Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-281/2023 23.06.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Füzuli RPŞ-nin polis sahə rəisi polis leytenantı X1, Füzuli RPŞ YPX-nin inspektoru polis baş serjantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1991-ci ildə Daşkəsən rayonu, Mollahəsənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Göygöl rayonu, Yeni Qızılca kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 333.1, 342.2.2, 342.5 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilir ki, Şəxs xx.xx.2023-cü il tarixində saat 18 radələrində narkotik vasitənin təsri altında polis əməkdaşları ilə mübahisə edərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla yanaşı, xx.xx.2023-cü il tarixli İXP № ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilir ki, Şəxs xx.xx.2023-cü il tarixində saat 21:50 radələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci, 333.1-ci və 342.2.2-ci maddələrində nəzərdə tutulmuş inizbati əməlləri törətmişdir. Məhkəmə iclasında: Füzuli RPŞ-nin polis sahə rəisi polis leytenantı X3 bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixində saat 18 radələrində narkotik vasitənin təsri altında polis əməkdaşları ilə mübahisə edərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Ona görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Füzuli RPŞ YPX-nin polis baş serjantı X4 bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Füzuli rayonu, Horadiz şəhərində xidmətdə olarkən “Kamaz” markalı, ** GY *** dövlət qeydiyyat nişanlı yük avtomobili əlavə avadanlıq quraşdırılması ilə bağlı saxlanılmışdır. Sürücü nəqliyyat vasitəsini saxlamış, həmin vaxt o, sərxoş vəziyyətdə olduğundan YPXnin inspektoru Vüqar Əhmədov həmin nəqliyyat vasitəsini duracağa aparmaq istəyərkən, yük avtomobilinin sürücüsü Şəxs nəqliyyat vasitəsinə əyləşib RPŞ-yə gəlməkdən imtina edib nəqliyyat vasitəsi ilə uzaqlaşıb getdi. Bundan sonra, o, radiostansiya vasitəsilə kömək çağırmışdır. Post-patrul və YPX-nin əməkdaşlarının köməyi ilə nəqliyyat vasitəsi saxlanılsa da sürücü avtomobildən düşməkdən imtina edərək mübahisə etmişdir. Onu sakitləşdirməyə çalışsalar da sürücü onun qanuni tələbinə qəsdən tabe olmamışdır. Daha sonra Post-patrul xidmətinin köməyi ilə nəqliyyat vasitəsi duracağa yerləşdirilmişdir. Sürücü Şəxs yoxlanılan zaman narkotik vasitənin təsirində olması müəyyən olundu. Ona görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 342.5, 333.1 və 342.2.2-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək bildirdi ki, yük avtomobilini idarə edərkən narkotik vasitədən istifadə etdiyi üçün YPX əməkdaşları onu saxlatdırsalar da qorxusundan avtomobili dayandırmaqdan imtina etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil Şəxs yüngül inzibati tənbeh tədbiri təyin olunmasını xahiş etdi. İnzibati xəta haqqında iş materialına əlavə edilmiş 22 iyun 2023-cü il tarixli, 182 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs alkoqol sərxoşluğu vəziyyəti, eləcə də narkotik vasitələrin, psixotrop maddələrin istehlakı nəticəsində yaranmış sərxoşluq vəziyyəti vardır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən proses iştirakçılarının izahatları ilə Şəxs Azərbaycan Respublikası İXM-in 333.1, 342.2.2, 342.5 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi məsələsini müzakirə edərkən onun inzibati məsuliyyətini yüngülləşdirən halları və ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası İXM-in: 333.1. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. 342.2. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni: 342.2.2. normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə; 342.5. Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə edilir. 535.1-ci maddəsində göstərilir ki, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Bununla yanaşı, Azərbaycan Respublikası İXM-in: 9.1-ci maddəsində deylir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinin tələbinə görə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 34.2. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair» 02 noyabr 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, «…inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin….» Odur ki, məhkəmə hazırki iş üzrə AR Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarını və həmin qərarda ifadə olunmuş hüquqi mövqeyini rəhbər tutaraq məhkəmə baxışının hədlərindən bəhs edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsində nəzərdə tutulmuş müddəalarına isnad edilməsini qanunamüvafiq hesab edir. Belə ki, adı çəkilən normada göstərilir ki, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, məhkəmə bu normadan yararlanaraq hesab edir ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraatdan AR İXM-in 342.5 və 342.2.2-ci maddələri xaric edilməlidir. Bununla yanaşı, məhkəmə törədilmiş digər inzibati xətaların xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, davranışını və işin digər hallarını nəzərə alaraq Şəxs təqsirli bilindiyi AR İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini və AR İXM-in 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd edir ki, Şəxs eyni vaxtda bir neçə inzibati xətanı törətməsi onu deməyə əsas verir ki, o, hələ də qanunlara əməl edilməsi ruhunda tərbiyələnməmişdir. Belə olan halda, məhkəmə bu qənaətə gəlir ki, Şəxs barəsində sanksiyada nəzərdə tutulmuş ağır tənbeh tədbiri olan inzibati həbsin tətbiq olunması onun şəxsiyyətinə uyğundur. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 206, 334.1, 510 və 535.1-ci maddələrini rəhbər tutaraq, QƏRAR VERDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 333.1, 342.2.2, 342.5 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraatdan Azərbaycan Respublikası İXM-in 342.2.2 və 342.5-ci maddələri xaric edilsin. Şəxs Azərbaycan Respublikası İXM-in 333.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsi ilə 400 manat inzibati cərimə və Azərbaycan Respublikası İXM-in 535.1ci maddəsi ilə 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən, Şəxs daha ciddi xəta olan Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə 8 (səkkiz) gün müddətinə inzibati həbs təyin edilsin. İnzibati həbsetmənin əvvəli xx.xx.2023-cü il saat 19:20-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Füzuli RPŞ və Beyləqan RPŞ MSY-ə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №3(064)-281/2023
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-281/2023
23.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver