Məhkəmə qərarları › İş №3(064)-245/2024

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-245/2024

03.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-245/2024 03.05.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Muxtar oğlunun və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın vəzifəli şəxsi – Füzuli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli rayonu, Alxanlı kəndində qeydiyyatda olmaqla, hazırda həmin ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli Rayon İcra və Probasiya Şöbəsindən (bundan sonra – Füzuli RİP) daxil olmuş 23 aprel 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Füzuli Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 23 aprel 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Məmmədov X4 Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2(056)-325/2019 nömrəli icra sənədinin icrası ilə əlaqədar Füzuli RİP-nin icra məmuru X3 qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə də Füzuli RİP-nin icra məmuru X5 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş 23 aprel 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Füzuli RİP-nin icra məmuru X5 verdiyi izahatında bildirmişdir ki, Sabirabad Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2(056)-325/201 nömrəli icra sənədinə əsasən Şəxs (bundan sonra - borclu) xx.xx.2019-cu il tarixdən etibarən xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul etmiş, borcluya həmin qərarın surəti və tələbin könüllü icrası haqqında bildirişi göndərmişdir. İcra vərəqəsinin icrası ilə əlaqədar borclu Şəxs xəbərdarlıq edilməsinə baxmayaraq o, icra vərəqəsi üzrə borcundan heç bir ödəniş etməmişdir. Hazırda borclu Şəxs 937 manat aliment borcu vardır İcra vərəqəsinin icrası ilə əlaqədar borclu Şəxs alınmış izahatda icra vərəqəsi üzrə borcundan hazırda heç bir ödəniş edə bilməyəcəyini bildirmişdir. Bu isə tələbkarın şikayət etməsinə səbəb olmuşdur. Buna görə də 23 aprel 2024-cü il tarixdə borclu barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında bildirmişdir ki, altı ilə yaxındır ki, övladına aliment ödəyir, aliment borcunun yaranmasına səbəb maddi çətinliyinin olmasıdır, icra vərəqəsi üzrə ödənilməmiş 937 manat aliment borcundan tələbkarın xeyrinə 200 manat məbləğində aliment ödəyir və qalıq aliment borcunu isə tez bir zamanda qaytaracağına söz verir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını nəzərə alaraq, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərin surətləri və işdə iştirak edən şəxslərin izahatlarından müəyyən olunur ki, borclu Sabirabad Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2(056)-325/2019 nömrəli icra sənədi üzrə öhdəliyini yetərli əmlak vəziyyətinin olmaması səbəbindən yerinə yetirməmişdir. Məhkəməni bu qənaətə gəlməsinə əsas borclu tərəfindən tələbkara mütəmadi olaraq təqribən 5 il aliment ödəməsi olmuşdur. Həmçinin məhkəmə icraatı dövründə borclu tərəfindən tələbkara 200 manat məbləğində aliment borcundan ödənilmişdir. Həmin faktı iş materiallarına əlavə edilmiş ödəniş qəbzi təsdiq edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyəti müəyyən edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borclu Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53cü və 105-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar