Məhkəmə qərarları › İş №3(064)-241/2024

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-241/2024

22.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-241/2024 22.04.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Füzuli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 iştirakları ilə, xx xxxxxxx 1971-ci il tarixdə Füzuli rayonu, Yağlıvənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Füzuli rayonu, Yağlıvənd kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli rayon İcra və Probasiya şöbəsindən (bundan sonra – Füzuli RİP) daxil olmuş 22 aprel 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Füzuli Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 2(064)-1134/2022 nömrəli qətnaməsi əsasında həmin məhkəmə tərəfindən verilmiş 15 iyul 2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Füzuli RİPŞ-nin böyük icra məmuru X1 qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 8 gün müddətinə inzibati həbs tənbeh tədbirinin tətbiq edildiyi Füzuli Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli 3(064)-434/2023 nömrəli qərarının qanuni qüvvəyə mindiyi gündən bir il ərzində həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş, yuxarıda göstərilən inzibati xətanı eyni icra sənədinə münasibətdə təkrar törətmişdir. Buna görə də Füzuli RİPŞ-nin böyük icra məmuru X3 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş 22 aprel 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Füzuli RİPŞ-nin icra məmuru X3 verdiyi izahatında göstərmişdir ki, Füzuli Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 15 iyul 2022-ci il tarixli, 2(064)- 1134/2022 nömrəli qətnaməsinə əsasən Şəxs (bundan sonra - borclu) 04 oktyabr 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 17 may 2022-ci il tarixdən başlayaraq hər ay 130 manat sabit pul məbləğində aliment tutulub Hüseynova (Şükürova) Vüsalə Novruzəli qızına (bundan sonra – tələbkar) ödənilməlidir. Həmin icra sənədi üzrə 02 avqust 2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul etmiş, qərarın surəti və tələbin könüllü icrası haqqında bildirişi borclunun yaşadığı ünvana göndərmişdir. Borclu aliment borcunu ödəmədiyinə görə Füzuli Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli 3(064)-434/2023 nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 8 gün müddətinə inzibati həbs tətbiq edilmişdir. Bundan sonra da borclu aliment borcundan tələbkara ödəməmişdir. Hazırda borclunun tələbkara olan aliment borcu cəmi 2340 manat təşkil edir. Borcluya həmin icra sənədini icra etməli olması ilə bağlı Füzuli RİPŞ-yə dəvət edildiyi barədə bildiriş göndərsə də, borclu Füzuli RİPŞ-yə gəlməmişdir. Buna görə də 22 aprel 2024-cü il tarixdə borclu müvafiq qərar əsasında Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Füzuli RİPŞ-yə məcburi gətirilmişdir. Borclunun aliment borcunu ödəməməsi tələbkarın haqlı narazılığına və şikayətlər etməsinə səbəb olmuşdur. Tələbkar borcludan aliment borcunu birdəfəlik tam həcmdə ödəməsini tələb edir. Göstərdiklərinə əsasən borclu onun həmin icra sənədinin icrası ilə əlaqədar etdiyi qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə də 22 aprel 2024-cü il tarixdə borclu barəsində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, hazırki iş üzrə əməlində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranmasını mübahisələndirmir. Əməlindən səmimi peşimandır. İş üzrə tələbkar Hüseynova (Şükürova) Vüsalə Novruzəli qızına olan cəmi 2340 manat məbləğində aliment borcunu ödəyə bilməməsini, beləliklə də göstərilən icra sənədlərini icra edə bilməməsini işləməməsi və maddi vəziyyətinin pis olması ilə izah edir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan Füzuli Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli 3(064)-434/2023 nömrəli qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarına əlavə edilmiş müvafiq sənədlərin surətləri əsasında 22 aprel 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və onu tərtib etmiş Füzuli RİP-nin böyük icra məmuru X1 məhkəmə iclasında verdiyi izahatında göstərilmiş işin faktiki hallarının iş materiallarında eyni məzmunda öz əksini tapdığını (məhkəmə buna görə də iş materiallarına əlavə edilmiş sənədlərin məzmununu təkrarlamağa zərurət görmür), xüsusilə də sonuncunun borclu Şəxs göstərilən icra sənədini icra etməsi üçün xəbərdarlıq etsə də, sonuncunun icra məmurunun həmin qanuni tələblərini yerinə yetirmədiyini müəyyən edir. Beləliklə, məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməli törətməsi: - məhkəmə iclasında özünün verdiyi etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan sənədlərlə və işin faktiki halları ilə tam sübuta yetirilmişdir. - Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir, məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakteri, onun şəxsiyyətini, təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə səmimi peşmançılıq keçirməsindən ibarət məsuliyyətini yüngülləşdirən halın mövcud olmasını, məsuliyyətini ağırlaşdıran halın müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə onun barəsində 10 (on) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 22 aprel 2024-cü il tarixdən saat 15:45-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Füzuli Rayon Polis Şöbəsinə və Beyləqan Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar