Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-230/2024 17.04.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Füzuli Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1989-cü il tarixdə Füzuli rayonu, Əhmədalılar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Füzuli rayonu, Əhmədalılar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsindən (bundan sonra – Füzuli RPŞ) daxil olmuş 17 aprel 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 17 aprel 2024-cü il tarixdə saat 13 radələrində Füzuli rayonu, Horadiz şəhərində “Saat dairəsi” adlanan yerdə səsucaldan vasitəsilə səs-küy salması, nalayiq sözlər deməsi, ictimai qaydanı pozaraq ətrafdakı insanların gediş-gəlişinə maneə törətməsi, polis əməkdaşlarının qanuni tələblərinə baxmayaraq, bu hərəkətlərini davam etdirməsi nəticəsində xırda xuliqanlıq etmiş və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də Füzuli RPŞ-nin polis sahə rəisi, polis kapitanı X1 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları yuxarıda göstərilən məzmunda törətməsi ilə bağlı tərtib edilmiş 17 aprel 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Füzuli RPŞ-nin polis sahə rəisi X1 17 aprel 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, özünə məxsus "xxxx" MMC-nin sahəsini böyütmək üçün Füzuli rayonu, Əhmədalılar kəndinin bələdiyyəsinə müraciət edərək həmin kəndin örüş otlaq sahəsini onun adına rəsmiləşdirmək üçün müraciət etmişdir. Bununla bağlı nəticə əldə edə bilmədiyinə görə 17 aprel 2024-cü il tarixdə saat 13 radələrində Füzuli rayonu, Horadiz şəhərində yerləşən “Saat dairəsi” adlanan yerdə olan saatın üzərinə çıxıb səsucaldan vasitəsilə səs-küy salmaqla, Füzuli rayon İcra Hakimiyyəti başçısının ünvanına nalayiq sözlər deməklə, ictimai qaydanı pozmuş, ətrafdakı insanların diqqətini özünə cəlb etmiş, həmin yerə gələn polis əməkdaşları onun nizam-intizama dəvət etsələr də, onların qanuni tələblərinə baxmayaraq, o, bu hərəkətlərini davam etmişdir. Buna görə də polis əməkdaşları onu saxlayıb Füzuli RPŞ-yə gətirmişlər. Həmin hərəkətlərindən səmimi peşimandır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Füzuli RPŞ-nin İTB-nin baş inspektoru Şahid1, VMAS-ın inspektoru Şahid2 və əməliyyat müvəkkili Şahid3 verdikləri izahatlarında işin halları barədə Şəxs ilə eyni məzmunda göstərmişlər. İş materiallarında olan 10 aprel 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətlərindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı 10 aprel 2024-cü il tarixdə törətməkdə təqsirli bilinib, barəsində 60 manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-in: - 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. - 535.1-ci maddəsinə əsasən polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməlləri törətməsi: - məhkəmə iclasında və Füzuli RPŞ-də aparılmış araşdırma zamanı özünün verdiyi etirafedici izahatları, şahid qismində dindirilmiş Şahid1, Şahid2 və Şahid3 verdikləri izahatları, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. - ictimai qaydanın pozulması və polisin qanuni tələblərinə qəsdən tabe olmama ilə nəticələndiyinə görə Azərbaycan Respublikası İXM-in müvafiq olaraq 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddələrdə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İXM-in: - 34.3-cü maddəsinə əsasən bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. - 43-cü maddəsinə əsasən həmin Məcəllənin 510 və 535-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri baxır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 510 və 535-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri baxdığına, ən ciddi inzibati tənbeh növü olan inzibati həbs 535-ci maddənin sanksiyasında bir ayadək, 510-cu maddənin sanksiyasında isə on beş günədək müddətə nəzərdə tutulduğuna, beləliklə də, 535-ci maddədə nəzərdə tutulmuş inzibati xəta 510-cu maddədə nəzərdə tutulmuş inzibati xətadan daha ciddi olduğuna görə Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs iş üzrə törətdiyi inzibati xəta əməllərinə münasibədə səmimi peşmançılıq keçirməsini Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal, İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı bir il ərzində təkrar törətməsini isə həmin Məcəllənin 33.1.2-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs həmin Məcəllənin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın xarakteri, onun şəxsiyyətini, təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə səmimi peşmançılıq keçirməsindən ibarət məsuliyyətini yüngülləşdirən halı, İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı bir il ərzində təkrar törətməsindən ibarət məsuliyyətini ağırlaşdıran halı nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində 15 (on beş) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilməsi zəruridir. Məhkəmə hesab edir ki, Şəxs həbs edilməsinin əvvəli inzibati qaydada tutulduğu 17 aprel 2024-cü il tarix, saat 17:10-dan hesablanmalıdır. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsi tətbiq edilməklə, həmin Məcəllənin 535.1-ci maddəsi ilə Şəxs barəsində 15 (on beş) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Onun həbsetməsinin əvvəli 17 aprel 2024-cü il tarix, saat 17:10-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Füzuli Rayon Polis Şöbəsinə və Beyləqan Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(064)-230/2024
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-230/2024
17.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver