, iş üzrə Şəxs əynində olmuş göy rəngli cins şalvarın arxa cibindən aşkar edilmiş, maddi sübut qismində tanınmış, ekspert tədqiqatından sonra qalıq çəkisi 0,055 qram təşkil edən metamfetamin Füzuli RPŞ-də sonuncu barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə də sübut əhəmiyyətli olduğuna görə hazırki icraata münasibətdə məhv edilməməlidir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar