Məhkəmə qərarları › İş №3(064)-24/2025

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-24/2025

07.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-24/2025 07.01.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Qarabağ Regional Şöbəsinin nümayəndəsi X8, X2 iştirakları ilə X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Qarabağ Regional Şöbəsinin xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə Füzuli Rayon Məhkəməsinin inzibati binasında baxaraq MÜƏYYƏN ETDİ: X3 (bundan sonra – Şikayətçi) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Qarabağ Regional Şöbəsinin (bundan sonra - Şöbə) xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Şöbənin xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə onun barəsində , Füzuli rayon Şükürbəyli kənd orta məktəbin xadiməsi X5 ilə bağlanmış əmək müqaviləsində əmək şəraitinin şərtlərinin birtərəfli qaydada dəyişdirilməsinə görə 900 manat məbləğində cərimə tətbiq edilib, lakin o, hesab edir ki, sözügedən qərar əsassızdır və ləğv edilməlidir. Belə ki, Şikayətçi bildirir ki, o, Füzuli rayon Şükürbəyli kənd orta məktəbin direktoru vəzifəsində işləyir. Həmin məktəbdə istehsalatın və əməyin təşkilində dəyişikliklər edilməsi zərurəti olduğu üçün xadiməçi vəzifəsi üzrə iş vaxtı normasının tam ştat vahidindən (1,0) 0,66 ştat vahidinə keçirilməsi və əmək haqqının həmin ştat vahidinə uyğun olaraq hesablanıb ödənilməsi qərara alıb. İstehsalatda və əməyin təşkilində dəyişikliklər edilməsi onunla əsaslandırılır ki, hal-hazırda Füzuli rayon Şükürbəyli kənd orta məktəbində 11 sinif komplekti mövcuddur. Belə ki, AR Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ibtidai, əsas, orta ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları”na dair 1 nömrəli Əlavəyə əsasən sinif komplektlərinin sayı 10-13 olduğu halda kiçik xidmətedici işçi heyəti (xadimə, santexnik, çilingər və s.) üçün iş norması ümumilikdə 4,5 ştat vahidi müəyyən edilməlidir. Buna görə də Şikayətçi Nazirlər Kabinetinin qərarının icrasının təmin edilməsi üçün xadiməçi vəzifəsi üzrə iş normasının azaldılaraq, əmək haqqının həmin iş vaxtı normasına uyğun hesablanıb işçiyə ödənilməsini qanunauyğun hesab edib. Məhkəmə iclasında iştirak edən: Şikayətçi öz şikayət ərizəsinə uyğun izahat verərək Şöbənin xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etdi. Şöbənin nümayəndəsi X15 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq öz izahatında bildirdi ki, vətəndaş X1 müraciət edərək 2024-cü ilin mart ayından əmək haqqının 120 manat məbləğində azalmasını bildirib. Rəsmi araşdırmalar nəticəsində məlum olmuşdur ki, Füzuli rayon Şükürbəyli kənd orta məktəbin xadiməsi X5 ilə bağlanmış əmək müqaviləsində əmək şəraitinin şərtləri birtərəfli qaydada dəyişdirilib. Göstərilənlərə əsasən qərarın tam qanuni və əsaslı olduğunu bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Qarabağ Regional Şöbəsinin xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən müəyyən edilir ki, Füzuli rayon Şükürbəyli kənd orta məktəbin direktoru X14 tərəfindən Füzuli rayon Şükürübəyli kənd orta məktəbin xadiməsi X5 ilə bağlanmış əmək müqaviləsində əmək şəraitinin şərtləri birtərəfli qaydada dəyişdirilməsi müəyyən edilib. X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilib. Həmin inzbati xətanı törətdiyinə görə X14 barəsində 900 (doqquz yüz) manat məbləğində inzibati cərimə təyin edilib. T.Mehdiyevanın AR ƏƏSMN DƏMX X7 verdiyi xx.xx.2024-cü il tarixli izahat əsasında müəyyən edilir ki, o, Füzuli rayon Şükürbəyli kənd orta məktəbində tam ştatla mexaniki işdə işləyir. 2024-cü ilin mart ayından əmək haqqı 120 manat azalıb. Bununla bağlı məktəbin direktoruna şifahi müraciət edib. Direktor isə cavab olaraq məktəbin 4000 manat borcu yarandığını əsas gətirib. T.Mehdiyevadan əmək müqaviləsində ediləcək dəyişikliklə bağlı razılıq ərizəsi alınmayıb, ona şifahi məlumat da verilməyib. Bərdə Rayon Məhkəməsinin 3(021)-627/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı əsasında müəyyən edilir ki, Şikayətçinin AR İXM-nin 192.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə Şöbənin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarı ləğv edilib və qərara Şikayətçinin əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilib. Gəncə Apellyasiya Məhkəməsinin 3(104)-468/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Bərdə Rayon Məhkəməsinin 3(021)-627/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilib, şikayət aidiyyəti üzrə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilib. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 7-ci maddəsinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 44.1-ci maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. 44.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. 56.1-ci maddəsinə əsasən istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. 56.2-ci maddəsinə əsasən işəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haq qında işlər üzrə icraata başlamağa səbəb ola bilər. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırki iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Məhkəmə Şöbənin xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı, T.Mehdiyevanın AR ƏƏSMN DƏMX X7 verdiyi xx.xx.2024cü il tarixli izahat, digər iş materialları və tərəflərin məhkəmə iclasında verdiyi izahatlar əsasında müəyyən edir ki, Füzuli rayon Şükürbəyli kənd orta məktəbin direktoru X14 tərəfindən Füzuli rayon Şükürbəyli kənd orta məktəbin xadiməsi X5 ilə bağlanmış əmək müqaviləsində əmək şəraitinin şərtləri birtərəfli qaydada dəyişdirilib. Bu mövzuda T.Mehdiyevanın razılığının alınması və ya xəbərdarlıq edilməsi barədə hər hansısa material iş sənədlərinə əlavə edilməyib. Halbuki işəgötürən əmək şəraitinin şərtlərini dəyişdirməzdən azı bir ay əvvəl işçini kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə yazılı məlumatı və ya əmri ilə xəbərdar etməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Qarabağ regional şöbəsinin xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X9 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq QƏRARA ALDİ: X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Qarabağ regional şöbəsinin xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Füzuli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar