Məhkəmə qərarları › İş №3(064)-27/2025

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-27/2025

06.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-27/2025 06.02.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 544.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Azərbaycan Respublikası Qida X1 Regional Bölməsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Qida X1 Regional Bölməsi tərəfindən Şəxs barəsində İXMin 544.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqanın (vəzifəli şəxs) nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında protokolda göstərilənlərə uyğun izahat verərək bildirdi ki, AR QTA X2 əməkdaşları tərəfindən fiziki şəxs Şəxs məxsus olan Füzuli rayonu, Qayıdış- 11 qəsəbəsində yerləşən heyvandarlıq təsərrüfatında xx.xx.2024 - xx.xx.2024-cü il tarix aralığında planlı yoxlama aparılması nəzərdə tutulsa da, sahibkarın yoxlamanın keçirilməsinə şərait yaratmadığı üçün yoxlama aparılması mümkün olmamışdır. Odur ki, inzibati xəta törətmiş Şəxs barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan: - KY242257645 saylı sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış əsasında müəyyən olunur ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən sahibkar Şəxs məxsus olan Füzuli rayonu, Qayıdış-11 qəsəbəsində yerləşən heyvandarlıq təsərrüfatında xx.xx.2024 - xx.xx.2024-cü il tarix aralığında planlı yoxlama aparılması AR Ədliyyə Nazirliyi tərəfindən təsdiqlənmişdir; - Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin xx.xx.2024-cü il tarixli QRB-489/2024 saylı yoxlamanın aparılması haqqında qərar əsasında müəyyən olunur ki, yoxlayıcılar məsləhətçi X4 və baş məsləhətçi X3 olmaqla fiziki şəxs Şəxs məxsus olan Füzuli rayonu, Qayıdış-11 qəsəbəsində yerləşən heyvandarlıq təsərrüfatında xx.xx.2024 xx.xx.2024-cü il tarix aralığında planlı yoxlama aparılması nəzərdə tutulub; - Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin məsləhətçisi X4 və baş məsləhətçisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli akt əsasında müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə Füzuli rayonu, Qayıdış-11 qəsəbəsində yerləşən Şəxs məxsus heyvandarlıq təsərrüfatında Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin xx.xx.2024-cü il tarixli QRB-489/2024 saylı yoxlamanın aparılması haqqında qərar və KY242257645 saylı sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış əsasında planlı yoxlama keçirmək üçün sözügedən obyektə yaxınlaşdıqda yoxlama keçirilməsinə şərait yaratmamışdır. xx.xx.2024-cü il tarixdə də eyni hal yaşanmışdır; - Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinə məxsus xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında müəyyən olunur ki, Şəxs barəsində qeyd edilən protokol AR QTA X2 əməkdaşları tərəfindən ona məxsus Füzuli rayonu, Qayıdış-11 qəsəbəsində yerləşən heyvandarlıq təsərrüfatında planlı yoxlama aparılmasına maneəçilik yaratmaqla AR İXM-nin 544.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən yoxlamalar plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) aparılır. Plan üzrə (növbəti) yoxlama sahibkarın sonuncu plan üzrə (növbəti) yoxlamanın başa çatdığı tarixdən, barəsində plan üzrə (növbəti) yoxlamalar aparılmamış sahibkara münasibətdə isə onun dövlət qeydiyyatına alındığı tarixdən cari plan üzrə (növbəti) yoxlamanın başlandığı ana qədər olan fəaliyyət dövrünü, lakin hər bir halda son üç ildən artıq olmayan dövrü əhatə edir. Həmin Qanunun 17-ci maddəsinə əsasən yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır.Yoxlamanın aparılması haqqında qərarda qərarın nömrəsi və tarixi; yoxlayıcı orqanın adı (birgə yoxlama aparılan zaman digər yoxlayıcı orqanların da adları göstərilməlidir); yoxlanılacaq sahibkarın adı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi; yoxlama sahibkarın təsərrüfat obyektində (obyektlərində) aparıldıqda onun (onların) ünvanı; yoxlamanın növü; sonuncu yoxlamanın növü və başa çatma tarixi; yoxlamanın müddəti (başlama və başa çatma tarixləri göstərilməklə); yoxlayıcının (yoxlayıcıların) soyadı, adı, atasının adı və vəzifəsi; plandankənar (növbədənkənar) yoxlama zamanı bu Qanunun 16.1-ci maddəsində göstərilmiş müvafiq hala istinad və yoxlama suallarının siyahısından yoxlanılacaq sualların nömrələri göstərilir. Yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir. Həmin Qanunun 20.1-ci və 20.2-ci maddələrinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Bu Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İnzibati xəta bir neçə əməllə (üsulla, forma ilə) törədilə bilərsə, şəxsin bu və ya digər konkret inzibati xətaya səbəb olan əməli törətməsini məhkəmə müəyyən etməli deyildir. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə) və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə işə baxarkən protokolda qeyd edilən əməlin (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə) şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Konkret əməl (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə) protokolda göstərilmədiyi üçün, məhkəmə səlahiyyətli orqan tərəfindən müəyyən edilməmiş əmələ görə şəxsi inzibati məsuliyyətə cəlb edə bilməz. Səlahiyyətli orqanın protokol tərtib edərkən, şəxsin bu və ya digər hər hansı bir dəqiq göstərilməyən qeyri-müəyyən əməli törətməsini nəzərdə tutmasını məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Konkret əməl İXM-də inzibati xəta kimi müəyyən edilmişdirsə və şəxsin həmin əməlin törədilməsində təqsiri İXM-lə müəyyən edilmiş qaydada sübuta yetirildikdən sonra inzibati məsuliyyətə cəlb edilə bilər. Protokolda şəxsin ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan konkret hansı əməli (hərəkət və ya hərəkətsizlik) törətməsi göstərilməli və həmin əməlin İXM-in hansı maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta olması protokolda öz əksini tapmalıdır. Konkret göstərilməyən, dəqiqləşdirilməmiş əməlin düzgün olub-olmamasını yoxlamaq da mümkünsüzdür. Beləliklə şəxsin hər hansı bir konkret əməlin törədilməsində təqsiri İXM-lə müəyyən edilmiş qaydada sübuta yetirilmədən inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXMin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. Belə ki, Məhkəməyə təqdim edilmiş disk formatında foto və video görüntülər xx.xx.2024-cü il tarixdə aparılmış yoxlama zamanı qeydə alınıb. Həmin görüntülər əsasında müəyyən olunur ki, sahibkar Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin əməkdaşları tərəfindən çəkiliş aparılmasına heç bir maneəçilik törətməyib və yoxlama zamanı əməkdaşlar tərəfindən müvafiq çəkilişlər aparılıb. Daha sonra sahibkar sənədləşmə ilə bağlı nə lazımdırsa etməyə hazır olduğunu bildirib və işinin çox olması səbəbindən yoxlamanın tezliklə yekunlaşdırılmasını tələb edib. Sonrakı mərhələdə aktlaşma ilə bağlı qarşılıqlı dialoq zamanı tərəflər arasında mübahisə yaranıb. xx.xx.2024-cü il tarixdə sahibkar tərəfindən təkrar olaraq yenə də yoxlamanın keçrilməsinə maneəçilik törədildiyi bildirilsə də, həmin tarixli yoxlama prosesinə dair foto və video görüntülər iş materiallarına əlavə edilməmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqanın (vəzifəli şəxs) nümayəndəsi Qanuni nümayəndə Məhkəmənin sualına cavab olaraq bildirdi ki, xx.xx.2024-cü il tarixə nəzərdə tutulmuş yoxlama prosesi ilə bağlı görüntülər mövcud deyil, belə ki, sahibkarla əlaqə saxlanılmış və o, eyni hərəkətləri nümayiş etdirəcəyini bildirmiş və belə olan halda da Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin əməkdaşları tərəfindən yoxlamanın keçirilməsindən imtina edilmişdir. Məhkəmə iş üzrə dindirilmiş nümayəndənin izahatında qeyd edilən halların iş materialları ilə öz təsdiqini tapmadığını nəzərə alaraq, inzibati xəta törətməkdə təqsirləndirilən şəxs Şəxs inzibati xəta törətməkdə təqsirinin sübuta yetirilmədiyi, inzibati xəta hadisəsinin mövcud olmadığı qənaətinə gəlir. Məhkəmə, həmçinin hesab edir ki, iş materialları və tərəflərin izahatından Şəxs məxsus olan heyvandarlıq təsərrüfatında yoxlama aparılarkən yoxlamanı keçirən orqan tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun” 14, 17 və 20-ci maddələrinin tələblərinin pozulduğu müəyyən olunur. Məhkəmə hesab edir ki, məhkəmə araşdırmasının nəticəsi olaraq barəsində inzibati protokol tərtib edilmiş Şəxs ona istinad edilən inzibati xətanı törətməsi qənaətinə gəlmək olmaz. Belə olan halda Məhkəmə hesab edir ki, Şəxs qeyd olunan inzibati xətanı törətməsi faktı sübuta yetmədiyindən, AR İXM-nin 53.0.1-ci maddəsinə əsasən onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq QƏRARA A L D İ: Şəxs hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar