Məhkəmə qərarları › İş №3(064)-244/2024

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-244/2024

23.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-244/2024 23.04.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ X6 Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Füzuli Rayon Polis Şöbəsinin Yol patrul xidmətinin (bundan sonra – Füzuli RPŞ YPX) baş inspektoru, polis kapitanı X1 iştirakları ilə, xx xxxx 1993-cü il tarixdə Füzulidə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsili, "xxxx" Firmasında operator işləyən, Füzuli rayonu, Füzuli şəhəri, B.Sərdarov küçəsi, ev 71də qeydiyyatda olmaqla, Füzuli rayonu, Füzuli şəhəri, bina 4, mənzil 77-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 332.1-ci, 327.2-ci və 334.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Füzuli RPŞ YPX-nin polis kapitanı X2 tərəfindən tərtib edilmiş 22 aprel 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs 22 aprel 2024-cü il tarixdə saat 18:50-də “VAZ 21074 minik” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobili Füzuli rayonu, Füzuli şəhəri ərazisində sürücülük vəsiqəsi olmadığına görə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan sərxoş vəziyyətdə idarə etmişdir. Buna görə də Füzuli RPŞ-nin YPX-nin baş inspektoru, polis kapitanı X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 332.1-ci, 327.2-ci və 334.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı tərtib edilmiş 22 aprel 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Füzuli RPŞ-nin YPX-nin baş inspektoru, polis kapitanı X2 tərtib etdiyi 22 aprel 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, sürücülük vəsiqəsi olmadığına görə nəqliyyat vasitəsini idarə etmək hüququ yoxdur. O, 22 aprel 2024-cü il tarixdə saat 18:50-də qardaşına məxsus “VAZ 21074 minik” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobili Füzuli rayonu, Füzuli şəhəri ərazisində sərxoş vəziyyətdə, azyaşlı övladını qucağında tutduğu şəraitdə idarə etdiyinə görə polis əməkdaşları onun idarə etdiyi avtomobili saxlamışlar. Polis əməkdaşları onu sərxoş vəziyyətdə olmasına görə “alkotestr” vasitəsilə müayinə etmiş və onun spirtli içki qəbul etməsini müəyyən etmişlər. O, bu halla razılaşmış, buna görə də sərxoşluq halının müəyyən edilməsi üçün həkim müayinəsindən keçməkdən imtina etmişdir. Törətdiyi əməldən səmimi peşimandır. İkinci Qarabağ müharibəsindəki fəal iştirakına görə “Füzulinin azad olunmasına görə“, “Xocavəndin azad olunmasına görə“, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş, himayəsində iki nəfər azyaşlı uşaqları vardır. Buna görə də barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İş materiallarında olan, məhkəmə iclasında elan edilərək tədqiq edilmiş “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” 22 aprel 2024-cü il tarixli protokol və ona əlavə edilmiş qəbzdən görünür ki, Şəxs “alkotestr” vasitəsilə müayinə edilməsi zamanı qanında alkoqolun konsentrasiyasının 1.724 promilli olması müəyyən edilmiş, sonuncu həmin nəticə ilə razılaşaraq həkim müayinəsindən keçməkdən imtina etmişdir. Azərbaycan Respublikası İXM-in 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməli törətməsi: - məhkəmə iclasında özünün verdiyi etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” 22 aprel 2024-cü il tarixli protokol, ona əlavə edilmiş qəbz və digər sənədlərlə tam sübuta yetirilmişdir. - Azərbaycan Respublikası İXM-in 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iş üzrə 22 aprel 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda Şəxs həm də Azərbaycan Respublikası İXM-in 332.1-ci və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilsə də, Azərbaycan Respublikası İXM-in 34.2-ci maddəsində şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda baxılması üçün bunun eyni orqanın səlahiyyətinə aid olması tələb edildiyinə, eləcə də həmin Məcəllənin 43-cü maddəsində 334.1-ci maddədə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması məhkəmənin səlahiyyətinə aid edilsə də, 332.1-ci və 327.2-ci maddələrdə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması məhkəmənin səlahiyyətinə aid edilmədiyinə, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyətinə aid edildiyinə görə iş üzrə inzibati xəta haqqında protokolun Şəxs həm də Azərbaycan Respublikası İXM-in 332.1-ci və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı hissələrinə məhkəmə tərəfindən hüquqi qiymət verilməsi mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Medalının Vəsiqələrinin surətlərindən görünür ki, Şəxs İkinci Qarabağ müharibəsindəki fəal iştirakına görə Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli Sərəncamları ilə “Füzulinin azad olunmasına görə“ və “Xocavəndin azad olunmasına görə“ medalları, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü” medalı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Elektron məhkəmə portalından əldə edilmiş məlumatlardan görünür ki, Şəxs evlidir, atası, arvadı və himayəsində olan 2023-cü il təvəllüdlü iki nəfər azyaşlı uşaqları ilə birlikdə Füzuli şəhərində yaşayır, "xxxx" Firmasında operator işləyir, 345 manat məbləğində əmək haqqı alır. Məhkəmə Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli Sərəncamları ilə “Füzulinin azad olunmasına görə“ və “Xocavəndin azad olunmasına görə“ medalları, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü” medalı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olması və himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasını isə həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs törətdiyi, həmin Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın xarakteri, təqsirinin dərəcəsi, şəxsiyyəti, əmlak vəziyyətini, səmimi peşimançılıq keçirməsi, Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli Sərəncamları ilə “Füzulinin azad olunmasına görə“ və “Xocavəndin azad olunmasına görə“ medalları, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü” medalı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olması və himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasından ibarət məsuliyyətini yüngülləşdirən halların olmasını, məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası İXM-in 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində həmin Məcəllənin 334.1-ci maddəsi ilə 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi kifayətdir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 31-33, 106-115ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 500 (beş yüz) manat inzibati cərimə tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar