Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-217/2024 16.04.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, Füzuli rayon prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas X3, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1975-ci il tarixdə Füzuli rayonu, Böyük Bəhmənli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də fəhlə işləyən, Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə başlanması barədə 15 aprel 2024-cü il tarixli qərar və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 15 mart 2024-cü il tarixdə saat 17 radələrində yaşadığı Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində yerləşən, Zərərçəkmiş şəxs məxsus mağazanın qarşısında olarkən, sonuncuya aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı yaxasından tutub sağ gözaltı nahiyəsinə yumruqla qəsdən zərbə vurması nəticəsində dərəcəsi təyin olunmayan xəsarət yetirmiş, beləliklə də döyməklə fiziki ağrı yetirmişdir. Buna görə də 15 aprel 2024-cü il tarixdə Füzuli rayon prokuroru, ədliyyə müşaviri Elnur Rüstəmov tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün aidiyyəti üzrə Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Füzuli rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X3 verdiyi izahatında Füzuli Rayon Polis Şöbəsində araşdırılması aparılmış HK-1/325 nömrəli material üzrə Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi məzmunda inzibati xəta törətməsinin müəyyən edilməsi əsasında 15 aprel 2024-cü il tarixdə Füzuli rayon prokuroru, ədliyyə müşaviri Elnur Rüstəmov tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul edildiyini göstərmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, yaşadığı Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində yerləşən, Zərərçəkmiş şəxs (bundan sonra – Rəsul) məxsus mağazanın yanından keçərkən mağazanın kənarındakı, adına hüquqmüəyyənedici sənəd olmasa da, əvvəllər çınqıl və asfalt tökdürdüyünə görə özünə məxsus olmasını hesab etdiyi kiçik boş ərazidə “boks” aparatının qoyulduğunu gördüyünə görə təxminən 5 ildir ki, küsülü olduğu Rəsuldan həmin aparatın kim tərəfindən qoyulduğunu soruşmuş, sonuncu cavabında həmin aparatın özü tərəfindən qoyulduğunu demişdir. O, Rəsuldan həmin aparatın oradan götürülməsini tələb etsə də, sonuncu buna əməl etməmiş, nəticədə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı o, Rəsulun yaxasından tutmuş, sonuncuya yumruqla vuaracağını desə də, hər hansı formada zərbə vurmamışdır. Törətdiyi həmin əməldən səmimi peşimandır. Buna görə Rəsuldan üzr istəyir, sonuncu ilə barışmaq istəyir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, 15 mart 2024-cü il tarixdə yaşadığı Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində yerləşən mağazasına gəlmiş, tanımadığı iki nəfər şəxs ona İkinci Qarabağ müharibəsi qazisi olduqlarını, onun mağazasının kənarında yerləşən, Şəxs (bundan sonra - Zülfüqar) qanunsuz olaraq faktiki istifadəsində olan boş yerə “boks” aparatı qoymaq istədiklərini, həmin aparatdan gəlir götürmək istədiklərini bildirdiklərinə görə onlarla razılaşmışdır. Bundan sonra həmin şəxslər “boks” aparatını göstərdiyi yerə qoyub getmişlər. Təxminən 15 dəqiqə sonra Zülfüqar onun mağazasının qarşısına gəlib ondan həmin “boks” aparatının göstərdiyi yerə kim tərəfindən qoyulduğunu soruşmuş, o, cavabında həmin aparatın onun tərəfindən qoyulduğunu demişdir. Zülfüqar ondan həmin aparatı oradan götürülməsini tələb etmiş, o, həmin tələbdən imtina etmişdir. Bu səbəbdən Zülfüqar onunla arasında yaranmış mübahisə zamanı onun yaxasından tutub sağ gözaltı nahiyəsinə yumruqla zərbə vurmuşdur. Zülfüqar məhkəmə iclasına qədər ondan üzr istəmədiyinə görə o, Zülfüqarla barışmır, sonuncu barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan, məhkəmə iclasında elan edilərək tədqiq edilmiş: - “Baxış keçirilməsi haqqında” 19 mart 2024-cü il tarixli protokolda göstərilmişdir ki, Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində yerləşən, X1 məxsus mağazaya quraşdırılmış təhlükəsizlik kamerasına baxış keçirilərkən 15 mart 2024-cü il tarixdə saat 16:42-də qeydə alınmış videoçəkilişdə Şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş mübahisənin gedişi əks olunduğuna görə həmin videoçəkiliş bir ədəd diskin yaddaşına yazılıb götürülmüşdür. - “Diskə baxış keçirilməsi haqqında” 20 mart 2024-cü il tarixli protokol və “Baxış keçirilməsi haqqında” 19 mart 2024-cü il tarixli protokola bir ədəd diskdə əlavə edilmiş videogörüntüdən görünür ki, Hacıyev X2 Rəsul Həsən oğlu ilə mübahisə edərkən sonuncunun üzərinə hücum edib yaxasından tutmuş, sağ gözaltı nahiyəsinə yumruqla zərbə vurmuşdur. - Məhkəmə-tibbi ekspertizasının 17 mart 2024-cü il tarixli, 68/24 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar olunmuş sağ gözaltı nahiyədəki qançır bərk küt əşyanın təsirindən törənmiş, müayinə olunanın göstərdiyi 15 mart 2024-cü il tarixdə və şəraitdə yarana bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. - Füzuli Rayon Polis Şöbəsində araşdırılması aparılmış HK-1/325-2024 nömrəli material üzrə qəbul edilmiş “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 09 aprel 2024-cü il tarixli qərarın surətindən görünür ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi məzmunda inzibati xəta törətməsi müəyyən edildiyinə görə sonuncu barəsində Azərbaycan Respublikası CM-in 221-ci maddəsi ilə cinayət işi başlanması rədd edilmiş, Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati icrratın başlanması üçün qərarın surəti Füzuli rayon prokurorluğuna göndərilmişdir. Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməli törətməsi: - məhkəmə iclasında və Füzuli RPŞ-də aparılan araşdırma zamanı özünün verdiyi qismən etirafedici izahatı ilə yanaşı, Zərərçəkmiş şəxs verdiyi izahatı, “Baxış keçirilməsi haqqında” 19 mart 2024-cü il tarixli protokol, ona bir ədəd diskdə əlavə edilmiş videogörüntü, “Diskə baxış keçirilməsi haqqında” 20 mart 2024-cü il tarixli protokol, məhkəmə-tibbi ekspertizasının 09 aprel 2024-cü il tarixli, 68/24 nömrəli rəyi, iş materiallarında olan sənədlərlə və işin faktiki halları ilə tam sübuta yetirilmişdir. - Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakteri, onun şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsi, əmlak vəziyyəti, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi kifayətdir. Məhkəmə yuxarıda şərh olunanlara, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(064)-217/2024
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-217/2024
16.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver