Məhkəmə qərarları › İş №3(064)-242/2024

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-242/2024

24.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-242/2024 24.04.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə, xx.xx.1975-ci ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Füzuli rayonu, Füzuli şəhəri, Əbdül Məmmədov küçəsi ev 27-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 327.1-ci və 333.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Füzuli RPŞ YPX-nin polis serjantı X2 tərəfindən tərtib edilmiş 20 aprel 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs 20 aprel 2024-cü il tarixdə saat 18:47-də «VAZ 21074 minik” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili bir il ərzində təkrar olaraq sərxoş vəziyyətdə idarə etmişdir. Buna görə də Füzuli RPŞ YPX-nin polis serjantı X2 oğlu tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 327.1-ci və 333.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı tərtib edilmiş 20 aprel 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Buna görə də məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: xx.xx.2024-cü il tarixli, 211 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs alkoqol sərxoşluğu vəziyyəti vardır. xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 329.3-cü və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 400 manat məbləğində inzibati cərimə təyin edilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla Şəxs «VAZ 21074 minik” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi öz təsdiqini tapmışdır. Eyni zamanda Şəxs barəsində həm də AR İXM-in 327.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Azərbaycan Respublikası İXM-in: 34.2. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. 327.1. Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. 333.2. Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə - nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, beş yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. AR İXM-də şəxsin eyni vaxtda öz hərəkətləri ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda həmin şəxsin daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməsi nəzərdə tutulmuşdur. Lakin Şəxs barəsində AR İXM-in 327.1-ci və 333.2-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır ki, bunlardan da yalnız 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın baxılması məhkəmənin səlahiyyətinə aiddir. Lakin AR İXM -də bir şəxsin bir neçə inzibati xəta törətdiyi halda (əgər bu əməllərə görə işlərin baxılması eyni orqana aid deyilsə) bu əməllərin daha ciddi inzibati xəta ilə əhatələnməsi halı nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair» 02 noyabr 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, «…inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin….». Odur ki, məhkəmə hazırki iş üzrə AR Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarını və həmin qərarda ifadə olunmuş hüquqi mövqeyini rəhbər tutaraq məhkəmə baxışının hədlərindən bəhs edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsində nəzərdə tutulmuş müddəalarına isnad edilməsini qanunamüvafiq hesab edir. Belə ki, adı şəkilən normada göstərilir ki, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, məhkəmə bu normadan yararlanaraq belə yekun qərara gəlir ki, Şəxs barəsində AR İXM-in 327.1-ci və 333.2-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraatdan 327.1-ci maddə xaric edilməlidir. Məhkəmə onunda qeyd edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 329.3-cü və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 400 manat məbləğində inzibati cərimə təyin edilmiş, lakin qeyd olunan qərar qanuni qüvvəyə minməmişdir. Buna baxmayaraq onun barəsində Azərbaycan Respublikası İXM-in 333.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə həmçinin yuxarıda qeyd olunan normaya əsaslanaraq qərara gəlir ki, Şəxs əməli İXM-in 333.2-ci maddəsindən həmin məcəllənin 333.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə belə qənaətə gəlir ki, Şəxs eyni vaxtda bir neçə inzibati xətanı törətməsi onu deməyə əsas verir ki, o, hələ də qanunlara əməl edilməsi ruhunda tərbiyələnməmişdir. Belə olan halda, onun barəsində sanksiyada nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququnun altı ay müddətə məhdudlaşdırılmasının tətbiq olunması məqsədəuyğundur. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 30-34, 106- 115 və 333.1-ci maddələrini rəhbər tutaraq QƏRAR VERDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.1-ci və 333.2-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraatdan Azərbaycan Respublikası İXM-in 327.1ci maddəsi xaric edilsin. Şəxs əməli Azərbaycan Respublikası İXM-in 333.2-ci maddəsindən həmin Məcəllənin 333.1-ci maddəsinə tövsif edilsin. Şəxs Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətə məhdudlaşdırılsın. Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması müddətinin əvvəli sürücülük vəsiqəsinin müvafiq icra hakimiyyəti orqanına təqdim edildiyi andan hesablansın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar