Məhkəmə qərarları › İş №3(064)-228/2023

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-228/2023

22.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-228/2023 22.06.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraat materialına baxaraq, müəyyənetdi: xx.xx.2023-cü il tarixli, №00100/01171 saylı inzibati xəta haqqında protokolda qeyd edilir ki, hüquqi şəxs “MEDAPH PHARMA" MMC-nin ünvanına 34EVZ682/34EYD311 nömrəli nəqliyyat vasitəsi ilə xx.xx.2023-cü il tarixli **********5370 sorğu nömrəli Gömrük Bəyannaməsilə Bakı Bas Gömrük İdarəsində bəyan edildiyi, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə qətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilmədiyi müəyyən edilmişdir. Belə ki, BBGİ-nin “Qida məhsullarının rəsmiləşdirilməsi" şöbəsindən daxil olmuş 34/012/011877 nömrəli xx.xx.2023-cü il tarixli raporta əsasən Şəxs MMC-nin ünvanına 34EVZ682/34EYD311 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş yüklər üçün Azərbaycan Respublikasının gömrük ərazisinə qətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. İs materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursundan “malın çatdırılması və boşaldılması’’-na dair çıxarışdan görünür ki, 34EVZ682/34EYD311 nömrəli nəqliyyat vasitəsi ilə ’’MEDAPH PHARMA” MMC-nin ünvanına göndərilən mallar xx.xx.2023-cü il tarixdə saat 22:52 radələrində Qərb Ərazi Bas Gömrük İdarəsinin “Mazımqara” gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmişdir. İş üzrə Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəxs MMC-nin ünvanına 34EVZ682/34EYD311 nömrəli nəqliyyat vasitəsi ilə “X2 ve Ticaret A.S” şirkətindən göndərilmiş mallara dair qısa idxal bəyannaməsi mallar Azərbaycan Respublikasının gömrük ərazisinə qətirilməzdən əvvəl elektron qaydada gömrük orqanlarına təqdim edilməmişdir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 mav 2016-cı il tarixli 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən az 1 saat əvvəl verilməlidir. Məhkəmə iclasında hüquqi şəxs Şəxs MMC-nin rəhbəri Nümayəndə Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsi ilə təqsirli bilməyərək bildirdi ki, Türkiyə Respublikası “X2 ve Ticaret A.S” şirkətindən dərman məhsullarının ölkəyə idxal olunmasını sifariş etmişdir. Lakin həmin malların dəqiq hansı tarixdə və vaxtda ölkəyə idxal ediləcəyi barədə onda dəqiq məlumat olmadığına görə elektron formada qısa idxal bəyannaməsini təqdim etməmişdir. Odur ki, hesab edir ki, əməlində Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsinin tərkib əlaməti olmadığından barəsində həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə Nümayəndə dinləyərək, inzibati xəta haqqında iş üzrə icraat materialını nəzərdən keçirərək və onlara hüquqi qiymət verərək hesab edir ki, hüquqi şəxs “MEDAPH PHARMA" MMC-nin əməlində Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsinin tərkib əlamətləri olduğundan də o, həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsində qeyd edilir ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən, fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Məhkəmə iclasında hüquqi şəxs Şəxs MMC-nin rəhbəri Nümayəndə bildirdi ki, Türkiyə Respublikası “X2 ve Ticaret A.S” şirkətindən dərman məhsullarının ölkəyə idxal olunmasını sifariş etsə də həmin malların dəqiq hansı tarixdə və vaxtda ölkəyə idxal ediləcəyi barədə məlumat olmadığına görə elektron formada qısa idxal bəyannaməsini təqdim etməmişdir. Lakin məhkəmə Nümayəndə mülahizələri ilə razılaşmayaraq bildirir ki, onun əsaslandığı hallar AR İXM-in 485.2-ci maddəsi ilə inzibati məsuliyyəti aradan qaldıran hal kimi qiymətləndirilə bilməz. Belə ki, məhkəmə belə qənaətə gəlir ki, hüquqi şəxs Şəxs MMC-nin rəhbəri Nümayəndə sifariş verdiyi malların hansı tarixdə və vaxtda Türkiyə Respublikasından ölkəyə idxal ediləcəyi barədə məlumatlı olmağa və əvvəlcədən elektron formada qısa idxal bəyannaməsini gömrük orqanına təqdim etməyə borclu idi. Odur ki, məhkəmə belə hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsinin tərkib əlaməti olduğundan həmin maddə ilə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsində deyilir ki, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini və sair digər halları nəzərər alaraq hüquqi şəxs Şəxs MMC-yə AR İXM-in 485.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimənin təyin edilməsini əsaslı hesab edir. Beləliklə də, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 485.2-ci maddələrini rəhbər tutaraq, qərar verdi: Hüquqi şəxs “MEDAPH PHARMA" MMC Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1.500 (bir min beş yüz) manat inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar