Məhkəmə qərarları › İş №3(064)-239/2023

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-239/2023

05.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-239/2023 05.06.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Füzuli RPŞ-nin polis sahə rəisi polis leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1993-cü ildə Füzuli rayonu, Araz Dilağarda kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Füzuli rayonu, Araz Dilağarda kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 206, 334.1, 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində sərxoş vəziyyətdə və psixotrop maddənin təsiri altında Füzuli rayon prokurloğunda uca səslə mübahisə edərək iş rejimini pozmuş və onu nizam-intizama dəvət edən polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla yanaşı, xx.xx.2023-cü il tarixli, İXP № ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə “Mercedes Benz 280 minik” markalı, ** TU *** dövlət nömrə nişanlı avtomobili idarə edərək Füzuli rayon prokurorloğuna getmişdir. Məhkəmə iclasında: Füzuli RPŞ-nin polis sahə rəisi polis leytenantı X2 bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində sərxoş vəziyyətdə və psixotrop maddənin təsiri altında “Mercedes Benz 280 minik” markalı, ** TU *** dövlət nömrə nişanlı avtomobili idarə edərək Füzuli rayon prokurorluğunun inzibati binasının yerləşdiyi yerə gəlmiş və uca səslə mübahisə edərək iş rejimini pozmuşdur. Bu zaman onu nizam-intizama dəvət edən polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Ona görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 206, 334.1, 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində sərxoş vəziyyətdə Füzuli rayon prokurloğuna getmiş və özünə məxsus avtomobilin xidməti maşınların arxasında saxlamışdır. Ona orada maşını saxlamaq olmaz deyən polis işçisi ilə mübahisə etmiş və avtomobilin açarını həmin polisin üzərinə ataraq binaya daxil olmuşdur. İnzibati binada da uca səslə prokurorluq işçiləri ilə mübahisə etmişdir. Bir neçə dəqiqədən sonra polis əməkdaşları oraya gələrək onu Füzuli RPŞ-ə dəvət etmişlər. Şahid Beyləqan rayonlararası Mühafizə Şöbəsinin polis nəfəri X4 bildirdi ki, 02 iyun 2023-cü il tarixdə Füzuli rayon prokurorluğunda 24 saatlıq xidmətdə olduğu zaman saat 17:30-da Şəxs idarə etdiyi “Mercedes Benz 280 minik” markalı, ** TU *** dövlət nömrə nişanlı avtomobili prokurorluq əməkdaşlarına aid olan yerdə saxlamış və digər avtomobillərn hərəkətinə maneə yaratmışdır. O, Y.Yusifliyə avtomobilini inzibati binanın arxa hissəsində saxlamasını bildirmişdir. Lakin Y.Yusifli onunla aqressiv şəkildə danışaraq avtomobili həmin yerdən çıxartmayacağını bildirmiş və prokurorluğun inzibati binasına daxil olmuşdur. İnzibati binanın daxilində də öz qanunsuz hərəkətlərini davam etdirərək ucadan danışaraq iş rejimini pozmuşdur. Sonradan məlum olmuşdur ki, Y.Yusifli metafetamindən istifadə etdiyi üçün onun təsiri altında olmuşdur. İnzibati xəta haqqında iş materialına əlavə edilmiş 02 iyun 2023-cü il tarixli, 441 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs alkoqol sərxoşluğu vəziyyəti, eləcə də narkotik vasitələrin, psixotrop maddələrin istehlakı nəticəsində yaranmış sərxoşluq vəziyyəti vardır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən proses iştirakçılarının izahatları ilə Şəxs Azərbaycan Respublikası İXM-in 206, 334.1, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 334.1-ci maddəsi İXM-in 206-cı maddəsini əhatə etdiyindən İXM-in 206-cı maddəsi inzibati xəta haqqında iş üzrə icraatdan xaric edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi məsələsini müzakirə edərkən onun inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası İXM-in: 206-cı maddəsində göstərilir ki, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 334.1. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 510-cu maddəsində göstərilir ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsində göstərilir ki, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Bununla yanaşı, Azərbaycan Respublikası İXM-in: 9.1-ci maddəsində deylir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinin tələbinə görə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 34.2. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair» 02 noyabr 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, «…inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin….» Odur ki, məhkəmə hazırki iş üzrə AR Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarını və həmin qərarda ifadə olunmuş hüquqi mövqeyini rəhbər tutaraq məhkəmə baxışının hədlərindən bəhs edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsində nəzərdə tutulmuş müddəalarına isnad edilməsini qanunamüvafiq hesab edir. Belə ki, adı çəkilən normada göstərilir ki, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, məhkəmə bu normadan yararlanaraq hesab edir ki, Şəxs barəsində AR İXM-in 206 və 334.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraatdan İXM-in 206-cı maddəsi xaric edilməlidir. Bununla yanaşı, məhkəmə törədilmiş digər inzibati xətalarıın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, davranışını və işin digər hallarını nəzərə alaraq Şəxs təqsirli bilindiyi İXM-in 334.1, 510 və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd edir ki, Şəxs eyni vaxtda bir neçə inzibati xətanı törətməsi onu deməyə əsas verir ki, o, hələ də qanunlara əməl edilməsi ruhunda tərbiyələnməmişdir. Belə olan halda, məhkəmə bu qənaətə gəlir ki, Şəxs barəsində sanksiyada nəzərdə tutulmuş ağır tənbeh tədbiri olan inzibati həbsin tətbiq olunması onun şəxsiyyətinə uyğundur. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 206, 334.1, 510 və 535.1-ci maddələrini rəhbər tutaraq, QƏRAR VERDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 206, 334.1, 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraatdan Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi xaric edilsin. Şəxs Azərbaycan Respublikası İXM-in 334.1, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası İXM-in 334.1-ci maddəsi ilə 5 (beş) gün müddətinə, Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə 5 (beş) gün müddətinə və Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən, Şəxs daha ciddi xəta olan Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə 15 (on beş) gün müddətinə inzibati həbs təyin edilsin. İnzibati həbsetmənin əvvəli xx.xx.2023-cü il saat 15:20-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Füzuli RPŞ və Beyləqan RPŞ MSY-ə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov Azərbaycan Respublikası Füzuli Rayon Məhkəməsi AZ 1900 Füzuli rayonu Tel: (026-315)51-82 Horadiz şəhəri İş № 3(064)-239/2023 xx.xx.2023-cü il Füzuli rayon Polis Şöbəsinin rəisi polis polkovnik-leytenantı cənab Zaur Abbasova Beyləqan rayon Polis Şöbəsinin rəisi polis polkovniki cənab Rüstəm Cəfərova Füzuli Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə xx.xx.2023-cü il tarixli, 3(064)-239/2023 saylı qərarı icra edilməsi üçün Sizə göndərilir. Qoşma: qərar 01 vərəqdə. HAKİM Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar