Məhkəmə qərarları › İş №3(064)-25/2025

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-25/2025

06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-25/2025 06.01.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Füzuli RPŞ-nin polis sahə rəisi polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs1 və onun müdafiəçisi Şəxs2 iştirakı ilə, xx.xx.2001-ci ildə Füzuli rayon, Horadiz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsindən (bundan sonra – Füzuli RPŞ) daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Füzuli rayonu, Horadiz şəhəri sakini Şəxs1, xx.xx.2025-ci il tarixdə saat 17 radələrində Füzuli rayonu Horadiz şəhərində sərxoş vəziyyətdə ictimai yerdə uca səslə nalayiq ifadələr işlədərək mübahisə edib ictimai qaydanı kobud şəkildə pozmuş, intizama dəvət olunsa da, polisin qanuni əmrinə tabe olmamış və xx.xx.2025-ci il tarixdə eyni əməlləri təkrar törətmişdir. Bunun nəticəsində xırda xuliqanlıq edərək polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də Füzuli RPŞ-nin polis sahə rəisi, polis leytenantı X3 tərəfindən Şəxs1 Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Füzuli RPŞ-nin polis sahə rəisi, polis leytenantı X3 məhkəmə iclasında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Füzuli rayonu, Horadiz şəhəri sakini Şəxs1 xx.xx.2025-ci il tarixdə saat 17 radələrində Füzuli rayonu Horadiz şəhərində sərxoş vəziyyətdə ictimai yerdə uca səslə nalayiq ifadələr işlədərək mübahisə edib içtimai qaydanı kobud şəkildə pozmuş, intizama dəvət olunsa da polisin qanuni əmrinə tabe olmamış və xx.xx.2025-ci il tarixdə eyni əməlləri təkrar törətmişdir. Bunun nəticəsində xırda xuliqanlıq edərək polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Əlavə olaraq o, bildirmişdir ki, Şəxs1 əvvəllərdə bu əməlləri törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs1 verdiyi izahatında göstərmişdir ki, o, Füzuli rayonu Horadiz şəhərində qeydiyyatda olmaqla orada yaşayır, subaydır, hal-hazırda işləmir. xx.xx.2025-ci il tarixdə içkili vəziyyətdə Füzuli rayonu Horadiz şəhəri ərazisində səkidə gəzərkən əsəbi olduğuna görə uca səslə söyüş söymüşdür. Bu zaman polis əməkdaşı onun yanına gələrək nəyə görə uca səslə söyüş söydüyünü bildirən zaman orada olan Vüqar adlı şəxs onlara yaxınlaşaraq polis əməkdaşına onun içkili olduğunu demişdir. Polis əməkdaşı Vüqara onun işinə müdaxilə etməməyi və oradan uzaqlaşmasını bildirmişdir. Bu zaman onların aralarında mübahisə yaşanmışdır. Mübahisə zamanı insanlar onların ətrafına toplaşmış və qardaşı Elvin Həsənov da ora gəlmişdir. Elvin hadisəni videoya çəkən zaman polis əməkdaşı ona video çəkməməyi bildirmişdir. Bu zaman orada olan digər polis əməkdaşları qardaşı Elvin Həsənovu oradan uzaqlaşdırmışlar. Həmçinin onları yanına atası Mehman Həsənovda gəlmişdir və o da polis əməkdaşına onu buraxmasını bildirmişdir. Bu hal təxminən 15-20 dəqiqə davam etmiş və polis əməkdaşları onu sakitləşdirərək polis şöbəsinə dəvət etmişlər. Daha sonra xx.xx.2025-ci il tarixdə axşam saat 23 radələrində içkili vəziyyətdə Füzuli rayonu, Horadiz şəhərinin “Saat” adlanan ərazisində polis əməkdaşlarının ünvanına uca səslə nalayiq ifadələrlə söyüş söymüşdür. Bu zaman ərazidə xidmət aparan polis əməkdaşı onun yanına yaxınlaşaraq, özlərini təqdim etmişlər və ona uca səslə nalayiq ifadələr işlədərək söyüş söyməməyini bildirərək, onu nizam-intizama dəvət etmişlər. Lakin o, içkili vəziyyətdə olduğuna görə polis əməkdaşlarının dediklərinə məhəl qoymamış və orada olan polis əməkdaşlarının ünvanına qarşı nalayiq ifadələr işlətməyə davam etmişdir. Daha sonra polis əməkdaşları onu Füzuli Rayon Polis Şöbəsinə dəvət etmişlər. Lakin o, polisə tabesizlik edərək müqavimət göstərmiş və polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməyə davam etdirmişdir. Daha sonra polis əməkdaşları onu Füzuli rayon Polis Şöbəsinə gətirmişlər və o, özündən asılı olmayan səbəblərdən şöbənin inzibati binasının daxilində də polis əməkdaşlarının ünvanına uca səslə nalayiq ifadələr işlədərək öz hərəkətlərini davam etdirmişdir. Hazırda əməlindən peşmandır. Barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs1 müdafiəçisi Şəxs2 bildirmişdir ki, Şəxs1 inzibati xətanı törətdiyini səmimi etiraf edir və əməlindən səmimi peşmandır. Həmin vaxt Şəxs1 içkili olub. Qeyd olunanlara əsasən Şəxs1 barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan şahid Füzuli RPŞ-nin əməkdaşı X2 ifadəsindən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 17 radələrində Füzuli rayonu, Horadiz şəhərində xidmətdə olarkən Horadiz şəhər sakini kimi tanıdığı Şəxs1 bir neçə nəfərlə Kapital bankın yaxınlığında mübahisə etdiyini görmüşdür. Məsələni aydınlaşdırmaq üçün ora yaxınlaşmışdır. Şəxs1 uca səslə nalayiq ifadələr işlədən zaman digər insanların narahat olduğu üçün onu intizama dəvət etmiş, təmkinli olmağını bildirmişdir. Daha sonra Şəxs1 sərxoş vəziyyətdə olduğu üçün onunla mübahisə etməyə başlamışdır. İstifadəsində olan radio rabitə vasitəsi ilə Füzuli rayon Polis şöbəsinin növbətçi hissəsinə məlumat verərək əlavə kömək qüvvə çağırmışdır. Bu zaman o, Şəxs1 Füzuli RPŞ-nə dəvət edən zaman Şəhriyar müqavimət göstərək polisin ünvanına nalayiq ifadələr işlətmişdir. Bu hadisə təxminən 15-20 dəqiqə davam etmişdir. Daha sonra post patrul xidməti əməkdaşları gələrək Şəhriyarı Füzuli RPŞ-nə dəvət edən zaman polisin ünvanına nalayiq ifadə işlədərək müqavimət göstərməyə davanı etmişdir. Şəxs1 Bütün qanuni tələblərə rəğmən asayişi pozmağa davam edərək, polisə müqavimət göstərdiyinə görə həmin şəxs barəsində qanuna müvafiq tədbir görülməsi üçün rayon polis şöbəsinin inzibati binasına gətirilmişdir. Şəxs1 ictimai yerdə nalayiq ifadələr işlətmiş, polisin ünvanına nalayiq ifadələr işlədərək cəmiyyətdə polisi nüfuzdan salmağa çalışmış, eyni zamanda bu hərəkətlərini Füzuli RPŞ-nin inzibati binasında da təxminən 10-15 dəqiqə davam etdirmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs1, protokolu tərtib etmiş şəxsin izahatını, şahid ifadələrini dinləyib və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, Şəxs1 tərəfindən Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi isə inzibati xəta haqqında protokolla yanaşı, şahid ifadələri, eləcə də iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirildiyindən həmin maddələrlə təqsirli bilinərək müvafiq qaydada tənbeh olunmalıdır. Belə ki, iş materiallarında olan: - xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs1 xx.xx.2025-ci il tarixdə saat 17 radələrində Füzuli rayon Horadiz şəhərində sərxoş vəziyyətdə içtimai yerdə uca səslə nalayiq ifadələr işlədərək mübahisə edib içtimai qaydanı kobud şəkildə pozmuş, intizama dəvət onunsada polisin qanuni əmrinə tabe olmamış və xx.xx.2025-ci il tarixdə eyni əməlləri təkrar törətmişdir. Bunun nəticəsində xırda xuliqanlıq edərək polisin qanuni tələblərinə qəsdən tabe olmamış, bunun nəticəsində onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. - bir ədəd diskin yaddaşına yazılmış videogörüntülərdən görünür ki, Şəxs1 xx.xx.2025-ci il tarixdə saat 17 radələrində Füzuli rayonu Horadiz şəhərində sərxoş vəziyyətdə ictimai yerdə uca səslə nalayiq ifadələr işlədərək mübahisə edib ictimai qaydanı kobud şəkildə pozmuş, bu hərəkətlərini polis əməkdaşlarının qanuni tələblərinə baxmayaraq davam etdirmişdir. Həmçinin həmin diskin yaddaşına yazılmış digər videogörüntülərdən görünür ki, Şəxs1 “Tiktok” adlı sosial şəbəkədə polislərin ünvanına nalayiq ifadələr işlətmişdir. - ictimai qaydanın pozulması və polisin qanuni tələblərinə qəsdən tabe olmama ilə nəticələndiyinə görə Azərbaycan Respublikası İXM-in müvafiq olaraq 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs1 həmin maddələrdə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Həmin Məcəllənin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlararasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanınvə ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməs ibaşa düşülür. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər.” Həmin Qanunun 3.2-ci maddəsinə əsasən “Cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görmək polisin əsas vəzifələrindəndir.” Məhkəmə hesab edir ki, Şəxs1 xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması halı, məhkəmə iclasında verilmiş özünün verdiyi etirafedici izahatı, şahid ifadələri və iş materiallarında olan bir ədəd diskin yaddaşına yazılmış videogörüntülər, 03 yanvar 2025-ci il tarixli, 811 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı” və digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən “Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur.” Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Məhkəmə Şəxs1 iş üzrə törətdiyi inzibati xəta əməllərinə münasibədə səmimi peşmançılığını Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə və təqsirini etiraf etməsini həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar, həmin əməlləri sərxoş vəziyyətdə törətməsini isə həmin Məcəllənin 33.17-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs1 həmin Məcəllənin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə səmimi peşmanlığını və təqsirini etiraf etməsindən ibarət məsuliyyətini yüngülləşdirən halları, həmin əməlləri sərxoş vəziyyətdə törətməsindən ibarət məsuliyyətini ağırlaşdıran halı nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində 08 (səkkiz) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilməsi zəruridir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq məhkəmə, Şəxs1 Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs1 eyni vaxtda törətdiyi hər iki inzibati xətaya dair işə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan Şəxs1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və ona 535.1-ci maddəsinin sanksiyası çərçivəsində (daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində) nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs1 Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin. Onun barəsində 08 (səkkiz) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Şəxs1 inzibati qaydada həbs edilməsinin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı xx.xx.2025-ci il tarixdən saat 17:35-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Füzuli Rayon Polis Şöbəsinə və Beyləqan Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar